Azərbaycanda son günlər gündəmə gələn mövzulardan biri də 2007-2015-ci illəri əhatə edən Azərbaycan gənclərinin xaricdə təhsili proqramıdır. Daha doğrusu, proqram çərçivəsində xaricdə təhsil alıb ölkəyə qayıdan gənclərin sonrakı taleyi müzakirə mövzusudur. Belə ki, bir neçə yüksək vəzifəyə təyinat alan gənc kadrların təhsilini araşdırdıqda məlum olur ki, onlar təhsildə elə də yüksək nəticə göstərməyiblər, heç bir xarici universitet təhsilləri, hətta orta səviyyəli dil bilikləri belə yoxdur. Belə olan halda ortaya təbii sual çıxır: dövlət proqramı vasitəsilə xaricdə təhsil alan gənclər hardadır? Niyə onlardan irəli çıxan, hansısa yüksək vəzifəyə təyinat alan yoxdur? Proqram düzgün icra olunmadı, yoxsa həmin gənclər düzgün seçilmədi? Mövzu üzrə ekspertlərin fikirlərinə keçməzdən öncə qeyd edək ki, Azərbaycan gənclərinin xaricdə təhsili proqramına 2007-2015-ci illərdə dövlət büdcəsindən 212 milyon 700 min manat vəsait xərclənib. Bu, təbii ki, olduqca az məbləğdir. 2015-ci ildə proqram dayandırılanda ekspertlər bunun yanlış qərar olduğunu desələr də, təəssüf ki, gənclərin xaricdə təhsilinə yenidən vəsait ayrılmadı.
Məsələ ilə bağlı fikirlərini Qaynarinfo-ya açıqlayan iqtisadçı alim Qubad İbadoğlunun sözlərinə görə, həmin vəsait hesabına 3500-ə yaxın Azərbaycan gənci xaricdə təhsil alıb:
"İlkin məlumatlara görə, onların demək olar ki, yarısı ölkəyə qayıtmışdı, yarısı təhsilini davam etdirirdi. Son vaxtlar isə dəfələrlə müraciət etməyimizə baxmayaraq, xaricdə təhsil proqramı çərçivəsində məzun olanların, onların arasında isə ölkəyə qayıdanların sayı ilə bağlı heç bir açıqlama verilmir.
Bu proqram çərçivəsində maliyyələşdirilən tələbələrin heç də hamısı məzun olmamışdı, bizdə olan məlumata görə, onların bəziləri təhsillərini başa çatdırmayıblar. Proqramdan yararlananlar təbii ki, tələbələrin özləridir. Onlar dövlət hesabına müxtəlif ali təhsil müəssisələrində təhsil alıblar. Təhsilin səviyyəsinə uyğun olaraq az və ya çox faydalananlar var. Amma bu proqramı təqdim edəndə ondan Azərbaycan dövlətinin və iqtisadiyyatının da faydalanması əsas götürülürdü. Təəssüflər olsun ki, bugünkü təyinatlar da, aparılan kadr siyasəti də göstərir ki, nəinki yüksək, hətta orta səviyyəli dövlət idarəçiliyində həmin proqramın məzunlarına rast gəlmək mümkün deyil. Yenə də ABU, "Təfəkkür” kimi müəyyən dövrdə fəaliyyət göstərmiş, sonradan fəaliyyəti dayandırılmış universitetlərin məzunları kifayət qədər yüksək vəzifələrə, o cümlədən rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıblar. Xaricdə təhsil alanların Azərbaycan iqtisadiyyatında, dövlətdə əsas töhvəsi idarəçiləy cəlb edilməsi, eyni zamanda yeni innovasiyaların ölkəyə gətirilməsində ola bilər. Amma hazırda bunu dövlət idarəçiliyində bunu görmək mümkün deyil”.
