Xəbər lenti

“Çukur”un azərbaycanlı aktyoruna qadağa: “Səsimi heç kəs eşitməməlidir” (MÜSAHİBƏ)
Sənət 12:55 15.11.2018

“Çukur”un azərbaycanlı aktyoruna qadağa: “Səsimi heç kəs eşitməməlidir” (MÜSAHİBƏ)

Türkiyənin "Ay Yapım” şirkətinin istehsalı olan və reytinqlərdə birinciliyini qoruyan "Çukur” serialında azərbaycanlı aktyor Ramin Nəzirin rol alması ölkədə gündəm yaradıb.

Ekran işində "Lal Fındık” obrazını canlandıran Raminin əslində azərbaycanlı olduğu isə uzun müddət sonra ortaya çıxıb. Boyunun balaca olmasına və serialda heç danışmamasına baxmayaraq, Ramin aktyorluq qabiliyyəti ilə həm türk, həm də yerli izləyicilərə özünü sevdirməyi bacarıb.

Uzun müddətdir Türkiyədə yaşayan aktyor serialdakı fəaliyyəti və həyatı haqda Open.az-a müsahibə verib:

- Öncə Türkiyəyə köçməyinizdən başlayaq. Tək yoxsa ailənizlə birlikdə köçmüsünüz?
- Mən Azərbaycanı 1996-cı ildə tərk etdim. Ailəmlə birlikdə İstanbula köçdük. Yəni, anam, atam və qardaşım da mənimlə birlikdə idi. Elə 22 ildir ki, İstanbulda yaşayıram. Ara-sıra Bakıya da gəlirəm.

- Belə başa düşdüm ki, Azərbaycanda aktyorluq üzrə heç fəaliyyət göstərməmisiniz?!
- Bəli. Azərbaycandan köçəndə hələ uşaq idim. Elə orta təhsilimi də Türkiyədə bitirmişəm.

- Türkiyədə ilk olaraq aktyorluqla məşğul olmusunuz yoxsa...?
- Məktəbi bitirdikdən sonra kompüter proqramları üzrə təhsil aldım. Sonra atamın yanında tekstil sahəsində çalışıb, digər şirkətlərdə fəaliyyət göstərdim. Lakin bütün bu işlər məni mənəvi cəhətdən qane etmirdi. Özümü rahat hiss etmirdim. Ona görə də uşaqlıqdan xəyalım olan teatr səhnəsinə yönəlməyə başladım. Elə bu həvəslə Türkiyənin sevilən siması Müjdat Gezen Sənət Məktəbində aktyorluq üzrə təhsil almağa başladım. Qeyd edim ki, bu Türkiyənin bir çox məşhurlarının bitirdiyi bir məktəbdir. Beləliklə xəyallarıma qovuşdum.



- Serialla yanaşı həmçinin teatrda da aktyorluğu davam etdirirsiniz?
- Bəli, mən teatr aktyoruyam. Bu işdən həzz alıram. Müqaviləli və rəsmi şəkildə Müjdat Gezen teatrında aktyor olaraq çalışıram. Həyatımın sonuna qədər də bu teatrda işimə davam edəcəyəm. Təbii ki, kino yaxud serial təkliflərini də dəyərləndirəcəm. Çünki teatr sahəsində qalaraq məşhur yox, istedadlı aktyor olmaq istəyirəm. Bu teatrda Cüneyt Arkın, İlker Ayrık, Atilla Sarıkayalı, Günay Karacaoğlu kimi bir çox nəhəng adlarla birlikdə çıxış etmişəm. Yəni hazırda Müjdat Gezenin teatrında çalışmaq bir çox türk aktyorlarının arzusudur.

- Boyunuzun balaca olması teatrda yaxud həyatınızda hansısa çətinliklərə yol açıb?
- Xeyr! Boyumun balaca olması mənə mane olmayıb. Qətiyyən belə bir problemlə rastlaşmamışam. Təhsilimdə, həyatımda yaxud teatrda heç bir çətinlik çəkmədim. Əksinə həmişə də diqqət cəlb etmişəm. Müəllimlərim və səhnədəki tərəfdaşlarım professional şəxslərdir. Bu barədə həmişə dəstək olublar.

