Tağı Əhmədov “aristokratların xəstəliyi”ndən müalicə olunur (VİDEO)
Hakim partiyanın Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun səhhəti ağırlaşıb, sağlıq durumunda ciddi problem yaranıb. Tağı Əhmədov Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Məlumata görə, Tağı Əhmədovun ayaqlarının tutulmasına səbəb ağır şəkər xəstəliyi olub. Hazırda metropoliteinin keçmiş rəisinin durumunun ağır olduğu bildirilir.
Azərbaycanda hər il 10-20 min yeni diabetli xəstə qeydə alınır. Əhali genetik olaraq da bu xroniki xəstəliyin daşıyıcısıdır.
Tağı Əhmədov bir müddət öncə Medicina.az-a xəstəliyi barəsində danışmışdı. Etiraf etmişdi ki, pəhrizə əməl etməyib, normadan artıq qidalar yedikdə şəkəri, təzyiqi qalxır. Diabeti "aristokratların xəstəliyi” də adlandıran Tağı Əhmədov onunla "yola getdiyini” söyləmişdi.
Şəkərli diabet mədəaltı vəz adlı kiçik orqandan qaynaqlanan problem olsa da, 10 il ərzində təsir etmədiyi orqan və sistem qoymur. II tip şəkərli diabetin fəsadları:
Böyrək, göz, beyin, ürək-qan damar sistemi zədələnərək korluq, infarkt, insult, ayaq amputasiyası, böyrək çatışmazlığına qədər gətirib çıxararaq ölümlə nəticələnir.
Qanda qlükozanın yüksəlməsi xırda damarları, iri damarları, sinir uclarını, neyronları zədələyir. Bu adamlarda bütün bədən boyu qan dövranı və sinir keçiriciliyi pozula bilər.
Ayaqlar niyə itirilir?
Əlilliyə aparan ağırlaşmalardan biri də diabetik neyropatiyadır, bu zaman ayaqlarda qan dövranı kəskin pozulur, sinirlər zədələnir, hissiyat itir, sağalmayan yaralar, qanqren əmələ gəlir, ayaqlar göyərir. Hərəkətdə çətinlik yaranır, qıcolmalar, tutulmalar olur.
Bütün diabet xəstələrinin ildə 2 dəfə ayaqları yoxlanmalıdır. Təkcə şəkərə qarşı dərman, insulin qəbul etməklə məsələ həll olunmur. Gözlərdən tutmuş ayaqlara kimi hər orqan nəzarətdə olmalı, ayrı-ayrı həkimlərin müalicəsi olunmalıdır. Diabetik neyropatiya tam hərəkətsizlik və ya sağalmayan yaralar ayaqların amputasiyası ilə nəticələnə bilər. Azərbaycanda bir çox məşhur insanlar şəkərli diabetin məhz bu ağırlaşmasına görə yataq xəstəsi olublar. Şəkər xəstələri digər insanlardan daha çox insult və infarkt riski daşıyır. Ölümlərin 90% -i də məhz ürək, beyin və böyrək damarlarının tutulmasından baş verir. Qanda şəkər normal olmadıqca, pəhriz gözlənilmədikcə, orqanizmə hər gün yüksək miqdar qlükoza sıçradıqca, bu problemlər bir o qədər sürətlə və çox baş verir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər