Təhsil haqqını atasından gizlin bu işə yatırdı və... - Gənc iş adamı ilə müsahibə

Təhsil haqqını atasından gizlin bu işə yatırdı və... - Gənc iş adamı ilə müsahibə

Qaynarinfo gənc biznesmen, "XəngəLand" restoran şəbəkəsinin həmtəsisçilərindən olan Ülvi Bayramovla müsahibəni təqdim edir.

- Ülvi bəy, bu barədə məşhurlaşandan sonra bir neçə dəfə müsahibə vermisiniz. Amma görməyənlər, bilməyənlər üçün qısaca olaraq təkrar edək: kimsiniz, necə oldu?

- Orxan bəy. Hazırda tələbəyəm. Aviasiya Akademiyasının 4-cü kursunda təhsil alıram. Əlavə olaraq da, bildiyiniz kimi "XəngəLand" restoranın həmtəsisçilərindən biriyəm.

- Digər müsahibələrdə bu şəbəkəni qurmaq üçün elə təhsil haqqını evdən gizlin, atanızı aldadaraq yatırdığınızı dəfələrlə demisiniz. Bəs, bilinəndə reaksiya necə oldu? İş tutmuşdu deyə yaxşı, yoxsa sıradan danlanma? (gülür)

- İş tutana qədər şərikim Sabir ilə bu barədə heç kimə məlumat verməmişdik. Sonradan bilinəndə isə ailəmizdən yalnız dəstək gördük, necə deyərlər, qaliblər mühakimə olunmur...

- Artıq ölkə çapında tanınan gənc biznes adamlarısınız. Hazırda neçə restoranınız var?

- Hazırda iki böyük restoranımız fəaliyyət göstərir. Pandemiya ilə əlaqədar bir sıra məqsədlərimizə çata bilmədik. Amma hər şey düzələndən sonra qarşıdakı məqsədimiz, "Xəngəland" adını restoran sisteminin bir neçə konseptini də yoxlamaqdır.

- Əlavə restoranlar da açacaqsınız?

- Bəli, o da var. Amma indi buna risk etmək bir qədər təhlükəlidir. Bilmək olmur necə olacaq. Düzdü, işə başlayanda da risk elədik, amma bununla indiki durum fərqlidir.

- Necə düşünürsünüz, daha da böyüdə, istədiyinizi edə biləcəksinizmi? Çünki ümumi olaraq şəbəkələr sistemi qurmaq çətin məsələdir. Həm də, şəxsi bir xətlə. Çünki sizdən başqa da bu biznesdə kifayət qədər yaxşı şəbəkələr var. Brend ola biləcəksiniz?

- Müəyyən bir sərhəd var, o maneəni aşandan sonra böyümə sürətlənir. Hazırkı iqtisadi böhranı keçirə bilsək, böyüməyimizlə bağlı ciddi planlarımız var. Yaxın gələcəkdə onları həyata keçirməyi düşünürük. Dediyiniz şəbəkələrlə isə bizim yollarımız tam ayrıdır. İşimiz eyni olsa da, bizim məqsədimiz əsas olaraq ailələr üçün, tək xanımlar üçün rahat əyləşə biləcəyi məkan yaratmaqdır ki, bunu da edirik, edəcəyik. Digər bütün şəbəkələrin hamısında kişilər üstünlük təşkil edir. İndiyə qədər heç bir xəngəl məkanında qadınlar əyləşə bilmir, ailə ilə getmək olmur. Amma biz bunu aradan qaldırdıq, daha da qaldırmağa çalışırıq.

- Şərikinizin biznes təhsili var, amma siz tamamilə başqa ixtisas üzrə təhsil alırsınız. Aydın məsələdir ki, biznes risk tələb edir, amma bütün hallarda nəzəri olaraq bilmək də vacibdir. Məsələn, bazarı bilmək, biznes planlaması. Çətinlik çəkmirsinizmi? Ancaq risk üstünədirsə iş, məncə, çox çətin olar...

