Ankarada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin 3-cü iclası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, iclasda ölkəmizi komitə sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
İclasda türkdilli diasporların hazırkı vəziyyətinin və şuraya üzv dövlətlərin diaspor qurumları arasında güclü koordinasiya və əməkdaşlıq imkanları, Türk Şurasının "Türk Şurası Türkdilli Diasporların Birgə Fəaliyyət Strategiyası" və "2018-2019-cu illər üzrə türkdilli diasporların birgə fəaliyyət planı”nın qəbul edilməsi, Türk Şurasının II Diaspor Forumunun keçirilməsi, Türkdilli Diasporların Atlasının hazırlanması, Türk Şurasının diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin növbəti görüşünün vaxtı və yerinin müəyyənləşdirilməsi və digər məsələlər ətrafında geniş müzakirlər aparılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iclasda çıxış edərək, Türk dünyasının birliyi ideyasının yüzillərdən bəri mövcud olsa da, yalnız XX əsrdə bu ideyanın reallaşması istiqamətində konkret addımların atıldığını diqqətə çatdırıb.
Türk Şurasının II Diaspor Forumunun 2019-cu ildə Türkiyənin ev sahibliyi ilə Türkiyədə, TDƏŞ-ə üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin 4-cü iclasının Qazaxıstanda keçirilməsi ilə bağlı razılıq əldə edilib.
Həmçinin, qəbul olunmuş sənədlərdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə İşçi qrupun yaradılması, qrupun ilk iclasının və Türk Şurası nəzdində fəaliyyət göstərən diasporla iş üzrə Təmas qrupunun 5-ci iclasının 2019-cu ildə Azərbaycanda keçirilməsi qərara alınıb.
Eyni zamanda, Türkdili diasporlar arasında əməkdaşlıq və koordinasiyanı gücləndirmək məqsədilə Türk Şurası nəzdində birgə onlayn diaspor portalının hazırlanması qərara alınıb.
Şərhlər