"Çudo Peçka” və "ÇP Aqro” MMC-lərin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə aparılan istintaq zamanı onun qardaşı Pərviz Cəlilovun istintaqa verdiyi ifadə məlum olub.
Qaynarinfo-nun report-a istinadən xəbərinə görə, müstəntiqlərin suallarını cavablandıran P.Cəlilov qeyd edib ki, qardaşı Ç.Cəlilov "Çudo Peçka” MMC-ni 2001-ci ildə təsis edib.
O bildirib ki, şirkətdə baş direktor vəzifəsini tutub: "İlk fəaliyyətə MUM univermağının yanında bir mağaza açmaqla başladıq. Mənim əsas işim şirkətin ümumi fəaliyyətinə rəhbərlik etmək idi. MMC-nin mühasibi isə Fərman Quliyev olub. Biz işə başlayanda 10-15 işçimiz vardı, altı ay sonra ikinci mağaza açıldı, 2012-ci ildə isə "Sahil” metrostansiyasının yaxınlığında 3-cü mağaza fəaliyyətə başladı. 2005-ci ildə artıq 4 mağaza, 60 işçi işləyirdi. Bir işçinin orta aylıq əmək haqqı 150-180 manat idi. Mağazaların yerləri icarəyə götürülürdü".
P.Cəlilov söyləyib ki, 2006-cı ildə tanışı Yuri Vasilyeviç vasitəsilə "Bank Standard” QSC-nın İdarə Heyətinin sədri olmuş Səlim Krimanla tanış olub. O ifadəsində vurğulayıb ki, S.Kriman şirkətin daha da genişləndirilməsi üçün bankın kömək edə biləcəyini, yüksək məbləğli kredit verə biləcəyini deyib: "Mən də bu təklifi qardaşım Çingiz Cəlilovla müzakirə etdim. Daha sonra yeni mağazaların açılması üçün bankdan kredit götürməyə razılıq verdik. Kredit üçün banka müraciət etdim. Lakin Səlim Kriman bildirdi ki, "məbləğ yüksək olduğu üçün bölünərək ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilməlidir". Bundan sonra Çingizlə mən qohumlarımız və işçilərlə danışdıq, həmin şəxslərin adlarına kredit götürülməsinə razı saldıq. Biz həmin adamlara söylədik ki, kredit üçün girov qoyacağıq və aylığı özümüz ödəyəcəyik".
Onun sözlərinə görə, mühasib Fərman Quliyev və adına kredit götürüləcək şəxslər birlikdə bankın baş ofisinə gediblər: "Həmin adamlar kredit üzrə sənədləri imzalayıb kassadan pulu götürüb, oradaca Fərman Quliyevə verirdilər. Fərman da pulu yığıb, şirkətin mühasibatlığına aparırdı. Adlarına kredit götürdüyümüz şəxslərə heç bir qəpik də vermədik. Kreditlərə görə Qusar rayonu ərazisindəki torpaqları girov qoyduq".
P.Cəlilov vurğulayıb ki, 2006-2009-cu illərdə bankdan, təxminən, 18 milyon manat kredit götürüblər: "Həmin pullarla əlavə 7 mağaza açıldı. Bir mağazanın açılması üçün 400 min - 1 milyon manat arası pul xərclənirdi. Mağazaların icarə haqları da 500-2000 manat arası dəyişirdi. Şirkətimizin bugünə kimi, təxminən, 300-350 işçisi olub. 2006-2009-cu illərdə dövriyyəmiz günlük 40-50 min manat idi. Bu üç il ərzində 15 milyon manat kredit ödəmişik, bütün götürülən kreditlər şirkətə xərclənib. 2009-cu ildə ödənilməmiş kredit qalırdı, buna görə də mənim, qardaşım Çingiz Cəlilovun, övladları Anar, Teymur və başqa 3 nəfərin adına kredit götürüb borcu qaytardıq. 2011-ci ildə isə kreditlərin ödənişində problemlər, axsamalar yaşandı. Həmin il şirkətin idarəçiliyi Səlim Krimana verildi. 2012-ci ildə Səlim şirkətin bütün borclarını silməli, mən, Çingiz və iki oğlundan başqa digər işçilərin adına olan kredit müqavilələri bağlanmalı idi. Amma Səlim vədinə əməl etmədi və 2014-cü ildə bizi məhkəməyə verdi. Kreditlər götürülən zaman məqsəd kimi "bağ evlərinin və fərdi yaşayaş evlərinin alınması, təmir edilməsi” göstərilməsi Səlim Krimanın təklifi idi. Biz heç bir ev almamışıq, pullar şirkətə xərclənib”.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, müxtəlif hüquqi və fiziki şəxslərin adından bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "Çudo Peçka” və "ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu "Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.
Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda Ç.Cəlilovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Təqsirləndirilən şəxsin və övladlarının əmlaklarının ümumi dəyəri 7 milyon 300 min manat kimi qiymətləndirilib və bütün əmlaklarına həbs qoyulub.
Xatırladaq ki, 2016-cı ilin sentyabr ayının 28-də S.Krimanın cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul edilib. Lakin o, istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin 5 oktyabr 2016-cı il tarixində çıxardığı qərarla S.Krimanın barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda o, "İnterpol" xətti ilə axtarışa verilib.
Şərhlər