- Şərikim Bakı Biznes universitetinin "Biznesin İdarə olunması" fakültəsini qırmızı diplomla bitirib. Amma əsas işi təcrübə əsasında öyrənmişik. Bizi irəliyə aparan əsas məsələ, doğru zamanda, doğru insanlar ilə tanışlıqımız olub. Aviasiyadan kulinariyaya bir az çətin oldu, zamanımızı aldı, amma yenə də bacardıq. Bacaracağıq da.

- Ülvi bəy, hazırda bu şəbəkə ikinizindir, amma gələcək üçün, məsələn, dövlət tərəfindən, yaxud da başqa bir iş adamının biznesinizi almaq istəyi olsa necə? Yüksək qiymətə satmaq fikriniz olar? Yoxsa bundan başqa bizneslə məşğul ola bilməyəcəyinizi düşünürsüz?

- Yaxşı təklif olsa, bəlkə də gələcək üçün fikirləşmək olar. Dünya durmadan inkişaf edir. Bu dünyanın tempinə ayaq uydurmaq lazımdır. Ona görə də yeni bizneslər fikirləşmək lazımdır. İnsan beyni ən çox yeni bir məşğuliyyətlə tanış olanda daha çox işləyir. Yeni məşğuliyyətlər fikirləşmək lazımdır. Amma bizim üçün indi bu işdə püxtələşmək vaxtıdır.

- İnsan gərək sevdiyi işlə məşğul olsun. Belə olduqda, yaxşı qazanc da olur, özün də xoşbəxt  olursan. Amma siz deyirsiz ki, bir gün oturub dedik, nə edək, ağlımıza gəldi ki, qaldığımız yerdə xəngəl yoxdu. Yəni, spontan, ani bir qərardır. Çətin olmurmu? İndi bu işi sevdiyiniz görsənir. Amma bəlkə içdə belə deyil? Sadəcə, gəlir üçün dözüb fəaliyyət göstərirsiz...

- Düzdür, belə olsa da, işi sevirik, ətraflı düşünüb işə başlamışıq, bəhrəsini də gördük, görürük.

- Hətta sizdə reklam işi də təsadüfən olmuşdu. Bir şəkillə biznesiniz tanındı da, deyə bilərik. Bugünki vəziyyətinizə tam olaraq uğur, zəhmət deyə bilərik, yoxsa daha çox təsadüf?

- Uğur deməzdim, 50 faiz bəxt, 50 faiz də zəhmətimiz. Yuxusuz gecələrin bəhrəsi.

- Heç düşünürdüz ki, bu yerə gəlib çata biləcəksiniz?

- Biz işdən daha çox bir-birimizlə işləməyi sevirik. Yanımızda çalışanların çoxu dostlardı, biz kollektivi sevirik, düzdü, gördüyümüz işi də sevirik, amma əsas kollektivdi, vallah, bu kollektivlə maşın ustalığı da eləsən, adama xoş gələr. Düzgün anda, qabağımıza çıxan düzgün insanlardır həm də bu yerə çatmağın səbəbi.

- İlk məşğul olduğunuz biznesdə bu gün üçün yetəri qədər uğur qazanmısınız. Bəs, başqa bir sahə ilə də məşğul olmaq fikriniz var? Yaxud da məşğul olub alındıra bilmədiyiniz, hazırkı işdən də daha çox istədiyiniz. Yoxsa, axıra kimi xəngəl biznesi? Nəzərə alsaq ki, bu iş həm də fəsillə bağlıdır. İl boyu olmur.

- Təbii ki, gələcəkdə planlarımız var, digər bizneslər ilə məşqul olmağa, bu barədə şərikim ilə tez-tez götür-qoy da eləyirik. İnşallah, bir neçə ilə bizim adımızı başqa biznes sektorunda da eşidəcəksiniz. Ümüd edirik ki, digər sahələrdə də müştərilərimizə eyni keyfiyyətdə xidmət edə biləcəyik.

- İşlərinizdə uğurlar, müsahibə üçün də təşəkkür edirik.

- Buyurun, çox sağ olun, mən də. 

Orxan Saffari
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR