Foto 11:19 20.10.2021

Vətən müharibəsi şəhidi Cavid Həsənovun anım günüdür (FOTOLAR)

Bu gün Vətən müharibəsi şəhidi Həsənov Cavid Mikayıl oğlunun anım günüdür. 

Qaynarinfo xəbər verir ki, əslən Qərbi Azərbaycanın Qafan şəhərinin Atqız kəndindən olan Cavid Həsənov Mikayıl oğlu 1993-cü il martın 6-da Bakı şəhərində anadan olub. 1999-2006-cı illərdə Bakının Nizami rayonunda V.Sadıqov adına 214 nömrəli tam orta məktəbdə təhsil alıb. 2006-cı ildən təhsilini Fizika Riyaziyyat və İnformatika təmayüllü Liseydə davam etdirib və 2010-cu ildə həmin liseyi müvəffəqiyyətlə bitirib.

Cavid Həsənov 2010-cu ildə yüksək balla əvvəlki adı ilə Azərbaycan Dövlət Neft Akademiyasının qaz neft mədən fakültəsinə qəbul olub, 2014-cü ildə uğurla bitirib. 2011-2014-cü illər ərzində təhsilini davam etdirməklə yanaşı, "Digital Service Company LLC"də, daha sonra "Azercell Telecom" LLC-də müştəri xidmətləri təmsilçisi vəzifəsində işləyib.

2014-2015-ci illərdə Gəncə şəhər N saylı hərbi hissədə hərbi xidmət keçib. 2015-2016-ci il ərzində Xəzər Universitetində İqtisadiyyat və menecment sahəsində magistr dərəcəsini qazanıb, ancaq müəyyən səbəblərdən təhsilini dondurub. 2016-2018-cı illərdə SOCAR AQŞ LLC-də qazma köməkçisi vəzifəsində çalışıb. 2018-2019-cu illərdə "EasyDrill” LLC-də maili qazma mühəndisi vəzifəsində fəaliyyət göstərib. 2019-2020-ci illərdə isə National Oilwell Varco LLC-də Qazma Problemlərinin Həll Yolları üzrə mühəndis vəzifəsində çalışan çox az azərbaycanlılardan biri olub. 

Xarici dillərdə (rus, ingilis) mükəmməl təhsil alıb. Burada işlədiyi zaman Azərbaycan Dövlət Neft Şirkətinin və BP-in bir çox layihələrində iştirak edib. Təhsil aldığı və işlədiyi dövrlərdə hər zaman öz bilikləri hesabına karyerada irəliləyib və eyni zamanda qazma sahəsi üzrə bilik və bacarıqlarını daha da təkmilləşdirərək bu sahənin incəliklərini dərindən öyrənib, müxtəlif sertifikatlar əldə edib. 

Cavid Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Hadrut və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 20-də Xocavənd istiqamətində gedən döyüşlərdə igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksəlib. 

Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş Cavid Həsənov Prezident İlham Əliyevin sərəncamı ilə "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Vətən uğrunda” medalları ilə təltif edib.

Cavid Həsənov 18 noyabr 2020-ci ildə II Fəxri Xiyabanda dəfn olunub.