ABŞ və İran arasında çərçivə sazişi İranda investisiyaların cəlb edilməsi üçün 300 milyard dollarlıq özəl fondun yaradılmasını nəzərdə tutur. Bu məbləğin yarısından çoxunun artıq razılaşdırıldığı bildirilir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.
Fond tərəflərə müharibənin dayandırılmasına dair yekun razılaşmanın əldə edilməsi üçün iqtisadi stimul yaratmağı hədəfləyir. Vaşinqton və Tehran danışıqların 19 iyunda yekunlaşdırılmasına hazırlaşır.
Yeni fond dövlət proqramı və ya bərpa yardımı mexanizmi deyil, özəl investisiya mexanizmidir və ABŞ dövlət vəsaitləri və ya qrantlarını nəzərdə tutmur. ABŞ, Fars körfəzi ərəb ölkələri, Cənubi Amerika və Afrika, həmçinin Cənubi Koreya, Yaponiya, Sinqapur və Malayziya şirkətlərinin İranın energetika, logistika, istehsal və nəqliyyat sahələrinə investisiya yatırmağa razılaşdığı bildirilir.
Yüksəkvəzifəli iranlı mənbə "Reuters”ə bildirib ki, Tehran əvvəlcə ABŞ-dan müharibə nəticəsində dəymiş ziyana görə 400 milyard dollar kompensasiya tələb edib, lakin Vaşinqton bunu rədd edib. Daha sonra "Bərpa və inkişaf fondu” adlandırılması planlaşdırılan mexanizm ideyası ortaya çıxıb.
Mənbənin sözlərinə görə, mexanizm region ölkələrinin müxtəlif formalarda töhfə verməsini nəzərdə tutur. Bunlara kreditlərin təmin edilməsi, kredit xətlərinin açılması və ya müharibə nəticəsində zədələnmiş obyektlərin birbaşa maliyyələşdirilməsi daxildir. Bunlar arasında Orta Şərqin ən böyük polad istehsalçısı "Mobarakeh”, neft emalı zavodları, hava limanları və ümumilikdə münaqişədən zərər görmüş infrastruktur yer alır.
İran dünyanın ən böyük iqtisadiyyatlarından biri olsa da, son 40 ildə ABŞ və beynəlxalq sanksiyalar səbəbindən qlobal kapital bazarlarına çıxış məhdud olub. Ölkə təbii qaz ehtiyatlarına görə dünyada ikinci, neft ehtiyatlarına görə isə dördüncü yerdədir.
İnvestisiya fondu ABŞ sanksiyalarının ləğvi və xaricdə dondurulmuş İran aktivlərinin qaytarılması üzrə danışıqlardan ayrıca mexanizm kimi nəzərdə tutulur. Fond yekun razılaşma əldə olunmadan yaradılmayacaq. Onun idarə olunma mexanizmi hələ açıqlanmayıb.
ABŞ vitse-prezidenti Cey Di Vens daha əvvəl fondu şərh edərək İranın nüvə proqramının tam ləğvini, zənginləşdirilmiş material ehtiyatlarının məhvini və ciddi nəzarət rejiminin qəbulunu tələb etmişdi.
14 iyunda ABŞ və İran rəsmiləri 28 fevralda ABŞ və İsrail qüvvələrinin hücumundan sonra başlayan müharibənin dayandırılması, ABŞ blokadasının ləğvi və Ormuz boğazından keçidin bərpası ilə bağlı çərçivə sazişi üzrə razılığa gəldiklərini bildiriblər.
ABŞ prezidenti Donald Tramp isə daha əvvəl 2015-ci ildə Barak Obama dövründə imzalanmış nüvə sazişindən daha sərt şərtlər tələb etdiyini bildirib və İranla razılaşmada "nağd pulla dolu paletlər” kimi maliyyə transferlərinin olmamasını xüsusilə vurğulayıb.
Aydın
Şərhlər