Xəbər lenti

Xarici media: Qaçqın düşərgəsinə vurulan zərbə İsrail üçün nə ilə nəticələnəcək?
Dünya 23:55 28.05.2024

Xarici media: Qaçqın düşərgəsinə vurulan zərbə İsrail üçün nə ilə nəticələnəcək?

Rəfahda yerləşən məcburi köçkün düşərgəsinə zərbə İsrailə baha başa gələ bilər; bu zərbə BMT və Avropa İttifaqı tərəfindən pislənib. Avropa ölkələrinin xarici işlər nazirləri hətta ilk dəfə olaraq sanksiyaların tətbiqini müzakirə ediblər. Əsas müttəfiqi ABŞ isə onlarla fələstinlinin ölümünə səbəb olan hücumun şərti "qırmızı xətti” keçib-keçmədiyini qiymətləndirir. İsrail özü də etiraf edir ki, zərbə "faciəli səhv” olub. 

Qaynarinfo bu barədə xarici medianın icmalını təqdim edir.

Mayın 27-nə keçən gecə İsrailin zərbə endirməsindən az sonra İsrail ordusu HƏMAS-ın hərbi qanadının iki üzvünü öldürdüyünü bildirib. Politico xatırladır ki, İsrail ordusu "bölgədə bir neçə mülki şəxsin yaralandığını” da əlavə edib. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, hücumda ən azı 45 fələstinli həlak olub, 200-ə yaxın adam yaralanıb. İsrailin baş naziri Binyamin Netanyahu artan qəzəb fonunda etiraf etmək məcburiyyətində qaldı: "Günahsız mülki insanlara zərər verməmək üçün bütün səylərimizə baxmayaraq, dünən gecə faciəli bir səhv baş verdi”.
Nəşrin yüksək səviyyəli həmsöhbətinin sözlərinə görə, qaçqın düşərgəsindən görüntülər "ürək parçalayır”. "İsrailin HƏMAS-ın arxasınca getməyə haqqı var, lakin o, mülki insanları qorumaq üçün hər cür tədbir görməlidir”, - deyə "Politico” onun sözlərindən sitat gətirib.

"Axios" yazır ki, Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın İsrailə səfərindən sonra ABŞ əmin olub ki, o, İsrail hakimiyyətinə Rəfah əməliyyatından əhaliyə dəyən ziyanı minimuma endirmək zərurətini çatdıra bilib. İndi də Ağ Ev İsrailin Rəfaha zərbəsi ilə "qırmızı xətti” keçib-keçmədiyini qiymətləndirir.

"Associated Press" qeyd edir ki, hücum yalnız artan beynəlxalq tənqidi gücləndirib. Fransa prezidenti Emmanuel Makron atəşkəsə, Almaniya Xarici İşlər Nazirliyi isə təcili araşdırmaya çağırıb. Danışıqlarda əsas vasitəçi olan Qətər, Rəfaha zərbənin danışıqları "çətinləşdirə biləcəyini" bəyan edib.  

On illər əvvəl İsraillə sülh bağlamış qonşu İordaniya və Misir də Rəfaha zərbəni pisləyib. "The Guardian” xatırladır ki, sonuncu ilə münasibətlər mayın 27-də Qəzza zolağı ilə sərhəddə İsrail hərbçiləri ilə atışmada bir misirli əsgərin ölümündən sonra kəskin şəkildə pisləşib.

"Politico" qeyd edir ki, Aİ xarici işlər nazirləri ilk dəfə olaraq İsrailin beynəlxalq humanitar hüquqa riayət etməyəcəyi təqdirdə ona qarşı mümkün sanksiyalara dair "ciddi danışıqlar” aparıblar.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->