Düzü, doktor Pezeşkian hakimiyyətə gələndə müəyyən şübhələr və tərəddüdlər vardı. Çoxu belə düşünürdü ki, bu da yəqin "fars qafalı” cənublulardandır və islahatçılığı da siyasi blefdən savayı bir şey deyil.
Ona görə ki, məşhur islam inqilabından sonra (əslində bunu İranın faciəsi adlandırmaq lazımdır!) İranda "islahatçı” adı altında çox adam hakimiyyətə gəlib və onların "islahatları” göz qabağındadır.
Bəli, sübut-dəlil üçün uzağa getmək lazım deyil, İran sözün əsl mənasında "izqoy” dövlətə çevrilib, hamı ondan üz döndərib, ən əsası isə ölkə vətəndaşlarının ən elementar tələblərini, hətta işığa, suya, daha nə bilim nəyə, tələbatını təmin edə bilmir. Odur ki, bir daha deyirik: Pezeşkianla bağlı da müəyyən şübhələr vardı. Nəinki adi siyasi müşahidəçilər, hətta prezident Ərdoğan kimi təcrübəli, necə deyərlər, quşu dimdiyindən tanıyan böyük siyasətçilər İranın yeni, doktor prezidentini bir azca soyuq qarşıladılar.
Nəticələrlə tələsmək fikrində olmasaq da, artıq xeyli əsas var ki, onlar Pezeşkianın İranın siyasətini, tək regional yox, hətta daxili siyasətini də dəyişmək istədiyini deməyə əsas verir.
COP29 zamanı o, Bakıya gəlmədi və hamımız çox məyus olduq. Amma sonradan Pezeşkian Azərbaycana səfərini reallaşdıra bildi.
Üstəlik, bizim Azərbaycanla, regionla, cənublularla bağlı çox xoş sözlər dedi və hazırda da deyir.
Təkcə onun ölkəsinin region dövlətləri, Azərbaycanla münasibətlərilə bağlı dediklərini diqqətə gətirmək yetər.
Bu adam deyir ki, Azərbaycanla bağlı problemimiz varsa, bu, ilk növbədə bizim günahımızdır. Necə olur ki, uzaq İsrail Azərnbaycanla normal, sıx əlaqələr qurur, bizsə bunu burdan-bura edə bilmirik?
Bəli, digər bəyanatları və milli-cənublu jestləri kimi Pezeşkianın son sözləri də iranlı mühafizəkarların, fars şovinistlərinin böyük müqavimətilə qarşılaşdı. Həqiqətən də çətindir. Xüsusən də ona görə çətindir ki, fars təfəkkürlü insanları başa düşürük, amma bizim cənublu ruhani elitasını, xüsusən də indiki ali dini lider Seyid Əli Xameneyini başa düşə bilmirik ki, bilmirik!
Lap sırf milli hislər bir tərəfə qalsın, bu adamlar fasiləsiz şəkildə müsəlmanlıqdan, dindən-islamdan, dini qardaşlıqdan danışırlar. Amma yarım əsrlik islam inqilabı dövründə real olaraq ortalıqda nə var?
Hətta müsəlman dövlətlərinin əksəriyyətilə, ö cümlədən də şimal Azərbaycanı, hətta şimallı azərbaycanlılarla açıq-aşkar düşmənçilik aparılır! Onların öz cənublu azərbaycanlılarına normal müasibəti varmı? Əsla! Ruhani elitası, iranlılar cənublulara öz milli köklərini unutdurmaq üçün daha hansı təzyiqləri etmirlər! Budurmu müsəlman qardaşlığı?..
Belədə isə, İran ruhani rejimi yarım əsrdir ki, mövcuddur. Bu illər ərzində bunlar nəinki region dövlətlərinə, az qala, bütün dünyaya savaş açıblar. Nəyin davasını, savaşını aparırlar bunlar? İnanın, şəxsən mən bunu anlamağa çətinlik çəkirəm: nəyin düşmənçiliyini aparırlar bunlar?
İnanın, başa düşmək olmur. Götürək, elə bunların dini ekspansiya siyasətini. İndi nə edək? 21-ci əsrdə biz müsəlmanlar şiə-sünni savaşı aparaq? Gülünc deyilmi? "Şiə qövsü” və s. kimi ifadələri eşidəndə şəxsən mən bir müsəlman kimi xəcalət çəkirəm: axı hamımızın bir Allahı, bir peyğəmbəri və bir Quranı var! İndi nə edək? Bütün bunlardan imtina edib azı 1500 il bundan əvvəl baş vermiş hadisələrə görə sünni müsəlmanları qılıncdan keçirək? Gülünc deyilmi?
Başa düşürəm, bütün dünyada dinlərin yaxınlaşması (ekumenizm!) kimi proseslərə cəhd edilsə də, dini cərəyanlar daha çox öz təsirlərini artırmağa çalışırlar. Amma ümumi islam haqqında düşünmək, müxtəlif təriqətlər arasındakı fərqləri, qarşıdurmaları azaltmağa çalışmaq daha düzgün olmazdımı? Axı Quranda nə şiə söhbəti var, nə də sünni, bütün bunların hamısı sonradan yaradılıb, hətta bir az da şişirdib-uydurublar.
