SOCAR-ın infrastruktur obyektlərinin mühafizə zolağına düşən torpaq sahələrində vətəndaşlara məxsus tikililər var və zaman-zaman bu məsələ müzakirə mövzusuna çevrilir. Ümumiyyətlə, bununla bağlı mövcud durum necədir, buna hüquqi baxış nədən ibarətdir və vətəndaşların nəyi bilməsi vacibdir?
"İM-Hüquq xidmətləri” şirkətinin direktoru, vəkil Yeganə Məmmədova açıqlamasında yerli qanunvericiliyə görə zəbt olunmuş torpaq sahəsi üzərində inşa edilmiş tikili məhkəmə qərarı əsasında söküldükdə vətəndaşa heç bir kompensasiyanın ödənilmədiyini deyib:
"Bakı şəhərində və ətraf rayonlarda bələdiyyələr, eləcə də yerli icra hakimiyyəti orqanları tərəfindən vətəndaşlara mühafizə zolağına düşən torpaq sahələrinin bu və ya digər formada "satılması” halları mövcuddur. Bu, Baş Planın olmaması, bələdiyyələrlə bağlı qanunvericiliyin natamam olması, onlara ayrılmış torpaq sahələrinin təhvil-təslim aktı ilə verilməməsi, hüquqların dövlət qeydiyyatına alınmaması, mühafizə zolaqlarında xüsusi nişanlamanın olmamasının nəticəsidir. İstənilən halda əgər torpaq sahəsi zəbt olunubsa, onun mühafizə zolağına düşməsindən xəbərsiz olması hər hansı bir hal kimi qəbul edilmir. Çünki mühafizə zolağına düşən torpaq sahələrində heç bir halda tikinti aparıla bilməz. Yerli qanunvericiliyə görə, torpaq sahəsi zəbt olunubsa, məhkəmə qərarı əsasında onun üzərində inşa edilmiş tikili söküldükdə vətəndaşa heç bir kompensasiya ödənilmir. Əksinə, həmin tikilinin sökülməsi vətəndaşın vəsaiti hesabına həyata keçirilir".
"Bu zaman bütün qaydalara riayət olunduğundan həmin torpaq sahələrinin mühafizə zolağına düşüb-düşməməsi müəyyən olunacaq”
Onun sözlərinə görə, vətəndaşlar torpaq sahəsinin mühafizə zolağına düşüb-düşməməsini müəyyən etmək üçün torpaq sahəsi əldə edərkən yalnız rəsmi sənədləşmə tələb etməlidirlər: "Rəsmi sənədləşmə dedikdə notarial qaydada həyata keçirilən alqı-satqı nəzərdə tutulur. Əgər hər hansı bələdiyyənin və ya yerli icra hakimiyyəti orqanının balansında torpaq sahəsi varsa, onlar torpaq üzərində hüquqlarını dövlət qeydiyyatına aldırmalıdırlar. Bu zaman bütün qaydalara riayət olunduğundan həmin torpaq sahələrinin mühafizə zolağına düşüb-düşməməsi müəyyən olunacaq”.
Vəkil bələdiyyələrin məsuliyyət məsələsinə toxunaraq vəziyyətin birmənalı olmadığını deyib: "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Amma bələdiyyələr müstəqil qurumdur, müstəqil fəaliyyət göstərir. Ona nəzarət mexanizmi nə qanunvericilikdə, nə də Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulub. Bələdiyyələr torpaq sahələrini vətəndaşlara yalnız sərəncam əsasında satır. Sonradan həmin torpaq sahəsinin mühafizə zolağına düşməsi müəyyən olunduqda vətəndaş əziyyət çəkir. Məhkəmə qaydasında da ona verilmiş sərəncam ləğv edilir. Bunun məsuliyyəti təəssüf ki, bələdiyyənin üzərinə qoyulmur. Bələdiyyə yalnız ümumi qaydada bələdiyyələrin balansında olmayan torpaq sahəsini satdıqda Cinayət Məcəlləsində nəzərdə tutulmuş (saxta sənədlərin hazırlanması, vəzifə səlahiyyətlərindən sui-istifadə və s.) cinayət məsuliyyətinə cəlb edilə bilər”.
Mənbə: sfera.az
Şərhlər