Xəbər lenti

Vəba Avropadan əvvəl Misirdə yayılıb - 3300 illik mumiya sübut etdi
Dünya 15:41 26.12.2024

Vəba Avropadan əvvəl Misirdə yayılıb - 3300 illik mumiya sübut etdi

Misir mumiyası göstərir ki, bubon vəbası Şimali Afrikada Avropanı "terrora" məruz qoymazdan min illər əvvəl yayılıb.

Qaynarinfo bu barədə "Interesting Engineering" jurnalında dərc olunan araşdırmaya istinadən xəbər verir.

Turin muzeyində saxlanılan Misir mumiyası üzərində araşdırma aparan alimlər müəyyən ediblər ki, həmin şəxs 3290 il əvvəl tarixdə ən qorxunc xəstəliklərdən biri olan bubon vəbasından dünyasını dəyişib. Məlumata görə, bu, vəbanın planetimizdə mövcudluğunun əvvəl düşünüləndən daha qədim olduğunu sübut edir.

Bununla yanaşı, indiyə qədər bu ölümcül bakteriyanın Avropa və Asiyadan kənarda mövcudluğuna dair fiziki sübutlar aşkar edilməmişdi. Lakin Turin mumiyası üzərində aparılmış araşdırmanın nəticələri xəstəliyin Şimali Afrikadakı izlərini üzə çıxarır və onun zamanla necə yayıldığına dair elmi fərziyyələri dəqiqləşdirməyə yardım edir.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, paleogenetik analizlər bubon vəbasının mənşəyinin daha qədim dövrlərə, neolit dövrünə aid olduğunu ehtimal edir.

Bildirildiyinə görə, bu xəstəliyə dair qeyri-müəyyən məlumatlar Qədim Misirdə 3500 il əvvələ aid tibbi mətnlərdə öz əksini tapıb. Bu mətnlərdə irin və qan axan şişmiş "daşlaşmış" bubonlar təsvir edilib. Lakin bu yazılı məlumatları təsdiqləyən heç bir mumiya tapılmamışdı. Turin mumiyası isə vəba bakteriyasının aydın izlərini özündə saxlayırdı. Alimlər müəyyən ediblər ki, xəstəlik həmin şəxsin sümük toxumasına və bağırsaqlarına yayılmışdır.

Tədqiqatçılar bakteriyanın daşıyıcısı olan birə növləri haqqında kifayət qədər məlumat toplayaraq, Nil boyunca vəba epidemiyalarının baş verə biləcəyini ehtimal ediblər. Lakin bu fərziyyələri faktlarla əsaslandıra bilməmişdilər. İndi isə Turin mumiyası onların bu iddialarını təsdiqləyən tarixi sübut kimi çıxış edir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->