Ötən əsrin əvvəllərində ABŞ-da Bobbi Danbar adlı 4 yaşlı uşağın başına gələn hadisə bu günə qədər ən ilginc olaylardan biri hesab edilir.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, 1912-ci ilin avqust ayında ailəsi ilə birlikdə ABŞ-ın Luiziana ştatındakı Sueyzi gölünə balıq tutmağa gedən Danbar yoxa çıxır. Dövrün qəzetləri yüzlərlə könüllünün göldə axtarış apardığını, hətta timsahların qarnını belə yırtıb baxdıqlarını, lakin uşağı tapa bilmədiklərini yazır. O zaman Bobbi Danbarı tapıb gətirənə 30 min dollar mükafat veriləcəyi barədə elan dərc edilir.
8 ay boyunca ölkənin hər yerində axtarışlar aparılır və nəhayət 8 aydan sonra Bobbi Missisipi ştatında Uilyam Volters adlı bir piano ustasının yanında tapılır. Volters uşağın Bobbi olmadığını və yanında çalışan Culiya Anderson adlı qadının 2 günlük gəzintiyə getdiyi üçün onun yanına qoyduğu uşağı Brüs olduğunu söyləyir. Lakin sonradan məlum olur ki, Culiya Anderson iki gün deyil, 13 aydır uşağını görməyib. Bu səbəbdən Volters həbs edilir. Tapılan uşağın anası olduğunu iddia edən Anderson isə vəkil xərclərini qarşılaya bilmədiyi üçün məsələnin mühakimə yolu ilə həll edilməsini istəyir. Uilyam Volters isə şahidlər gətirməsinə baxmayaraq, uşağın atası olduğunu sübut edə bilmir və uşaq oğurluğuna görə 2 il müddətinə azadlıqdan məhrum edilir.
Uşaq tapılmışdı, lakin müxtəlif iddialar irəli sürülürdü. Nəhayət ailə Missisipiyə çağırılır. Bobbinin qardaşı Alonzonun onunla səmimi hərəkətləri mediada "Qardaşını tanıdı" başlığı ilə xəbər kimi yayımlanır və uşaq Danbar ailəsinə verilir. Uzun illər keçir və Bobbi Danbar 1966-cı ildə vəfat etdikdən sonra onun Marqaret adlı nəvəsi hadisəni araşdırmağa qərar verir. O, "Assoşieyted Press" müxbirlərindən birini DNT testini etdirməyə razı salır. 2004-cü ildə aparılan DNT testinin nəticəsi mənfi çıxır və məlum olur ki, Brüs əslində Bobbi deyilmiş.
Hadisənin baş verdiyi ilk günlərdə yüzlərlə insanın araşdırması nəticəsində bir ayaq izi tapılmışdı. Həmin iz dəmiryolu xəttinə doğru gedirdi. Bobbidən geriyə qalan yeganə sübut da bu idi. Həmin gün Bobbinin başına nə gəldiyi bu gün də sirr olaraq qalmaqdadır...
Çingiz Səfərli
Şərhlər