Aqşin YENİSEY
Ölkə 12:54 14.06.2021

Tütündən, qəhvədən marixuanaya gedən matah yol

Aqşin Yenisey

Yer üzərində həyatın varlığı bir qadağanın nəticəsidir. Yemə! O qadın o almanı yeməyəcəkdi. Amma yedi və insan cənnəti itirdi. Cənnəti itirməsinə baxmayaraq, günah rəmzi sayılan bu meyvənin düşməni olmadı, əksinə…

Əvvəli günah olan çox şeyin axırı matah olub tarixdə.  

Günahı mataha çevirən, matahı günah elan edən gizli güc həmişə iqtisadiyyat olub, tanrısı pul olan din! Vaxtilə donuz əti yeməyi qadağan edən də iqtisadiyyat idi, tütün çəkməyə icazə verən də. 

Başlanğıcda yəhudilərin, daha sonra ilk müsəlmanlar olan ərəblərin donuz ətinə mənfi münasibəti heç də tanrından gələn "gigiyenik qadağa” əmri deyildi. İşin içində lap əvvəldən iqtisadi maraq var idi. Musəvilikdən və islamdan xəbəri olmayan göytanrıçı, bütpərəst türklər də donuz əti yemirdilər. Bu gün Çində müsəlman olmayan Uyğur türkləri də donuz əti yemirlər. Sual oluna bilər ki, yəhudilərə və müsəlmanlara donuz əti yeməyi allah qadağan etmişdi, bəs bu göytanrıçı, bütpərəst türklər niyə donuz ətindən qaçırdılar? Qədim yəhudilərin, ərəblərin, türklərin həyat tərzlərini ümumiləşdirən oxşar davranışları, adətləri vardımı? Vardı, köçərilik. Bu xalqlar Asiya çöllərində köçəri həyat sürürdülər və iqtisadiyyat tarixçilərinə görə, köçəri xalqlar donuzdan allahı tanımazdan əvvəl imtina etmişdilər. Bunun başlıca səbəbi donuzu köçərilik həyatında uzaq məsafələrə aparmağın mümkünsüzlüyü idi, həm də isti Asiya çöllərində. İkinci bir səbəb: köçərilərin yaşadığı quraqlıq ərazilərdə donuzun qarnını doyurmaq iqtisadi baxımdan əlverişli deyildi. Ona görə də köçəri xalqlar gövşəyən, yəni mədəsində yem ehtiyatı saxlaya bilən heyvanlara üstünlük verirdilər. Köçərilərdən fərqli olaraq, məsələn, oturaq Çin donuzlara nifrəti ilahiləşdirməmişdi. Bu gün Yeni Qvineya, yaxud Hind-Çin adalarının xalqları donuzu özlərinin qurban bayramlarında kəsirlər. Eynən biz qoç kəsdiyimiz kimi.  

Yeri gəlmişkən, Amerikanın kəşfində də donuzların böyük rolu vardı. XV əsrdə İspaniyada yaşayan yəhudiləri həm xristianlar, həm də müsəlmanlar təhdid edirdilər ki, Musanı ya İsa, ya da Məhəmmədlə əvəzləsinlər. Donuz əti yeməmələri yəhudiləri inkivizisiya casuslarına ifşa etdiyi üçün növbəti bir qırğın ilə üzləşmişdi Yahovanın xalqı. Odur ki, pul yığıb Kolumbu "bu xarabadan” köçmələri üçün "yeni torpaqlar” axtarmağa göndərdilər, o, "yeni qitə”ni tapıb gələnə qədər isə donuz sosislərinə oxşayan, gizli hazırladıqları "Aleyra” dana sosisləri ilə canlarını tonqalda yandırılımaqdan qorudular. 

Kolumb isə "yeni torpaqlardan” sonradan minlərlə insanın edamına səbəb olan daha bir matahla dönmüşdü. Tütün! Təkcə Osmanlı Sultanı IV Muradın siqaret çəkdiyi üçün iyirmi beş min insanı edam etdirməsi faktı dolaşır tarixdə. Halbuki özü dində günah sayılsa da, sarayda matah sayılan içkidən ölmüşdü. Yaxud özünün hakimiyyət illərində kimyəvi narkotik sayılan "Amfetamin” həblərinin, Almaniyada insanlar yorulmadan işləsinlər deyə hər evdə, daha sonra orduda istifadəsinə icazə verən Hitler siqareti "hinduların ağ adamlara nifrəti” adlandırırdı. Ümumiyyətlə, XVII əsrdə bir çox Avropa ölkəsində, daha sonra digər dünya ölkələrində də tütün qadağan edilmiş, istifadə edənlərə ağır cəzalar verimişdi. Məsələn, İranda siqaret çəkənlərin boğazına əridilmiş qurğuşun tökürdülər. 

