Siyasət 18:14 23.09.2021

Tehranda İran, Azərbaycan və Türkiyənin görüşü nəyi dəyişə bilər? - Politoloq

"Bu görüşlər nəticəsində Tehran Azərbaycana münasibətdə yürütdüyü siyasət və ritorikadan geri çəkilməyə məcbur ediləcək”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Nyu Yorkda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə İranın Xarici İşlər naziri Hüseyn Əmirabdullahian arasında baş tutan görüşdə tərəflərin Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin toplantısını keçirməklə bağlı razılığa gəlməsini şərh edərkən deyib. Politoloq bildirir ki, Tehranın son hərəkətləri fonunda belə bir üçtərəfli görüşün olması vacibdir: 



"İranın hədə-qorxu gəlməsi boş şeydir. Şantaj və təzyiqdən başqa bir şey deyil. Bu mənada Türkiyə, Azərbaycan və İran arasında üçtərəfli görüşün keçirilməsi vacibdir. Bu görüşlər nəticəsində İranın əvvəlki hədə-qorxu ritorikasından geri çəkiləcəyinin şahidi olacağıq. Digər tərəfdən, bölgə ilə bağlı həlli vacib bir sıra məsələlər var ki, üçtərəfli görüşdə onların müzakirəsi mühüm əhəmiyyətlidir. Regionda əmin-amanlığın təmini, Ermənistan Azərbaycan münasibətlərinin sahmana salınması, Tehranın birtərəfli qaydada Ermənistan və Azərbaycanın suveren ərazisi olan Yuxarı Qarabağdakı erməni separatçılarına kömək etməsi kimi məsələlər müzakirə mövzusudur”. 

Həmsöhbətimizin fikrincə, məhz bu üçtərəfli görüşün nəticəsindən asılı olaraq, müəyyən məsələləri sahmana salmağın nə dərəcədə mümkün olub-olmayacağı aydınlaşacaq: 

"Adətən bölgədə gərginlik yaratmağa çalışan İran rejimidir. Bir tərəfdən, "Hizbullah”a, diktator Bəşər Əsədə, Yəməndə "Husi”lərə kömək edir. Amma pandemiya ilə mübarizədə çətin durumda olan öz xalqına peyvənd vurmaq üçün dərman tapa bilmir. İranın son addımları onun neoimperalist mövqedə dayandığından xəbər verir. İran sadəcə kağızdan düzəldilən şirdir, içi boşdur. Tehranla münasibətlər qaydaya salınmalıdır. Ancaq İranın nümayişkəranə sürətdə Azərbaycana təzyiq göstərməsini də qəbul etmirəm. Tehran özünü korrekt aparmalıdır”. 

Rüfət Sultan