Dünən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu tanınmış jurnalist Əvəz Zeynallının müəllifi olduğu canlı efirdə KİVDF-nin sabiq sədri Vüqar Səfərli ilə bağlı maraqlı faktları açıqlayıb.
"Qardaşım Qurban Məmmədov Vüqar Səfərliyə iş verdi. Maxinasiya ilə məşğul olduğuna görə qovduq. Sonra hansısa xətlə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru təyin edildi. Biz bu adamları çox yaxşı tanıyırıq. Təsəvvür edin, vəzifədə olanda Şamaxıya gedirdi, rayon icra hakimiyyətinin başçısı ov üçün xüsusi hazırlıq görürdü, donuzları qabağına qovalayırdılar ki, ov etsin. Bu adam oğru, dələduz olub. İcra başçısı bu adamın xidmətində dururdu, kimdi bu? Əyninə şalvar ala bilmirdi…” – deyə S.Cəlaloğlu qeyd edib.
Bundan sonra sosial şəbəkələr və bəzi saytlar Sərdar Cəlaloğlunun əsas tənqid hədəfini bir kənara qoyaraq Şamaxının hazırki icra başçısı Tahir Məmmədovla bağlı neqativ paylaşımlar ediblər.
Məsələ ilə bağlı 7news.az saytına açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu qeyd edib ki, ov hadisəsi 3-4 il qabaq baş verib: "Mən burada əsas hədəf kimi Vüqar Səfərlini göstərmişəm. Jurnalistlər üçün tikilən sonuncu binada mən bir neçə kasıb, evsiz jurnalistlə bağlı Vüqar Səfərliyə, Əli Həsənova müraciət etmişəm. Demişəm bu adamların vəziyyəti pisdir. Ancaq onlar dövlətin puluna özlərinə biznes qurublar, evlər, villalar tikiblər. Bu adam adi qəzet paylayan idi. Öz qəzetlərinə bu günə qədər 5-10 milyon manat pul ayırıb. Bizim qəzetə isə bunun yanında kiçik məbləğ ayırıblar. Ov məsələsinə gələndə isə Vüqar Səfəli hər qış Şamaxıya ova gedirdi, donuz elə qışda olur. Başçı və onun adamları şərait yaratmasalar, o, necə ov edə bilərdi? Heç prezident belə şeylər etmir, bunlar edirlər. Mən konkret Tahir Məmmədovu deməmişəm. Bu hadisə 3-4 il qabaq olub. Kimin Tahir Məmmədovla qərəzi var, özü bilər. 3-4 il qabaq Vüqar Səfərli Şamaxıya gedəndə başçı onu "Mersedes”lə, polis-filanla qarşılayırdı. Bir daha deyirəm, mən konkret ad deməmişəm. Vüqar Səfərli imperator həyatı yaşayır, bunların maşınlarına, evlərinə, obyektlərinə baxın. Əli Həsənov işdən çıxmamışdan qabaq dəfələrlə özünə demişəm, demişəm ki, bu pullar hara gedir. Mən hər yerdə, hər zaman bunu demişəm”.
Qeyd edək ki, Tahir Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Şamaxı Rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Bu da 2 ildən az bir vaxtdır. Sərdar Cəlaloğlu isə hadisənin 3-4 il bundan qabaq baş verdiyini deyib. Bu dövrdə Şamaxının icra başçısı Asif Ağayev olub. A.Ağayev hazırda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısıdır.
Şərhlər