Dində buyrulur ki, müsəlman müsəlmanı qul etməz. Cənublular, digər İran xalqları məni bağışlasın, onları qul adlandırmaq fikrim yoxdur, gəl, on milyonlarla cənublu türkün niyə milli-mədəni hüquqları təmin olunmasın? Axı onlar etnik azlıq da deyil, əhalinin böyük əksəriyyətini təşkil edən xalqdır. Niyə İranda türk dilinə xüsusi status verilməsin? Niyə iranlı ruhani dəstəsi bunu istəmir? Budurmu müsəlman qardaşlığı?
Yaxud da götürək regional problemləri, şimali Azərbaycana münasibəti, Yaxın Şərqdə yürüdülən siyasəti.
Bizim Azərbaycanla bağlı siyasət haqda çox yazılıb və deyilib, amma hətta indinin özündə, demək olar ki, hamı Azərbaycanın qanuni haqlarını və ərazi bütövlüyünü tanıyandan sonra da bunların İrəvandakı səfirləri hələ ermənipərəst bəyanatlar verir, iranlı diplomatlar Moskvaya cumurlar ki, necə edək, birlikdə bu Zəngəzur layihəsinin qarşısını alaq?
Və yaxud da götürün ən klsassik problemi – Fələstin məsələsini. Doğrudanmı Fələstini və fələstinliləri yalnız İran (guya!) müdafiə edir? Hazırda Fələstini tanımaqla bağlı aparıcı Qərb dövlətləri arasında yeni böyük dalğa müşahidə olunur. Qəzzaya görə Beynəlxalq Cinayət Məhkəməsi İsrail baş naziri haqqında qərar qəbul edib! Tramp birinci idarəçiliyi dövründə Yerusəlimi İsrailin bölünməz paytaxtı elan edib səfirliklərini ora köçürərkən demək olar ki, iki-üç dövlətdən savayı heç kim, heç bir Avropa dövləti buna dəstək vermədi! Və yaxud da Türkiyə fələstinliləri və Fələstini azmı müdafiə edir? İran, ümumiyyətlə, Fələstini ürəkdən müdafiə edirmi? Bu daha çox iranlı mollaların əlində öz hakimiyyətlərini uzatmaq üçün bir alət deyilmi? Bir daha soruşuruq: axı iranlı mollalar dünya ilə nəyin savaşını aparır? Niyə İranı bütün dünya ilə düşmən ediblər? Rusiya, Şimali Koreya kimi "izqoy” ölkələr bəs etmirmi bəşəriyyətə? Yaxşı olmazdımı ki, bunlara Qumda bir məscid verilsin və qoy, orada nə qədər istəyirlər danışınlar Azərbaycana, İsrailə, hətta dünyaya qarşı!
Hiss olunur ki, prezident Pezeşkian bütün bu problemlərin ağrısını yaşayır. Öz vətəndaşlarının elementar ehtiyaclarını belə təmin edə bilməyən, üstəlik, otuz milyondan çox cənublu türkün, bəli, hüquqları pozulan on milyonlarla türkün prezidenti başqa cür düşünə bilərmi?
Odur, gərək, hamımız başa düşək ki, Pezeşkian şimal Azərbaycanı üçün də, cənublu türklər üçün də, İranın özü və mütərəqqi insanları üçün də bir şansdır. Gərək, ona dəstək olaq. Xüsusən də Təbriz! Çünki deyilənə görə, vaxtilə hətta Xomeyni deyirmiş ki, Təbriz dəstək verməyincə İrana gedə bilmərəm!
Biz sonuncu prezident seçkilərinin İran coğrafi müstəvisinə proyeksiyasını bilmirik, amma düşünürük Təbriz doktora səs verməkdə öndə gedən bölgələrdən biri olub. Bu dəstəyi bir az da artırmağın vaxtı və məqamıdır, təkcə prezident Pezeşkianın yox, hamımızın buna böyük ehtiyacı var, bu şansı əldən vermək olmaz.
Xüsusən də nəzərə alaq ki, iranlı mühafizəkarlar və əsas da ruhani elitası indi də olmasa, növbəti seçkilərdə revanş götürməyə çalışacaqlar, çünki bunlar belə hesab edir ki, bunların tarixi, fövqəlbəşər "inqilab”ları üçün çox böyük təhlükə var. Odur ki, bütün mütərəqqi iranlıların, xüsusən də təbrizlilərin dəstəyinə çox böyük ehtiyac duyulur.
Söhbət separatist tendensiyalardan, nə bilim, İranı "bölüb-parçalamaq”dan getmir, yetər ki, qonşu ölkə dəyişsin, orta əsr idarəçilyindən qurtulub müasir dövlətə çevrilsin, ən əsası da milyonlarla cənublu türkün də mədəni haqları tanınsın, türk dili də ikinci dövlət dili olsun.
Bəlkə də ötən əsrin əvvəllərində böyük Rəsulzadə belə perspektivi nəzərdə tutaraq Türkiyə, İran və Azərbaycan arasında konfederativ bağlardan danışırdı. İran demokratik ölkə olsa, yenidən həm də türklərin dövlətinə çevrilsə, niyə də yox?..
Hüseynbala Səlimov
Şərhlər