Siyasət 20:16 24.01.2022

Ukrayna problemi: “Rusiya yarım saata Britaniyanı məhv edər” – Zərdüşt Əlizadə

"Bu üçlüyün heç bir hərbi əhəmiyyəti yoxdur. Britaniya Rusiya ilə müharibə aparmaq gücündə deyil. Yarım saata onu məhv edərlər. Boş-boş danışırlar”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın London, Varşava və Kiyevin birgə hərbi alyans yaramaq niyyətində olduğunu bəyan etməsinə münasibət bildirərkən deyib:  

"Böyük Britaniya yetimə "can-can” deyən ölkələrdəndir. Ukrayna indi sahibsiz, yetim vəziyyətindədir. Heç kəs ona əməli şəkildə kömək etmək fikrində deyil. Ağlını başına yığ deyib, qarşılıqlı güzəşt əsasında razılaşmaya nail olmağı tövsiyə etmək əvəzinə, bu kimi ölkələr Ukraynaya möhkəm dayanmağı, guya dəstək olacaqlarını söyləyirlər”. 

Politoloq bir sözlə, Britaniya xarici işlər nazirinin açıqlamasını cəfəngiyat adlandırıb: 

"Nə Polşa-Ukrayna cütlüyü Rusiyaya nəsə edə biləcək, nə də ki, Böyük Britaniyanın Ukraynaya hərbi cəhətdən konkret kömək etmək niyyəti var. Bir tərəfdən, Qərb diplomatları öz ailələrini Ukraynadan çıxarır, digər tərəfdən də bəyan edirlər ki, möhkəm dayansın. Guya müharibə başlasa, dərin narahatlıqlarını bildirməklə, Rusiyaya qarşı iqtisadi cəza tədbirləri görəcəklər. İki xalq, iki dövlət bir-birini qırmaqla minlərlə insanın ölümünə bais olacaqlar. Bu mənada Qərb daşı ətəkyindən töküb, hansısa razılaşmaya gəlməyi təbliğ etmək əvəzinə, Kiyevə təsəlli verməklə aranı qızışdırmaqla məşğuldur. Böyük Britaniya-Polşa-Ukrayna üçlüyü heç nəyə lazım deyil”. 

Rüfət Sultan