Xəbər lenti

Təhsilin tanınmayan diplom problemi (ŞƏRH)
Ölkə 17:40 08.12.2023

Təhsilin tanınmayan diplom problemi (ŞƏRH)

"Diplomların tanınmamasına səbəb olan amillər çoxdur. Məsələn, sərhədi vaxtında keçməmək, nəzərdə tutulduğu müddət qədər həmin ölkədə olmamaq və yaxud ölkənin qanunlarının imkan verdiyi distant təhsilə Azərbaycandan qoşulmaq və s. Noyabr ayı üçün diplomları tanınmayan 73 nəfərin çəkdiyi əziyyət hədər getdi".
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli xaricdə təhsil alan tələbələrin diplomlarının tanınmaması ilə bağlı statistikadan danışarkən deyib. 

Ekspert Azərbaycanda qəbul qaydalarının sadələşdirilməsinin vacibliyini vurğulayıb:

"Yaxşı olar ki, azərbaycanlılar xarici universitetlərdə təhsil almaq üçün xərclədikləri pulları Azərbaycanda xərcləyərdilər. Belə olanda nə valideynlər narahat olur, nə də diplomlar saxta elan edilir. Xaricə gedənlərin əksəriyyəti Azərbaycanda təhsil almalıdırlar”. 



Ekspert diplomların tanınması ilə bağlı məsələnin Dövlət İmtahan Mərkəzinin nəzarətində olduğunu diqqətə çatdırıb:

"Nazirlər Kabinetinin qərarı xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı bu funksiyanı Dövlət İmtahan Mərkəzi həyata keçirməsini ehtiva edir. Ukraynada müharibə gedir, Rusiyada vəziyyət gərgindir, Türkiyədə iqtisadi vəziyyət çətindir, Gürcüstanda isə görünən mənzərə Azərbaycandakı kimi deyil. Bütün bunlara baxmayaraq, son bir neçə ildə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanını keçirəndən sonra kütləvi axınlar başlayır. Həmin ölkələrdə həm ictimai-siyasi vəziyyət, həm də iqtisadi durum ürək açan deyil. Dəfələrlə səsləndirilb ki, Azərbaycanda qəbul qaydaları sadələşdirilməlidir. Görün bu diplomları tanınmayan şəxs neçə il yollarda qalır, onunla bağlı valideynlər də narahat olur”. 

Qeyd edək ki, noyabr ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb. Ötən ay üzrə 360 müraciətçinin 287-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 73 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. 

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->