Ekspertin fikrincə, proqramın bərpa edilməsinə ehtiyac var. "Mən hesab edirəm ki, proqramın dayandırılması düzgün deyildi” deyən Q.İbadoğlu qeyd etdi ki, 2015-ci ildə də neftin qiyməti ucuzlaşdı, o səbəbdən bir sıra proqramlar dayandı, onlardan biri də xaricdə təhsil üzrə dövlət proqramı oldu: "Amma düşünürəm ki, o zaman yanlış qərar verildi. İndi xaricdə təhsil proqramı olmasa da, ali məktəblərin rəqabət qabiliyyətinin artırılması üzrə dövlət proqramı çərçivəsində yalnız xaricdə doktorluq təhsili alanlar üçün dövlət maliyyə ayırır. Bir də Gənclər Fondunun və Gənclər və İdman Nazirliyinin xəttilə xaricə gənclər göndərilirdi. Bu il də pandemiya ilə əlaqədar olaraq həmin proqram işləmir. Bu, o deməkdir ki, dövlət həmin istiqamətə bu il vəsait ayırmayacaq. Bu sahəyə vəsait xərclənməsi vacibdir. Təsəvvür edin, 2008-2020-ci illər arasında 12 ildə biz cəmi 212 milyon manat vəsait xərcləmişik bu məqsədlə. Burada da söhbət 3500 tələbədən gedir. Orta hesabla bir tələbəyə düşən vəsait heç də böyük məbləğ deyil, cəmi 60 min manatdan söhbət gedir. Belə olan halda 100 tələbəni xaricə göndərsək, təxminən 6 milyon manat lazımdır ki, biz onların xərcini ödəyək. 100 tələbənin dövlət hesabına xaricdə təhsil alması çox əhəmiyyətli məsələdir. Hətta biz bu proqramı əvvəlki səviyyədə tətbiq etsək, ilə 26 milyon manat düşür ki, bu da böyük rəqəm deyil. 26 milyona imkan yoxdur, heç olmasa 100 tələbəyə 6 milyon manat ayırmaq mümkündür. Neft gəlirlərinin azalması ilə bunu əlaqələndirmək düzgün deyil. Məsələn, Özbəkistanda heç neft gəlirləri yoxdur, amma onlar xaricdə təhsil üzrə dövlət proqramına vəsait ayırırlar. Bir çox ölkələrdə bu cür proqramlar reallaşdırılır, hansı ki, onlar heç də varlı dövlətlər hesab olunmur. Bütün bu səbəblərdən həmin proqramın bərpası vacibdir. Amma mütləq nəzərə almaq lazımdır ki, həmin proqramın məzunları ölkə iqtisadiyyatına xeyir verməlidirlər. İndiki halda onların əksəriyyəti xaricdə qalıblar, heç ölkəyə qayıtmalarının da mənası yoxdur. Çünki Azərbaycanda onları dövlət qulluğuna götürmürlər. Əvvəllər ümumiyyətlə dövlət qulluğunda ehtiyat siyahıya salırdılar, indi isə yeganə olaraq müsabiqədə üstünlük qazanmaq imkanları var. Dövlət qulluğunda aşağı və orta ranqlı məmurların əməkhaqları, onların özlərini reallaşdırmaları üçün mühitin olmaması bu prosesdə iştirakına ciddi çətinlik yaradır. Odur ki, ilk növbədə hökumət göstərməlidir ki, onlara yüksək vəzifələrdə ehtiyac var, siyasi vəzifələrə təyin olunmalıdırlar. İkinci isə proqram məzunları haqqında dəqiq məlumat verilməlidir. Açıqlanmalıdır ki, onların neçəsi ölkəyə qayıdıb, neçəsi özəl sektorda işləyir, neçəsi dövlətdə çalışır, neçəsi ümumiyyətlə ölkəyə qayıtmır. Bunu Təhsil Nazirliyi açıqlaya bilər. Nəhayət, dediyim kimi, proqram bərpa olunmalıdır. Xaricə göndərilənlərlə dövlət arasında müqavilə imzalanmalıdır. Tələbə öhdəlik götürməlidir ki, oxuduqdan sonra ölkəyə qayıdıb öz töhvəsini verəcək. Dövlət də eyni zamanda öhdəlik götürməlidir ki, tələbə oxuyub qayıtdıqdan sonra layiqli işlə təmin ediləcəklər. Çünki əvvəlki proqramla oxuyanların bəziləri ölkəyə qayıtdılar və təmin olunmadıqlarını görüb yenə getdilər. İndi də görürsünüz, təyinatlarda heç də yüksək təhsil deyil, başqa amillər nəzərə alınır”.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 minə yaxındır. Onlardan 15 mini qardaş Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alır:
