II Dünya müharibəsinin buz kimi sularında yaşananlar yalnız hərbi strategiyalarla məhdudlaşmırdı. Alman donanması "Kriegsmarine”ə məxsus 1 162 sualtı qayığın okeanlarda fəaliyyət göstərdiyi illər dənizçilik tarixinin ən qanlı qarşıdurmalarına səhnə olub.
Qaynarinfo xəbər verir ki, müttəfiq gəmilərinə ciddi zərbələr vuran "U-bot” donanması müharibə boyu 3 mindən çox gəmini suların dərinliyinə qərq etdi. Lakin bu nəhəng donanmadan qalan ən sarsıdıcı hekayə hərbi qələbədən çox, dəniz dibində səssizcə gözləyən bir fəlakətlə bağlıdır. 9 fevral 1945-ci ildə "U-864” və "HMS Venturer” arasında baş verən qarşıdurma hər iki tərəfin tamamilə suyun altında olduğu halda yaşanan tarixdə yeganə sualtı dueli kimi qeydə alınıb.
Bu qeyri-adi toqquşmanın mərkəzində ingilis leytenant Cimmi Londersin komandanlığı altındakı "HMS Venturer” dayanırdı. Şetland adalarından yola çıxan Britaniya sualtı qayığı almanların "Sezar əməliyyatı” çərçivəsində Yaponiyaya olduqca mühüm yük daşıdığı barədə məlumat almışdı. Alman "U-864” sualtı qayığı mühərrikindəki texniki nasazlıq səbəbindən suyun altında səs-küy yaratdıqda Britaniya tərəfi tərəfindən aşkar edilib.
Təxminən üç saat davam edən gərgin izləmədən sonra leytenant Londers əlindəki bütün torpedoları eyni anda buraxaraq böyük riskə gedib. Dördüncü torpedo alman sualtı qayığını iki yerə bölərək 73 nəfərlik heyətlə birlikdə dərinliklərə batırıb. Lakin bu hərbi uğur yarım əsr ərzində diqqətdən kənarda qalan nəhəng ekoloji böhranın əsasını qoyub.
Okeanın qəlbində saatlı bomba: 65 ton civə
Sualtı qayıq qalıqları adətən sadəcə paslanan metal yığınları kimi qiymətləndirilsə də, "U-864”ün vəziyyəti daha təhlükəli miqyas alıb. Gəmi Yaponiyaya partlayıcı istehsalı üçün göndərilən 65 ton maye civə daşıyırmış. Polad silindrlərdə saxlanılan bu ölümcül yük sualtı qayıq batdıqdan sonra Norveçin Fedye adası yaxınlığında, təxminən 150 metr dərinlikdə dəniz dibində qalıb.
Qəzanın yeri yalnız 2003-cü ildə müəyyən edilib. Bu müddət ərzində duzlu suyun təsiri ilə korroziyaya uğrayan silindrlər sızdırmağa başlayıb. İllik olaraq ətraf mühitə yayılan civənin miqdarı 4–5 kiloqram civarında olsa da, bu həcm belə bölgədəki dəniz ekosisteminə və dolayısı ilə insan sağlamlığına ciddi təhlükə yaradır.
Norveç hökuməti problemin miqyasını anladıqdan sonra ərazini balıqçılığa bağlayıb və həll yolları axtarmağa başlayıb. Qalıqların suyun üzərinə çıxarılması paslanmış silindrlərin tam parçalanma riski səbəbindən olduqca təhlükəli hesab edildiyi üçün bu variantdan imtina olunub. Alimlər və mühəndislər Çernobıldakı nüvə reaktorunun üzərini örtən konstruksiyadan ilhamlanaraq qalıqların üstünün nəhəng örtüklə möhürlənməsi qərarına gəliblər. Təxminən 32 milyon dollarlıq layihə çərçivəsində qəza yerinin ətrafı qum, beton və daş yığınları ilə örtülərək civənin yayılmasının qarşısı alınır.
Hazırda ekoloji fəlakətin qarşısını almaq üçün görülən işlər yeni mərhələyə qədəm qoyur. 2026-cı ildən etibarən Norveç hökumətinin təhlükəsiz şəkildə çıxarıla bilən civəni təxliyə etməsi və qalan hissələri daimi olaraq möhürləməsi nəzərdə tutulan genişmiqyaslı əməliyyata start verilməsi planlaşdırılır. Müharibənin bitməsindən onilliklər keçməsinə baxmayaraq, həmin dövrdən qalan bu ağır miras təbiətin qorunması üçün müasir texnologiyaların bütün imkanlarını səfərbər etməyi zəruri edir.
Aydın
Şərhlər