Dünya 11:46 17.04.2021

Türkiyədə ilişib qalan rus aparıcı hökuməti yalan danışmaqda ittiham etdi

Rusiyanın "Birinci kanal”ının xəbərlər verilişinin aparıcısı Yekaterina Andreyeva İnstaqram tarixçəsində Cənubi Afrikadan İstanbuldan keçərək Rusiyaya qayıdarkən yaşadığı sərgüzəştləri emosional şəkildə təsvir edib. 

Qaynarinfo xəbər verir ki, o, Rusiyanın Türkiyəyə uçuşları məhdudlaşdması səbəbi ilə Türkiyədən uça bilmədiyini və Baş nazir Köməkçisi Tatyana Qolikovanın xaricdə olan bütün turistlərin evlərinə problemsiz qayıda biləcəyini söyləyərkən əslində yalan danışdığını bildirib.

Andreyevanın sözlərinə görə, onun qeydiyyat və təyyarə biletləri verildikdən sonra Türkiyədən uçuş ləğv edilib.

"Qolikova söz verdi, amma aldatdı. Doquzovanın ("Rosturizm”in rəhbəri Zarina Doquzova - red.) dediyi də doğru deyil. Heç kim bizi burdan aparmayıb", - aparıcı bildirib.

"Rusiyalıların necə geri dönəcəyini bilmirəm. İstanbula uçuşlarımız ən son anda ləğv edildi. Turistlərin əllərində olan biletlərlə Rusiyaya qayıtmaları ilə bağlı bütün deyilənlər yalandır", - Andreyeva əlavə edib.

Bununla belə, aparıcı sonradan ölkəsinə uçmağa nail olub. O, özünün və digər rusların hər şeyi öz imkanlarıyla etdiklərini qeyd edib: "Bu xüsusi təyinatlıların xüsusi əməliyyat oldu, amma bacardıq!"

Xatırladaq ki, Rusiya aprelin 15-dən etibarən Türkiyə ilə müntəzəm və çarter uçuşlarını məhdudlaşdırıb. Eyni zamanda "Rosturizm” Türkiyəyə gedən rusiyalıların planlaşdırdıqları kimi geri dönə biləcəyini bildirib.

Alpər