Xəbər lenti

UEFA Rəşad Sadıqova verilən cəzanı açıqlayıb
İdman 10:01 20.12.2017

UEFA Rəşad Sadıqova verilən cəzanı açıqlayıb

UEFA İntizam Komitəsi İngiltərənin "Çelsi" klubu ilə Çempionlar Liqasının V tur matçında birbaşa qırmızı vərəqə alan "Qarabağ"ın kapitanı Rəşad Sadıqovla bağlı qərarını açıqlayıb.
 
Qaynarinfo xəbər verir ki, Avropa futbol qurumunun Media və İctimaiyyətlə Əlaqələr Departamentindən "Report"a verilən məlumata görə, 35 yaşlı müdafiəçi bir oyunluq cəzalanıb.

Sadıqov cəzasını Azərbaycan təmsilçisinin İtaliyada "Roma"ya qarşı keçirdiyi VI tur qarşılaşmasında çəkib. Onun iştirak etmədiyi görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu görüşdə daha bir cəzalı Pedro Enrike də Ağdam komandasına kömək edə bilməyib. Braziliyalı legioner İspaniyada "Atletiko" ilə IV tur matçında Dieqo Qodinin sifətinə açıq ayaqla zərbə endirdiyi üçün 2 oyunluq cəzalanmışdı. Beləliklə, "Qarabağ" yenidən avrokuboklara vəsiqə qazansa və hər iki futbolçu bu komandada yer alsa, onlar gələn mövsüm elə ilk oyundan etibarən meydana çıxa biləcəklər. Lakin bunun üçün Sadıqovun futbolçu karyerasını davam etdirməsi, Yunanıstan PAOK-undan cari mövsümün sonunadək icarəyə götürülmüş Enrikenin isə gələn mövsüm də Ağdam komandasında qalması lazımdır.  

Qeyd edək ki, Rəşad Sadıqov "Qarabağ" - "Çelsi" matçının 19-cu dəqiqəsində birbaşa qırmızı vərəqə alıb. Rəqib futbolçu Villian onunla mübarizədə cərimə meydançası daxilində yerə yıxıldığı üçün portuqaliyalı baş hakim Manuel de Souza meydan sahiblərinin qapısına penalti təyin edib və Sadıqovu meydandan kənarlaşdırıb. Görüş qonaq komandanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->