Səfəvi hökmdarı Şah İsmayıl Xətainin atası Şeyx Heydərin məqbərəsi dağılmaq üzrədir.
"Qaynarinfo"nun məlumatına görə, bu barədə hüquqşünas Xalid Bağırov yazıb. O, qeyd edib ki, uzun axtarışlardan sonra Şeyx Heydərin Xızı rayonunun Şıxlar kəndində yerləşən məqbərəsini tapıb, lakin məqbərə baxımsız vəziyyətdədir.
Hüquqşünas dağılmaq üzrə olan məqbərənin fotolarını sosial şəbəkə hesabında paylaşıb.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin rəhbəri Rahibə Əliyeva məsələ ilə əlaqədar Qaynarinfo-ya açıqlama verib. O, bərpaya ehtiyacı olan abidələrimizin çox olduğunu və onlar barəsində Mədəniyyət və Turizm Nazirliyinə təkliflər göndərdiklərini bildirib:
"Doğrusu dediyiniz abidə barədə məlumatsızam. Amma təkcə həmin abidə deyil, ümumiyyətlə pis vəziyyətdə olan abidələrimiz çoxdur. Biz bərpaya ehtiyacı olan abidələrlə bağlı təkliflərimizi hazırlayıb Mədəniyyət və Turizm Nazirliyinə göndəririk. Maliyyə məsələləri və təmir işlərinə onlar nəzarət edir. Hətta bununla bağlı nazirlikdə yeni şöbə də yaradılıb. Nardaranda "Qum hamamı" var ki, onunla bağlı təklif göndərmişik. Həmin abidə demək olar ki, qum laylarının altında qalıb. İsmayıllıda bu yay Alban məbədi gördük. Həmin abidə də pis vəziyyətdədir. Bir tərəfi uçub. Onunla bağlı da təklif vermişik. Sovet dövründə onun üz hissəsi restavrasiya edilərək kilsə kimi istifadə olunması üçün ermənilərin ixtiyarına verilib. Lakin 12-ci əsrə aid olan bu abidə erməni kilsəsi deyil, alban məbədidir. Hazırda yarısı uçulmuş abidənin əhatəsində yaşayan insanların hamısı qaçqın və məcburi köçkünlərdir. Onlar da bunun erməni abidəsi olduğunu düşünüb, bir az da dağıdırlar, içərisinə heyvan ötürürlər. Mən orada onlara sübut etdim ki, bu abidə heç də erməni kilsəsi deyil. Kilsə kimi istifadə edilmiş ola bilər, amma açığını deyək ki, məscid kimi kilsə də Allahın evidir. Onu da qorumağı bacarmalıyıq. Düzdür orada olanda İsmayıllının İcra Hakimiyyəti ilə danışıb, abidənin mühafizə edilməsi lazım olduğunu söylədik, amma qorunmasa bir müddətdən sonra kənd əhalisi oranın daşlarını da aparıb tikintidə istifadə edəcək.
Həmçinin Nardaranın böyük bir ərazisində yer altında qədim kənd yatır. Təsəvvür edin ki, Nardaran əvvəllər başqa bir yerdə olub və o kənd də hazırda qumun altındadır. Həmin ərazidə arxeoloji qazıntıların aparılması mütləqdir. Orada abidələrin bir hissəsini külək üzə çıxarıb. Bərpa edilsə, yaxşı turizm bölgəsi ola bilər. Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru ilə də bu barədə danışıqlarımız olub. Yenə də məsələ maliyyə ilə əlaqələndirilir.
Düzdür, abidələrimizin bir çoxu bərpa olunur. Məsələn, Mis kəndindəki abidələr, Kiş abidələri bərpa olunub. Bərpa işləri mərhələli şəkildə aparılır. Amma bu abidələrə növbə çatınca, yəqin ki, uçub dağılacaqlar. Bunları da nəzərə almaq lazımdır".
Çingiz Səfərli
Şərhlər