Elman Eldaroğlu

Blogger
Yazılar
73
Tanrının pıçıltısını SÖZə çevirən insan

Tanrının pıçıltısını SÖZə çevirən insan

Texniki tərəfləri öz yerində, şeir əgər ruha sığal çəkə bilmirsə sadəcə söz yığınıdır. Poeziya o zaman qüdrətli olur ki, insanı sehrləyə bilir. Və bu sehr müvəqqəti də olsa oxucunu saflaşdırır, aydın düşünməyə vadar edir. Elçin Mirzəbəyli siyasətçi kimi sıradan biri, jurnalist kimi peşəkar ola bilər, amma bir şair kimi bu gün ölkədə ən mükəmməl poeziya nümunələri yarada bilən beş-on insandan biridir.

Gözlərini açıb görəsən
Goy üzü yaxından yaxındı sənə.
Bir ilıq meh əsib
Son nəfəs kimi
Son dəfə...
Son dəfə toxundu sənə.

Bir gün
əllərini açıb görəsən...
dualar ovcunda işığa dönüb.
Bütün arzuların körpədi hələ,
Bütün ümidlərin uşağa dönüb.

…Bir gün yaşayasan…
Elə bir gün ki,
Üstünə 100 ilin savabı gələ.
Sonra da…
ölümə məktub yazasan
"Səni gözləyirəm” cavabı gələ.

"Bir gün” adlandırdığı bu şeir bir romana bərabər əsər deyilmi? Onun "Elə darıxasan” şeirini həyacansız oxumaq mümkündürmü?

Elə darıxasan
Sözün dilindən
Asıla...
Dilinin ucu göynəyə.
Gözünə çəkəsən bütün yolları,
Çəkəsən...
Gözünün içi göynəyə.

Elə darıxasan...
Bir udum suya
Təşnətək
bir sözə təşnə olasan.
Yollar ayrıcında daşa dönəsən -
Heç kimin olmayan
Heç nə olasan.
Dönüb künc olasan, bucaq olasan
İllərlə üstünə ayaq dəyməyə.
Min yerdən çat verən dodaq olasan -
Bir əl toxunmaya, dodaq dəyməyə.

Elə darıxasan...
Nəfəsin çıxa
Yarı tüstü kimi, yarı od kimi.
Şərqi oxuyasan Ay işığına
Yarı adam kimi, yarı qurd kimi.

Elə darıxasan...
Tanrı özü də
Baxıb təkliyindən üşüyə sənin.
Tutub əllərindən çəkib apara,
Apara bir isti köşəyə səni…

Görün, necə ustalıqla qəzəbini ifadə edə bilib. Sanki bu sözlər nifrətdən deyil, sevgidən qaynaqlanır, daha çox duaya bənzəyir…
Elçin Mirzəbəylinin şeirləri rəngarəngdir- Ağı, qarası, yaşılı, göyü, qəhvəyisi, qırmızısı, sarısı var. Məsələn, bu şeir qəhvəyi rəngdədir:

Başını yastıqda bilərsən, kimsə
Altına bir edam kötüyü çəkər...
Ümidin sonuncu mərmiyə qalar –
Sonuncu ümidin tətiyi çəkər.

Ağrıdan çat verər yenə ürəyin -
Yenər ağrıları,
Yenər ürəyin,
Barıt çəlləyinə dönər ürəyin
İçində sevdalar fitili çəkər...

Sıyrılıb ömrünün son baharından,
Bir gün xəzan vurmuş arzularından
Özünü asarsan,
Arzuların da
Ayağın altından kətili çəkər...

Sınar əzabların – sınar dözümün,
Yuyar göz yaşları, yuyar üzünü...
Sevdiyin qadın da yumar gözünü -
Üstünə sevdiyin örtüyü çəkər...

Bu isə qırmızı:

Hanı sevgi qoxuyan,
Hanı çiçək adamlar?
Yarınağıl adamlar,
Yarıgerçək adamlar.

Göylərəmi çəkildi?
Buludamı büküldü?
Xəzan vurdu...
Töküldü.
Ləçək-ləçək adamlar.

Yol göründü...
Yol-ümüd.
Kimə məzar, kimə yurd...
Yedi bizi yarıqurd.
Yarıböcək adamlar...

Bu şeirin ağ rəngdə olduğu saflığında, duruluğundadır:

Ya Rəbb, deyəcəyim söz də qalmadı,
Nə mən danışanam,
Nə sən duyansan.
"Ömürdü, həyatdı…”, - dedim,
Olmadı -
Hər nədir, adını özün qoyarsan.

Neyləyim, verdiyin su ömrü deyil
Yağışda danışım, seldə danışım.
Ya mənim dilimdə yaz taleyimi,
Ya da...
Sən bildiyin dildə danışım...

Göy üzü yorulub dualarımdan -
Bəlkə süzgəcindən keçmir, İlahi?
Mən hər gün ömrümün son baharından
Köçürəm,
Vücudum köçmür, İlahi.

Nə hesab soranam, nə hesab yazan -
Varlığım kimsəyə qənim ki, deyil.
Daha yol qalmayıb
Yolundan aza -
Bu sənin dünyandı, mənimki deyil.

Bəli, Elçin Mirzəbəyli yaradıcılığı özündə müxtəlif rəngləri ehtiva edən şeirlərdən ibarətdir. Onları həyacansız oxumaq olmur. Əslində, bu şeirlərin təhlilə ehtiyacı yoxdur. Hər biri gözəl poeziya nümunəsi, Tanrının SÖZlərə çevrilən pıçıltılarıdır...

Elman Eldaroğlu

OXŞAR XƏBƏRLƏR