- Yaxşı, bəs "Çukur” serialı ilə yollarınız necə birləşdi?
- Türkiyənin məşhur aktyoru İlker Ayrıkla bir televiziya tamaşası çəkdik. Serial olaraq cəmi 6 bölüm yayımlandı. Bundan sonra bir gün mənə zəng gəldi. Dedilər ki, "Çukur" serialında yeni obraz üçün aktyor axtarılır və "Ay Yapım" şirkəti mənimlə görüşmək istəyir. Bunun cəmi 1-2 bölüm olacağını zənn edirdim. Şirkətdəki xanım mənim komediya aktyoru olduğumu, serialın isə dram janrında çəkildiyini deyərək, bu obrazın asan canlandırıla bilməyəcəyini vurğuladı. Beləliklə dram janrında olan bir kinodan kiçik bir səhnəni nümayiş etdirdim. Bundan iki gün sonra serialın rejissoru Sinan Öztürklə görüşdüm. O, mənə obrazımı izah etdikcə həyəcanlanırdım. Beləliklə serialda "Çeto” obrazını canlandıran Erkan Avcı və "Mahsun”u canlandıran Berkay Ateşle çəkilişə başladıq. Çəkilişdən iki gün sonra "Brokoly" şirkətindəki menecerim Gökhan Demirci "Çukur”da rol alacağımı müjdələdi. Onu da deyim ki, bir çox məşhur türk aktyorları arasından seçildim.

- Serial sizə hansı qadağalar qoyub?
- Müqaviləyə əsasən səsim heç yerdə yayımlanmalı deyil. Elə buna görə də sizə cavablarımı video ilə yollaya bilmirəm. Yəni obrazımın şərti bundan ibarətdir. Həm də gələcək bölümlər barədə də danışa bilmərəm. Buna görə adım "Lal Fındık”dır.




- Belə aktyor heyəti ilə çalışmaq çətinlik yaradır? Yaxud kaprizlərə dözməli olursunuz?
- Heç bir çətinlik çəkmirəm. Hətta onların fikrini öyrənərək özümü və peşəmi inkişaf etdirirəm. Özü də hər şey ekrandan göründüyü kimi deyil. Biz kamera arxasında çox əylənirik. Heç bir aktyor digərindən üstün deyil. Elə hamımız eyni otaqda otururuq və çox da yaxşı yola gedirik. Xüsusi ilə Aras Bulut İynemli (Yamaç), Boncuk Yılmaz (Saadet), Erkan Avcı (Çeto) və Berkay Ateşlə (Mahsun) çox yaxşı yola gedirik. Ən sevdiyim obraz isə "Aliço”dur.

- Deyəsən dəbdəbəli türk şou-biznesindən uzaq qaçırsınız.
- Eynən. Ümumiyyətlə elə məşhurluq həvəskarı deyiləm. Məni sadəcə teatrda və oynadığım obrazla görəcəksiniz. Xüsusi ilə mətbuatın olduğu yerlərdən uzaq dururam. Ancaq sakit və gözlənilmədiyim yerlərdə oluram. Ən çox yaxın dostlarımla vaxt keçirirəm.

- Uzun müddətdir Bakıdan çıxmısınız, heç darıxırsınız?
- Bakı üçün çox darıxıram. Ora çox gözəl və sakit bir şəhərdir. Xüsusi ilə Bakının küləkli havasını və sakit gecələrini sevirəm. Bu şəhərin qışı üçün ayrı, yayı üçün ayrı darıxırıam. Hə bir də Azərbaycan toyları üçün yaman darıxmışam.



- Səhv etmirəmsə subaysınız. Yaxın zamanlarda evlənmək fikriniz var?
- Bəli, evli deyiləm. Təbii ki, evlənmək fikrim var. Lakin yaxın zamanda deyə bilmərəm. Deməli uşaqlıqdan bəri çox sevdiyim bir televiziya tamaşamız var. "Səni axtarıram, bağışla” əsərində "Vasif müəllim” obrazını canlandıran xalq artisti Rafael Dadaşovun çox gözəl bir replikası yadıma düşdü: "Şərqdə Əflatun adıyla tanınan, əsl adı Platon olan yunan filosofonunun gözəl bir sözü var. Əvvəllər insanlar bütün varlıq olaraq yaranıb. Sonra Allahın qəzəbinə gələrək, iki hissəyə bölünüb və yer üzünə səfərbər olunub. Beləliklə öz yarlarını axtaramağa başlayıblar. Yalnız öz yarlarını tapdıqları halda bütün varlıq olurlar. Bəzən bu seçimdə səhv edirik". İndi mən də öz yarımı tapmamışam və səhv etmək istəmirəm.

- Hazırda Azərbaycanın film yaxud serial sektorundan razısınız? Hansı çatışmazlıqları müşahidə edirsiniz?
- Xeyr, razı deyiləm. Düşünürəm ki, bizim film yaxud serial sektorunda inkişaf etmək üçün lazım olan səviyyədə gücümüz var. Düzdür inkişaf var. Lakin serialların hekayəsi, obrazı və texniki cəhəti axsayır. Azərbaycanda çox gözəl və istedadlı aktyorlar var. Heyf ki, geridə qalıblar.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->