Tanınmış şair, "El bizim, sirr bizim” verilişinin aparıcısı Səhər Əhməd təhdid olunduğunu açıqlayıb.
Qaynarinfo xəbər verir ki, o təhdid olunduğunu və bununla bağlı polisə müraciət etdiyini yazıb:
"Aparıcısı olduğum verilişin keçən həftə yayımlanan buruaxılışında qadınları təhqir edənlərə qarşı kəskin irad tutduğuma görə neçə gündür təhdidə məruz qalıram. Adıma saxta profillər açılır. Dünən axır ki, təhdidlərin birində ipucu verilib. Şəklim paylaşılaraq altına: "Sən filankəsi verilişdə incitmisən" yazıblar. Axşam 102 xidmətinə zəng etdim, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin elektron poçtuna şikayət məktubu ünvanladım”.
Səhər Əhməd qeyd edib ki, səhhətiylə bağlı çox həssas durumda olduğu üçün vəziyyəti pisləşib:
"Gərgin və əsəbi durumdayam. Həyatım üçün ciddi təhlükə olduğunu düşünürəm".
Övladlarının mənəvi zərbə aldığını qeyd edən şairə məsələ ilə hüquq-mühafizə orqanlarının məşğul olduğu üçün hələlik mətbuata konkret ad çəkmək istəmədiyini bildirib:
"Şərəf və ləyaqətimi alçaldan insanın cəzalanmasını istəyirəm. İşlə hüquq-mühafizə orqanları məşğul olur deyə, konkretləşdirmirəm. Təkcə onu deyim ki, mən Azərbaycan qadınlarını təhqir edən biriylə mübahisə edəndən sonra bu proses başlayıb".
Şərhlər