İnsanlığı bu qəddar cəzaların əlindən yenə də iqtisadi maraqlar qurtardı. Cəzalara baxmayaraq, onsuz da, cinayətkar dəstələrin biznesi kimi gizli yollarla satılıb-alınan tütündən gələn gəlirin miqdarını hesablayanda gözləri kəllələrinə çıxan dövlətlər bir-birinin ardınca siqareti "halal” buyurdular. 1853-56-cı illərdə Krım müharibəsində artıq bütün Avropa, Rusiya, Osmanlı orduları siqaret çəkirdi. 1875-ci ildə Bizenin "Karmen” operasının səhnəsi bildiyimiz "kurilka” idi. 
Heç bir dövlətin arxasında pul dayanan siqaretə gücü çatmadı. 

Osmanlı tarixində qəhvənin başına gələn əhvalat da maraqlıdır. Tarixi bilgilərə görə, ilk dəfə Həbəşistandan yola çıxan qəhvə oradan Ərəbistana, sonra Süleyman Qanuninin (1520-1566) dövründə Anadoluya gəlib çıxdı. Biri Hələbdən, digəri Şamdan olan iki suriyalı iş adamı İstanbulda ilk qəhvəxanalarını açdılar. Bu qəhvəxanalar isə getdikcə o vaxtın müxalifətçilərinin yığışdığı indiki çayxana imici qazandı. Burada hökumət, dövlət əleyhinə danışılan və tezliklə bütün şəhərlə bir olan müxalif söhbətlər Sultan IV Muradın da qulağına çatdı və Sultan 1633-cü ildə tütünlə yanaşı, qəhvə içənlərin də boynunun vurulmasını əmr etdi. Hətta türk tarixçilərinin yazdığına görə, IV Murad bu tütün və qəhvə məsələsinə o qədər ciddi yanaşırmış ki, tanınmasın deyə əynini dəyişib şəhərə çıxır, harda siqaret çəkən, qəhvə içən adam gördü, "bizzat kendisi” cəzalandırırmış. 

Yəni indiki çayxanaların adı o vaxtdan vayqanlıdır… 

Lakin tütündən, qəhvədən gələn gəlirin sorağı sonradan siyasəti iqtisadiyyata qulaq asmağa, hər iki məhsulun satışını qanuniləşdirməyə məcbur etdi. 
İqtisadiyyatın gücünün çatmadığı qadağalar, inanclar da yox deyil. Məsələn, bu gün marixuananın 33 ölkədə müəyyən miqdarda satışını leqallaşdırmağa nail olan iqtisadiyyat dörd min ildir ki, hindlilərə inək ətini yedirdə bilmir. Bir çox iqtisadçıya görə, Hindistandakı tarixi aclıq və yoxsulluğun səbəbi inəklərə olan bu ilahiləşdirilmiş inancdır. Belə ki, bütün dünyada kənd təsərrüfatının ən məhsuldar heyvanlarından biri sayılan inəklər bütün ömürləri boyu iqtisadiyyata heç bir fayda vermədən əhalisinin sayının milyard nəfəri keçdiyi ölkənin şəhərlərində, kənd və qəsəbələrində avara-avara gəzirlər. Üstəgəl, əhalinin dolanışığına kömək edən o biri heyvanların da boğazına şərikdirlər. Söhbət yüz milyonlarla avara inəkdən gedəndə hesablamaq belə mümkün deyil ki, inəyə toxunmaq olmaz qadağası Hindistana hər il nə qədər ziyan vurur.  

Ancaq iqtisadi maraqlar hər yerdə və həmişə olduğu kimi burada da müqəddəsliyi bəzi hallarda öz maraqlarına itaət etməyə məcbur edir. Belə ki, Hindistanda dişi inəklər bütün ölkə boyu "avaralansa da” onların erkəkləri demək olar ki, heç yerdə gözə dəymir. Çünki iqtisadi maraqlar erkək inəkləri müqəddəslik statusundan məhrum edib, onlar boyunlarında boyunduruq, hər yerdə araba, xış, vəl dartırlar. 

Bu ölkədə müqəddəsliyin başına gələn daha dəhşətli əhvalat isə 1967-ci ildə olub. Həmin il "The New York Times” qəzetində belə bir xəbər vardı: ”Quraqlıqla üzləşən Hindistanın Bihar bölgəsində ölümcül aclıq çəkən insanlar hinduizm dinində müqəddəs hesab olunan inəkləri kəsib yeyirlər”. İqtisadi vəziyyətin ağırlığı insanları məcbur edir ki, müqəddəsliyi qazana soxub bişirsinlər. 

Bu gün dünyada günah-matah məsələsi ən çox narkotik maddələrin istifadəsində müzakirə mövzusudur. Heroin bu gün tütünün taleyini yaşayır. Ac büdcələrin gözünün qabağında böyük pullar dolaşır. Marixuana artıq özünü 33 ölkədə mataha mindirib. Türklər demiş, "hayırlısı!” 
 
Sivilizasiyaların sonu hekayəsinə inansaq, bütün sivilizasiyalar hər şeyə icazə verildiyi bir həyat tərzinin nəticəsində dağılıblar. Bəlkə də, insan klonlanmasının, pornoqrafiyanın, heroinin gündəlik həyata daxil olması da bizim sivilizasiyanın sonu olacaq. 

Bütün günahlar mataha çevriləndən sonra…