Aqşin YENİSEY
Ölkə 13:01 09.11.2022

Vicdana köləlik edən qanuna ağalıq edir

Vicdan hüququn metafizikasıdır. Namus seksual vicdandır. Qeyrət namusun praktik icrasıdır. Hər üç anlayış əkinçilik şüurunun qalığıdır və bir vaxtlar özünümüdafiə məqsədi daşısa da, günümüzdə daha çox məişət zəminində baş verən hücumlara, təcavüzlərə haqq qazandıran əxlaq ittihamçısı kimi özünü göstərir. Vicdan sosial bərbarsizliyin ortaya çıxdığı, hüququn olmadığı çağlarda sosial ədaləti qoruyan mənəvi tənzimləyici rolu oyanyırdı. Vicdan allahı insanın özü olan şəxsi din idi. Transmilli dinlər şəxsi vicdandan törədi. Allah vicdanın şişirdilmiş adıdır. 

Vicdan - hüququn, məhkəmənin, yəni ictimai mühakimənin olmadığı çağlarda onu əvəz edən şəxsi mühakimə idi. Ağa xətası olan qulu öldürə də bilərdi, bağışlaya da. İş buraxılırdı ağanın vicdanının öhdəsinə. Qan namusun ləkəsini daha yaxşı aparan "Ariel” yuyucu tozu hesab olunurdu. Namusun "LG”-si qeyrət idi. 

Qanun işləməyəndə onun yerini vicdan zəbt edir.  

Vicdanı ilk dəfə yazılı qanuna çevirənlərdən biri Hannibal oldu. Karfagenliyə qanun qoydu ki, kim sənin öküzünü vurub öldürübsə, sən də onun öküzünü vurub öldürməlisən. Bu olub eramızdan 300 il əvvəl. Misiri işğal edən Romalılar V əsrdə Misirin ədalət allahı Nemezidadan ilhamlanaraq Roma Hüququnu yaratdılar və o gündən qisas, intiqam kimi şəxsi mühakimələr ictimai mühakimə, yəni məhkəmə hökmləri ilə əvəz olundu. Vicdan anlayışı sosial ədaləti tənzimləyən metafizik hüquq olma gücünü itirdi. İnsanlar bir-birilərinin deyil, qanunların qarşısında öhdəlik daşıdılar və qanun qarşısında bəarbər oldular. 

Qanunun işlədiyi yerdə kiminsə vicdanına nə gərək var ki? Mənəvi öhdəlik kimi geriqalmış cəmiyyətlərdə varlığını bu gün də qorusa da, vicdanın artıq heç bir ictimai dəyəri yoxdur. Çünki heç bir hüquqi əhəmiyyəti yoxdur, daşıdığı məsuliyyət də nisbidir, şəxsə və vəziyyətə görə dəyişir. 

"Ay vicdansız" sözü bu gün, az qala, əzizləmə mənasında deyilir. Statistikaya görə, bu gün ən çox əxlaqsızlıq halları "namus", "qeyrət" kimi arxaik əxlaqa söykənən cəmiyyətlərdə baş verir. Hansı ölkədə ki, vicdan anlayışı qanun anlayışından üstündür, dünyanın ən böyük vicdansızları o ölkələrdə yaşayırlar. Bu gün Qərb ədəbiyyatında "namus", "qeyrət", "vicdan", "xeyir", "şər" kimi anlayışların izinə belə rast gələ bilməzsiniz. Onlar məsələləri daha çox hüquq müstəvisində müzakirə edirlər. Çünki hüquq elə ictimai, ümumi vicdanın məhsuludur. Ümumi vicdanın, ümumi mənafenin qorunduğu yerdə sənin, mənim vicdanım cibimizdə gəzdirdiyimiz bıçaqdan başqa bir şey deyil. 

Və vicdanın köləsi olanlar, adətən, özünü cəmiyyətdə qanunun ağası kimi aparırlar.

Aqşin Yenisey