Ölkə 15:30 13.08.2020

Türkiyəni bu formada Azərbaycana yaxınlaşmağa nə məcbur edir? (TƏHLİL)

"Türkiyənin hərbi rəhbərliyinin Azərbaycana gəlməsi əslində təsadüfi məsələ deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında analitik İlkin Həsənli bu gün Türkiyə Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin Azərbaycana səfərini şərh edərkən deyib. Onun fikirincə, bu səfərin səbəblərindən biri də Tovuz təxribatıdır:

"Tovuz təxribatı təkcə Azərbaycana qarşı yox, həm də Türkiyəyə qarşı təşkil edilən provokasiya idi. Ankara bunu çox gözəl anlayır və buna görədir ki, təxribat dönəmində Azərbaycanan geniş dəstək ifadə edilib. Digər tərəfdən Ankara üçün önəmli olan başqa məqam Rusiyanın bölgədə təsir gücünü artırmasıyla bağlıdır. Türkiyə yaxşı başa düşür ki, Rusiya zaman keçdikcə özünə bufer zona saydığı bölgələrdə varlığını qorumaq üçün hər şeyi etməyə çalışır. Moskvanın bufer zona saydığı bölgələr sırasında isə Türkiyə üçün mühüm əhəmiyyət daşıyan ölkələr, o cümlədən Azərbaycan da var. İndi görünən odur ki, Ərdoğan hakimiyyəti dünyadakı nizam dəyişikliyi fonundan yararlanmağa və Türkiyənin təsir gücünü daha da genişləndirməyə çalışır. Türkiyənin Azərbaycanı belə kəskin müdafiəsinin başqa səbəbi təkcə Türkiyənin geosiyasi maraqları ilə yox, həm də enerji maraqlarıyla bağlıdır. Baxın, 2020-ci ilin yanvarından etibarən Türkiyə Rusiyadan qaz alışını kəskin azaltmağa başlayıb. Bu da ən minimum səviyyəyə iyun ayında çatıb. Bunun əvəzinə isə Ankara Azərbaycan başda olmaqla Qətər, Əlcəzair, ABŞ-dan (bu ölkələrdən sıxılmış maye qaz alır) qaz idxalını artırıb. Azərbaycandan qaz tədarükünün artırılması ucbatından Türkiyəyə Rusiyadan gələn iki qaz kəməri – Türk Axını və Mavi Axınının fəaliyyətində sıxıntılar yaranmağa başlayıb. Mavi Axın kəməri demək olar ki, fəaliyyətini dayandırıb. Məhz bu səbəb həm də Tovuz təxribatını yaradan məqamlardan biri olub ki, Ankara da bunu çox gözəl anlayır”. 

Analitik qeyd edib ki, Türkiyə və Azərbaycanın hərbi əlaqələrini sıxlaşdıran başqa məqam Mərkəzi Asiyada ABŞ, Çin və Rusiya arasında qarşıdurmanın güclənməyə başlamasıdır:

"Bu bölgə isə həm enerji, həm də tranzit baxımından mühüm önəm daşıyan ərazidir. Azərbaycan isə Mərkəzi Asiya üçün açılan qapıdır. Digər tərəfdən bölgədəki ölkələrin türk dövlətləri olması, Türkiyənin burada maraqları və güclü təsir imkanlarını söyləməyə imkan verir. Rusiya üçün bu qarşıdurmada əsas məsələ Mərkəzi Asiyanı itirəcəyi halda belə onun qapısını nəzarətdə saxlamaqdır ki, bunu da Bakı və Ankarada gözəl başa düşürlər. Tərəfləri bu məsələdə yaxınlaşdıran başqa məsələ həm də İran böhranıdır. Türkiyə İran məsələsində nə qədər bitərəf qalmağa çalışsa da, Ankara İranın onun üçün bölgədə əsas rəqiblərdən biri olduğunu gözəl başa düşür və bu rəqibin zəifləməsi onun maraqlarına tam uyğundur. İran böhranında önəmli ən mühüm istiqamət yenə də Azərbaycan və Türkiyədən keçir. Ankara bu işdə Rusiyanın həm də xüsusi aktivlik nümayiş etdirdiyini görür və Moskvanın İrana yeganə ən yaxın quru ərazisinin məhz Azərbaycandan keçdiyini bilir. Bir sözlə, bu faktorlar və daha bir neçə məsələ Türkiyə və Azərbaycanı respublikanın müstəqilliyi dönəmində hələ indiyə qədər görünməmiş formada yaxınlaşmağa məcbur edir. Türkiyə hərbi rəhbərliyinin Bakıya göndərilmə səbəbləri də məhz bununla bağlıdır”.
İlkin Həsənli deyir ki, Ankara bununla həm də bölgədəki əsas rəqibi olan Rusiyaya bir növ mesaj vermiş olur:

"Görünən odur ki, hər iki ölkə təhdidin haradan gəldiyini dərk edir və mümkün olduqca hərbi əlaqələri sıxlaşdırmağa cəhd edirlər. Bunun sonunun iki ölkə arasında hərbi müttəfiqlik müqaviləsi və ya Türkiyə bazasının açılması ilə nəticələnəcəyini söyləmək çətindir. Amma görünən odur ki, bununla bağlı hələlik ictimaiyyətdə müəyyən fikir yaradılmağa çalışılır. Doğrudur, Türkiyənin Azərbaycanın müdafiəsi ilə bağlı mühüm olan rəsmi sənəd var. Söhbət 1921-ci ildə imzalanmış mühüm Qars və Moskva müqavilələrindən gedir, amma bu sənəd yalnız Naxçıvanın müdafiəsi ilə bağlıdır və indiki təhdidlər qarşısında Azərbaycanın suverenliyinin müdafiəsi üçün yetərli deyil. Görünən odur ki, Bakıda bu müdafiəni genişlətmək fikrində olanlar var. Ən azından həm XİN rəhbəri, həm də müdafiə nazirinin tez bir zamanda Ankaraya getməsi və ondan öncə hərbi hava qüvvələrinin komandanının Ankarada olması, mühüm addımların atılacağı ilə bağlı müəyyən işarələr verir. Başqa məsələ Azərbaycanın rusiyameyilli qüvvələrdən yaxasını xüsusilə orduda qurtarmaq istəməsiylə bağlıdır. Təsadüfi deyil ki, Türkiyə ilə aktiv təlimlərdən bu yana Azərbaycanda orduyla bağlı bir sıra informasiya və məqalələr yayımlanıb. Görünən odur ki, hakimiyyətin özündə bu dəyişikliyi istəyənlərin sayı yetəri qədərdir”.

Analitik qeyd edib ki, Azərbaycanın Türkiyə ilə hərbi müttəfiqlik səviyyəsini artırmağa çalışması, ölkənin təhlükəsizliyi üçün mühüm dividentlər yaratsa da, müəyyən risklər də formalaşdırır:

"İndi əsas məsələ bu risklərin təhdidə çevrilməsinin qarşısını almaq üçün iki ölkənin addımarını hansı istiqamətdən atmağı müəyyən edəcəyidir”.

Bahar Rüstəmli