Xəbər lenti

Urmiya gölü böhranında insan faktoru: Üç ölkə fəlakətlə üz-üzə
Dünya 21:38 01.09.2022

Urmiya gölü böhranında insan faktoru: Üç ölkə fəlakətlə üz-üzə

Urmiya gölünün quruması İranda mövcud ekoloji böhranın əsas səbəbi kimi insan faktorundan başlayıb, iqlim dəyişikliyi ilə daha da sürətlənib.

Qaynarinfo bu barədə "Anadolu”ya istinadən xəbər verdi.

Ekologiya mütəxəssisləri Urmiya gölünün qurumasını İranda həm insan, həm də təbii amillər və iqlim dəyişikliyindən təsirlənən ən kritik ekoloji problem hesab edirlər.

İran Milli Məclisinin Araşdırmalar Mərkəzinin "İranda su problemi” başlığı ilə dərc olunan hesabatına əsasən, ölkə quru, yarı quraq hava şəraiti və orta illik yağıntı ilə dünyanın ən quraq bölgələrindən birində yerləşir. 

İranın su tutumunun 91%-i kənd təsərrüfatında, 2%-i sənayedə istifadə olunduğu halda, bu ölkənin 37 milyon əhalisi olan 11 vilayəti su qıtlığı ilə üzləşib.

Ölkənin əsas aktual ekoloji problemi olan Urmiya gölü ilə yanaşı, Qavxoni, Baxteqan, Ənzəli və Hamon kimi göllər də əhalinin artımı, kənd təsərrüfatı və sənayedə sudan çox istifadə edilməsi, suyun azaldılması kimi səbəblərdən quraqlığa məruz qalır. 

Son məlumatlara görə, ekosistemi ilə beynəlxalq əhəmiyyət kəsb edən və UNESCO-nun Biosfer Qoruğu siyahısında olan Urmiya gölünün 95%-i quruyub. Bu vəziyyət təkcə gölün öz hövzəsi üçün deyil, həm də onun ətrafı üçün təhlükəlidir.

Həmçinin İrandan başqa Türkiyə, Ermənistan, Azərbaycan və İraq kimi qonşu ölkələr qurumuş göldə yüksək miqdarda duzun ötürülməsi ehtimalı yüksək olduğundan münbit torpaqların quruması və tənəffüs orqanlarının xəstəlikləri riski ilə üzləşirlər.

Bununla bağlı Türkiyə Su İnstitutunun siyasət koordinatoru Tuba Erim Maden "Anadolu” müxbirinə verdiyi müsahibədə Urmiya gölünün kritik vəziyyətinə və onun bölgədəki təbii və insan həyatı üçün potensial təhlükəsinə toxunaraq belə deyib: "Kənd təsərrüfatı və heyvandarlıq Urmiya gölü ətrafındakı kəndlilərin ən mühüm gəlir mənbəyidir. Son illər onların həddindən artıq su sərf etməsi və bu məsələyə kifayət qədər nəzarət olunmaması gölün qurumasının səbəblərindən biridir”.

O, Urmiya gölünün quruması nəticəsində əmələ gələn duz yataqlarının torpağın və suyun keyfiyyətinə mənfi təsir etdiyini vurğulayaraq deyib: "Suyun keyfiyyətinin pisləşməsi məhdud yeraltı su ehtiyatlarından istifadəni artırıb”.

Bölgədən məcburi köç riski

İqlim dəyişikliyinin miqrasiya üzərində hərəkətverici qüvvə olduğunu ifadə edən Maden iqtisadi və ya siyasi qeyri-sabitliyin hökm sürdüyü bölgələrdə ekologiya deqradasiyasının miqrasiya üçün hərəkətverici qüvvə ola biləcəyini bildirib.

 Urmiya gölünün Qərbi və Şərqi Azərbaycan vilayəti arasında yerləşən bitki və heyvan məskənləri təhlükə altındadır və bunun ekoloji fəsadlarla yanaşı, gölün əhalisi üçün mənfi sosial-iqtisadi nəticələri də var. 

Maden Urmiyada kənd və şəhər əhalisinin nisbətinin 1986-cı ildə 51%-dən 49%-ə qədər olduğunu, lakin 2006-cı ildə 34%-dən 66%-ə, 2016-cı ildə isə 28%-dən 72%-ə dəyişdiyini diqqətə çatdıraraq əlavə edib: 

"Kənddən köç şəhərə İranın bütün bölgələrində müşahidə olunur, lakin araşdırmalar göstərir ki, Urmiya hövzəsində köçün sıxlığı daha yüksəkdir və bu, göl səviyyəsinin azalması ilə bağlıdır”.

Məlumata görə, Urmiya gölünün quruması səbəbindən minlərlə hektar kənd təsərrüfatı sahəsi zərər görüb, işsizliyin artması səbəbindən 3 milyon insan köç edib.

Kənd təsərrüfatının suvarılmasının artması gölə mənfi təsir göstərib

Urmiya gölünün quruması ilə bağlı akademik araşdırmalar aparan İstanbul Texniki Universitetinin doktoranturadan sonrakı tədqiqatçısı Yusuf Əlizadə də deyir: "Kənd təsərrüfatının inkişafı və yağıntıların azalması səbəbindən gölün su səviyyəsi 1995-ci ildə 5982  kvadrat kilometr idi, 2006-cı ildə 4 min 58 kvadrat kilometrə qədər azaldı və 2014-cü ilə qədər onun 90%-i qurudu”.

O aydınlaşdırıb ki: 2014-cü ildən sonra yağıntıların artması və bəndlərdən daha çox suyun buraxılması ilə suyun səviyyəsi bir qədər artsa da, 2020-ci ildən sonra suyun səviyyəsi yenidən azalıb və gölün səthinin 95%-i quruyub. Urmiya gölü hövzəsində suvarılan əkinçilik sahəsi 1975-ci ildən 2011-ci ilə qədər 1265 kvadrat kilometrdən 5525 kvadrat kilometrə yüksəlib ki, bu da 40 ildə beş dəfə artım deməkdir. Lakin suyun azalması nəticəsində əkinçilik sahələri də azalıb və 2018-ci ildə təxminən 4850 kvadrat kilometrə çatıb.

Doktor Əlizadə temperaturun artması və yağıntıların azalması kimi iqlim amillərinin və əhalinin artımı, urbanizasiya, su ehtiyatlarının idarə edilməsi problemləri, əkinçilik sahələrinin genişləndirilməsi, yeraltı və yerüstü su ehtiyatlarından həddindən artıq istifadə kimi insan faktorlarının təsiri ilə bağlı araşdırmalara toxunaraq əlavə edib: "İqlim amili dedikdə temperaturun yüksəlməsi və yağıntının azaldığını nəzərə alsaq, bu amillər gölün qurumasına 80% əsas təsirin insan faktoru olduğunu söyləmək olar.

M.Arif

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->