Bu gün ölkə mediasında Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev barəsində bəzi məlumatlar yayılıb.
Məsələ ilə bağlı ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova "Report"a bildirib ki, karantin rejimi ilə əlaqədar ATU-da tədris prosesi dayandırıldığına görə yaşı 65-dən yuxarı olan professor İbadulla Ağayev hazırda işə çıxmır:
"O, bu gün 2 nəfər qohumu ilə birgə Bakıdan kənarda, ailə üzvünün dəfnində iştirak edib. Jurnalist zəng edərkən İ.Ağayev məhz dəfn mərasimində olub. Bu durumda bir qədər emosional danışaraq jurnalistə yalnız axşam cavab verə biləcəyini bildirib. Lakin təəssüf ki, jurnalist İ.Ağayevin axşam müsahibə verəcəyi ilə bağlı hissəni yazmadan yalnız Baş epidemioloqun ölkədəki durumdan xəbərsiz olduğunu yazıb.
Qeyd edək ki, İ.Ağayev tutduğu vəzifəyə əsasən, ictimai əsaslarla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş epidemioloqu kimi fəaliyyət göstərir.
Digər tərəfdən, xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, respondentin xəbəri olmadan onun səsini yazıb paylaşmaq qanun pozuntusudur. Qeyd edim ki, ATU rəhbərliyi məsələ ilə bağlı ətraflı araşdırma aparacaq”.
Şərhlər