Azərbaycanın xalq şairi Musa Yaqub vəfat edib.
Qaynarinfo xəbər verir ki, o, mayın 7-də İsmayıllı rayonunda 84 yaşında dünyasını dəyişib.
M.Yaqub yaşadığı İsmayıllı rayonunun Buynuz kənd qəbirstanlığında həyat yoldaşının məzarının yanında torpağa tapşırılacaq.
Qeyd edək ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) işləmişdir. ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1967-1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olmuşdur. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1974-1978). İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub.
Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlamışdır. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak etmişdir. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olmuşdur (1979-?). İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. M.F.Axundov adına mükafata layiq görülmüşdür. Musa Yaqub Parkinson xəstəliyindən əziyyət çəkir.
Prezident İlham Əliyevin 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə görkəmli şair, Yazıçılar Birliyinin üzvü Musa Yaqub "Xalq şairi” fəxri adlarına layiq görülüb.
Qeyd edək ki, Yazıçılar İttifaqının mətbuat katibi Xəyal Rzazadə isə bildirib ki, Xalq şairi Musa Yaqub vəsiyyətinə uyğun olaraq sabah İsmayıllı rayonunun Buynuz kəndində - xanımın yanında dəfn ediləcək.
Şərhlər