Vergi Məcəlləsində ƏDV ödəyiciləri üçün yenilik ola bilər - Ekspert

Vergi Məcəlləsində ƏDV ödəyiciləri üçün yenilik ola bilər - Ekspert

Dövlət Vergi Xidməti Emin Səttarovun təqdim etdiyi təklifi məqbul hesab edir

SM Consulting MMC-nin direktoru Emin Səttarovun Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı təklifi qəbul edilib. 

Bu barədə E.Səttarov Valyuta.az-a açıqlamasında bildirib. 

Onun sözlərinə görə, işlərin tətbiqi zamanı daim qarşıya çıxan halla bağlı vergi orqanına təkliflər ünvanlayır: "Onlar da öz növbəsində təklifimizi dəyərləndirirlər. Vergi Məcəlləsinin tətbiqi ilə bağlı təkliflərimizdən biri əlavə dəyər vergisinin vergi inzibatçılığı ilə bağlı olub”.


 
E.Səttarov bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən, məcburi qaydada əlavə dəyər vergisi (ƏDV) ödəyicisi olmaq 3 hala - vergi ödəyicisinin fəaliyyətinə görə, 12 aylıq dövriyyə ərzində ƏDV-yə cəlb olunan əməliyyatların dəyəri 200 min manatdan artıq və bir əqd üzrə ƏDV-yə cəlb olunan əməliyyatların dəyərinin 200 min manatdan artıq olduqda müəyyən olunur.

Qeyd olunan 2-ci və 3-cü halların Vergi Məcəlləsinin 155.1 və 157-ci maddələri ilə tənzimləndiyini söyləyən E.Səttarov, Məcəllənin 154.6-cı maddəsi isə ƏDV cəlb olunan dövriyyəyə görə deyil, fəaliyyətə bağlı olan əməliyyat olduğunu deyib: "Vergi ödəyicisinin fəaliyyəti ilə bağlı olan hal zamanı ƏDV məqsədləri üçün qeydiyyata dair ərizənin verilməsi vaxtı və ƏDV qeydiyyatının nə vaxt qüvvəyə minməsini əks etdirən hər hansı bir maddə yoxdur. Ona görə də təklif etdik ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə üçüncü bənd əlavə edilsin”. 

Şirkət rəhbərinin vergi qanunvericiliyinin təkmilləşdiirlməsi ilə bağlı təqdim etdiyi təklifə Dövlət Vergi Xidmətində baxılıb. Xidmətin rəis müavini Samirə Musayeva Valyuta.az-a açıqlamasında bildirib ki, müəssisə və təşkilatlardan, dövlət orqanlarından, habelə, vergi ödəyicilərindən daxil olan təkliflər Dövlət Vegi Xidmətində ümumiləşdirilir və mütəmadi olaraq vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamtində işlər aparılır. 



"Vergi Məcəlləsinin 2.8-ci maddəsinə əsasən, növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində vergi siyasəti, vergi inzibatçılğı və vergi  dərəcələrinin müəyyən edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər edilməsi zərurəti yarandıqda həmin qanun layihələri Milli Məclisə cari ilin mayın 15-dən gec olmayaraq təqdim edilir” - S.Musayeva qeyd edib.  

S.Musayevanın sözlərinə görə, E.Səttarovun  təqdim etdiyi təklif məqbul hesab edilib. Həmin təklifə növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində baxılacağını qeyd edib.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR