Türkiyə Xarici İşlər Nazirliyi Fransa Senatının Qarabağla bağlı məlum qərarına sərt münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, rəsmi Ankara Senatın qərarını Fransanın beynəlxalq hüququn əsas prinsiplərinə məhəl qoymamasının bariz nümünəsi sayıb:
"Fransa Senatının dünən Qarabağ münaqişəsi ilə əlaqədar qəbul etdiyi qərarları beynəlxalq hüququn ən təməl prinsiplərinə əməl olunmamasının nümünəsidir. Qərarda Türkiyəyə qarşı səslənən əsassız iddiaları tamamilə rədd edirik. Fransa Senatı bu qərarla tərəfsiz olmalı olan həmsədrlərin ATƏT-in Minsk Qrupunun problemi niyə hələ də tənzimləyə bilməməsinin və qərəzli olduqlarının bariz göstəricisidir.
Ermənistanın əvvəlcə Tovuzda, daha sonra Yuxarı Qarabağda sərgilədiyi təcavüz və təxribatlardan sonra Azərbaycan lazımi cavabı verdi və 30 ilə yaxındır işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etdi.
Əslində Azərbaycanın bu sahədəki nəticəsi BMT-nin qətnamələrində və Fransanın həmsədri olduğu Minsk Qrupunun apardığı prosesdə qeydə alınan, lakin həyata keçirilməyən hüquqların konkretləşdirilməsində əks olunur. Çünki BMT-nin müvafiq qətnamələri ermənilərin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Yenə də Fransa Senatının Azərbaycanın işğaldan azad etdiyi öz ərazilərindən çəkilməyə çağırması, ciddiyə alınmayan gülünc, qərəzli və qeyri-real anlaşmanın təzahürüdür. Ağıllı düşüncədən məhrum olan və heç bir ağlabatan əsaslandırılma ilə izah edilə bilməyən bu qərar, Fransanın məsələnin həllinə həqiqi mənada qatqı təmin etməsini də məhdudlaşdırır”.
Türkiyə XİN hesab edir ki, Fransa tarixi hadisələrə və münaqişələrə ədalətsiz yanaşmadan çəkinməlidir:
"Bu münasibətlərimizin təhlükəsizliyi üçün təməl tələbdir. 30 ilə yaxındır davam edən Azərbaycan-Ermənistan münaqişəsində əldə olunan mərhələdə ümid edirik ki, Fransa düzgün nəticələr çıxarmaqla bölgənin sabitliyi üçün konstruktiv münasibət göstərəcəkdir. Bunun üçün mövcud həqiqətlərə əsaslanan beynəlxalq hüquqa uyğun davamlı bir həll yolu tapmaq üçün səy göstərmək kifayətdir.
Türkiyə Fransa kimi digər tərəfdaşları ilə bu münaqişənin həllinə və regionda sabitliyə töhfə vermək üçün birlikdə çalışmağa hazırdır".
Türkiyə milli müdafiə naziri Hulusi Akar da Senatın qərarını sərt tənqid edərək bildirib ki, Fransa bir daha münaqişənin həll yolunun yox, problemin bir hissəsi olduğunu göstərdi…
Orxan Əhmədli
Şərhlər