Azərbaycanda uşaqpulunun verilməsi ilə bağlı müzakirələr reallaşa bilər.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov söyləyib. O bildirib ki, hazırda bu məsələ Milli Məclisdə müzakirə mərhələsindədir: "Belə bir fikir var ki, ünvanlı dövlət sosial yardımı və digər yardımlar verilir. Ona görə də uşaqpulu verilməsə də olar. Amma elə müavinətlər var ki, onları verməmək də olar, uşaqpulu isə mütləq verilməlidir. Çünki ünvanlı dövlət sosial yardımı bütün ehtiyacı olan ailələri əhatə etmir. Bununla bağlı müəyyən çatışmazlıqlar var. Ünvanlı sosial yardımın verilməsi ilə bağlı insanlardan çoxlu şikayətlər daxil olur”.
Deputat deyib ki, artıq uşaqpulunun verilməsi ilə bağlı Milli Məclisdə komissiya yaradılılb: "Biz həmişə bu məsələni gündəmdə saxlamışıq. Çalışacağıq ki, uşaqpulu ilə bağlı müzakirələr müsbət həllini tapsın. Amma bu təkcə bizimlə bağlı olan məsələ də deyil. Uşaqpulu məsələsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də hesablamalar aparır. Onlar aztəminatlı ailələrdə uşaqlara verilən yardımları əsas gətirirlər. Ünvanllı yardımın verilməsi yaxşıdır. Amma nəzərə almaq lazımdır ki, ünvanlı yardım birinə düşür, birinə düşmür. Biz rayonlarda qəbulda olanda da bunu görürük ki, ünvanlı yardımı ala bilməyən, amma ehtiyacı olan nə qədər ailələr var”. V. Əhmədov uşaqpulunun verilməsində yaş məsələsinin müzakirə olunduğunu bildirib. O deyib ki, bəzi təkliflərdə uşaqpulunun əvvəlcə 7-8 yaşadək, sonra 17-18 yaşadək verilməsi müzakirə olunur: "Bu, dövlətin büdcəsindən, imkanından asılı olan məsələdir”, – deyə deputat əlavə edib. /Sputnik
Şərhlər