Dünya 12:26 02.06.2013

Türkiyədə 939 nəfər saxlanılıb, 79 nəfər yaralanıb

DİN rəhbəri Müəmmər Gülər: "Ölkənin 81 əyalətindən 48-də 90-dan çox aksiya keçirilib"

Türkiyənin bir neçə şəhərində iğtişaşlar zamanı minədək insan saxlanılıb, 79 nəfər yaralanıb. APA-nın yerli KİV-lərə istinadən verdiyi xəbərə görə, bu barədə açıqlamasında Türkiyə daxili işlər naziri Müəmmər Gülər bəyan edib.  

 “İstanbulun Gəzinti parkı mövzusundakı iğtişaşlar başlanandan bu günədək ölkənin müxtəlif şəhərlərində 939 nəfər saxlanılıb, onların bir qismi ifadələri götürüləndən sonra sərbəst buraxılıb. Bir neçə şəxs barəsində araşdırma davam edir, müəyyən şəxslərin işləri məhkəmələrə göndərilə bilər. İğtişaşlar zamanı 26 polis əməkdaşı və 53 vətəndaş yaralanıb. Onlardan 19 nəfəri İstanbulda reanimasiyadadır, qalanları isə yerlərdə müalicə olunur”, deyə o qeyd edib.

Nazir əlavə edib ki, ölkənin 81 əyalətindən 48-də 90-dan çox aksiya keçirilib.   

Qeyd edək i, hazırda aksiyalar Ankara, Antalya, İstanbul, İzmir və bir çox şəhərlərdə davam edir.