"Xarici ölkələrdə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar. Onlardan biri Dövlət İmtahan Mərkəzi tərəfindən keçrilən qəbul imtahanlarında topladıqları ballar burda ali məktəblərə qəbul olmağa imkan verməyənlərlədir ki, bunların sayı hədsiz dərəcədə çoxdur. Bu kateqoriyaya aid olan şəxslər daha çox Ukrayna, Rusiya, Dərbənd, dağıstan, Gürcüstan kimi ərazilərin universitetlərində təhsil almağa üstünlük verirlər. Səbəb isə odur ki, bu universitetlərdə hətta prestijli ixtisaslarda təhsil alsalar belə, qeyri-qanuni yollarla təhsillərini başa vura biləcəklər. Bu ölkələrdə təhsil almağa gedənlərin əksəriyyəti hüquq, maliyyə-iqtisadiyyat kimi ixtisaslara daha çox üstünlük verirlər. İkinci kateqoriyanı o şəxslər təşkil edir ki, onlar Azərbaycanda ali məktəblərə qəbul olurlar, amma aldıqları təhsil onları qane etmir. Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün xarici ölkələrə üz tuturlar. Müəyyən şəxlər də var ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər. Bu şəxslər daha çox Türkiyə, Macarıstan, və digər Avropa ölkələrinin universitetlərinə üz tuturlar və seçdikləri ixtisaslar tibb, kompüter və ya informasiya texnologiyaları, nano texnologiya kimi ixtisaslar olur. Üçüncü kateqoriyanı isə 2007-2015-ci illəri əhatə edən xaricdə təhsil dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil almağa gedənlər təşkil edir. Bu proqram çərçivəsində daha çox Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi güdülürdü. Xaricdə təhsil proqramı ilə gəncləri daha çox müəyyən edilmiş prioritet ixtisaslar beynəlxalq münasibətlər, tibb, baytarlıq, kənd təsərrüfatı, mühəndislik, yüksək texnologiyalar, qədim dillər ixtisasları əhatə edir. Dövlət proqramının əsas məqsədinin rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin dünyanın inkişaf etmiş ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət olduğunu nəzərə alsaq, qeyd olunun ixtisaslar çox vacibdir. Amma proqramın effektivliyini əmək bazarında müşahidə etməmişik. Belə ki, daha çox dövlət orqanları üçün nəzərdə tutulmuş kadrlar əmək haqqının azlığı və perspektivin olmaması ucbatından özəl sektorda çalışmağa üstnlük verirlər. Digər tərəfdən isə bəzi şəxslər heç də dünyanın nüfuzlu universitetlərindən məzun olmayıblar”.
K.Əsədov qeyd etdi ki, heç də xarici ölkələrdə təhsil almış bütün şəxslər yerli univertistetlərimizin məzunlarından savadlı, bacarıqlı deyillər: "Sadəcə olaraq xarici ölkələrdə təhsil alanların İKT bacarıqları, xarici dil bilgiləri və hadisələrə praqmatik yanaşmaları fərqlənə bilər. Amma biz hələ də rəqabətə davamlı və dayanıqlı iqtisadiyyatın formlaşmasında, təhsilin, səhiyyənin, turizmin, nəqliyyatın, kənd təsərrüfatının inkişafına, qida ehtiyatı və qida təhlükəsizliyinin formalaşmasında onların rolunu, fəaliyyətini görə bilmirik”.
Qaynarinfo-nun İqtisadiyyat şöbəsi
Şərhlər