Xəbər lenti

Vergi borcu iddiaları ilə gündəmə gələn “TVM İnşaat” DSMF-nin tenderini qazandı
Ölkə 11:58 02.03.2026

Vergi borcu iddiaları ilə gündəmə gələn “TVM İnşaat” DSMF-nin tenderini qazandı

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 80 ünvanında yerləşən inzibati binası əsaslı təmir ediləcək. 

Qaynarinfo xəbər verir ki, DSMF bununla bağlı tenderə yekun vurub. Tenderin qalibi "TVM İnşaat” MMC seçilib. 

Təmir işlərinə görə şirkətə 3 769 403,35 manat ödəniləcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, 25 iyul 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 3D, mənzil 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur.

"TVM İnşaat” MMC tikinti sektorunda fəaliyyət göstərən iri şirkətlərdən biridir. Bununla belə, şirkətlə bağlı müəyyən suallar doğuracaq məqamlar da var.
 
Məsələn, ötən ilin sentyabrında mediada Ağdam rayonunun Xıdırlı kəndində tikilən evləri su basdığı barədə məlumat yer almışdı. Həmin məlumatda "TVM İnşaat” MMC-nin adı keçir. Məlum olur ki, Xıdırlı kəndində adi bir yağışdan istinad divarları uçan və su basan evləri "TVM inşaat” MMC tikib. 

Şirkət bu iddiaları təkzib etməyib. Hər halda açıq mənbələrdə bununla bağlı heç bir qeydə rast gəlinmir. 

Bundan başqa, "TVM İnşaat” MMC vergi borcu olduğu halda satınalma müsabiqəsində qalib elan edilib. Bu fakt da bir neçə ilə aiddir. Dövlət satınalmaları haqqında Qanuna görə vergi borcu olan şirkətlər tenderdə iştirak edə bilməz. Lakin nədənsə bu, "TVM İnşaat” MMC-yə aid edilməyib. 

"TVM İnşaat” MMC ötən il 3 tenderin qalibi seçilib. Ədliyyə və Fövqəladə Hallar nazirlikləri tərəfindən keçirilən tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 4 847 512,99 manatdır. 

Seyid
--> -->