Xəbər lenti

Xasiyyətin tündlüyü və ya münasibətin ana xətti…
Könül Nuriyeva
Ölkə 14:52 04.03.2025

Xasiyyətin tündlüyü və ya münasibətin ana xətti…

İnsan münasibətlərini həm dövlətlərin, həm ailələrin, həm müharibələrin, həm sülhün əsas xəttidir. Hadisələrə, olanlara və olacaqlara bir-bir baxaq:

Deməli, hadisələr həmişə cəmiyyətdə baş vermiş kimi, cəmiyyətin törəməsi kimi görünsə də, əslində həmişə iki nəfər arasında başlayır. İki nəfəri münasibətə sövq edən nə olur və yaxud nələr olur? Adi göz təması texnologiya dövründən əvvəl bəs edirdi, indi isə mən günlərlə, aylarla bir-biriylə sosial şəbəkə üzərindən yazışan adamlar tanıyıram ki, heç fotolarını göndərmək arzusunu dilə gətirməyiblər. Bu reallıqdır. 

Haşiyə çıxaraq deyim ki, buna səbəb insanların ürəklərinin çox dolu olması, amma qohumlarına olan açıq səbəbindən, qonşularına olan etibarsızlıq səbəbindən söhbətlərini etməyə adam tapmamalarıdır. Üz, sima, üz ifadəsi, mimikalar, göz təması kimi vacib faktorlar əhəmiyyətini itirir. "Təki gecə-gündüz işimi-gücümü atım və yazım" düşüncəsi insan həyatına vaxt məhdudluğu kimi ağır zərbə vurur. Təəssüf ki, insanlar bunu görür, amma əksinə çıxa bilmirlər.

Məhz bu səbəbdən tez qırılan münasibətlər halqasının içində boğula-boğula qalan N sayda statuslar oxuyuruq. Məni ən çox narahat edən bir məsələ var: qırılan münasibətləri insanların israrla bərpa etmək istəkləri. "Bu qeyri-mümkündür!" desəm, bilirəm ki, psixoloqlardan tutmuş yaşam koçlarına kimi çox adamdan etiraz eşidəcəyəm. Elə isə detallarla izah edim və mətnin əvvəlində dediyim kimi, bu, həm də dövlətlərarası münasibətlərə də şamil edilir.

Sən biriylə işıqlı bir yola başladığını düşünürsən, ilk günlər, hətta aylar rolunu əsl aktryor kimi əla ifa edən narsistlərin çox olduğu dövrdə sənin beynin o adamı idealizə etməklə məşğuldur. Onun beyni isə mənfəətli planlar hazırlayır və sən bunu görə bilməzsən. Çünki, insanlar təmiz ürəkli olan və olmayanlara ayrılır. İnsanlar mənfəətpərəstlərə və münasibətlərdən məqsəd güdməyənlərə ayrılır. Beynində uşaqlıqdan yaratdığın ideal dost, ideal ər, ideal rəfiqə, ideal iş obrazları var. Sən bunları şüüraltına hər gün damcı-damcı yığmısan. Çünki, insanın yaradılışı budur. O idealisdir, mükəmməliyyətçidir, eqoistdir. O hər şeyin ən yaxşısının onun olmasını istəyir. Bəli, məhz həmin ideal insan obrazı rastlaşdığın bir adamla uyğun gəlir. İşin ən pis tərəfi odur ki, biz təbiət etibarilə vizual olduğumuz üçün bədəni, siması xoşumuza gələn adamın mənəviyyatı ilə də bizə uyğun olmasını axmaq şəkildə başımıza qoyuruq. Bu münasibətlərdə etdiyimiz ilk qaba səhvdir. 

Sonrakı etapları eqoizm, iki insanın eqoistliyi həll edir. Yola davam edənlər mütləq şəkildə hər ikisi alt məqsəd güdənlər olur. Dövlətlər üçün keçərli olan bu müddəa yola gedən dövlətlərin iqtisadi-siyasi alt maraqlarının olmasına yəqin etiraz etməzlər. Təbii ki, bu belə də olmalıdır. Kimsə kimin gözünə-qaşına aşiq deyil, bəlkə də əvvəllər olardı. Tülküləşən texnologiya əsri insan beyinlərini ayıq, eyni zamanda hiyləgər edib. Kimisə asanlıqla təəccübləndirə, inandlra bilməzsən. Kimsə nağıl dinləməz və etibar etməz. Burda mənə mətnimi inkar edən suallar verə bilərsiniz: onda niyə aldanırıq? Onda niyə ürəyi dolu olan adam vizualizmi nəzərə almadan aylarla söhbət edirdisə, öz beyninin oxşarını görən kimi ona hayıl-mayıl oldu? 

İnsan təbiətinin dadı-duzu da burdan başlayır, məhz buna görə insanı araşdırmaq bu qədər həzzvericidir: qatlar bitmir, laylar tükənmir! Baş tutmayan dostluqlar silinir, bir təbiət hadisəsi baş verir, təbii seçmə qalib gəlir. İnsan beyni isə keçmişdə ilişib qalmaqdan böyük iş tanımır. Səhər yuxudan ayılır, dünəni düşünür, yol gedir, bir neçə gün əvvəl o yolu addımladığı adamı düşünür. Hələ illər əvvəl verilmiş çiçəkləri saxlamaq, hədiyyələrə baxmaq kimi insanı geriyə çəkən addımları demirəm. Bərpa etmək insan təbiətinin ayrılmaz, həm də faciəli hissəsidir.  

Yeganə insan münasibətləridir ki, onların bərpası əvvəlki kimi görünsə də, əvvəlki kimi olmur və bunu hər iki adam, hər iki dövlət görür və bilir, amma barışmaq, qəbul etmək istəmir. Onu incitməmək üçün edilən çabalar, danışmaq istəyib susmaqlar, ürəyindəkini dilə gətirməyərək yaşanan günlər, gözlərin başqa, dilin başqa sözlər söyləməsi kimi hallar birmənalı şəkildə məhv olmuş, bərpadan sonra çatlaq şəkildə davam edən münasibətlərin əlamətləridir. Məhz bu səbəbdən heç vaxt heç kiminlə, həyatımda bircə dəfə də bitmiş münasibətlərimi bərpa etməyin tərəfdarı olmadım. Amma ətrafımda buna çalışan, illərini verən onlarla insanlarla qarşılaşdım. "Ürəyim onda qalıb" kimi, əslində ürəyin bu prosesdən tamamilə xəbərsiz olduğu bu durumlara beynin səbəb olduğunu unutmamaq gərəkdir. Əslində yazıq qarşı tərəfin bu işdə bir günahı yoxdur ki! Bütün problem sənin beynini ideal obrazındadır ki, sən onu buraxmaq istəmirsən. Onu uyğun gələn birinin getməsi sənə evinin yıxılması və ya yanması təəssüratı verir. Amma düşünə bilərsən ki, elə obraz özü yalandır, məgər sən ideal birisən ki, həmin obraz da ideal olsun?! Məgər dünyada insan yoxdur ki, sən ondan sıx yapışmısan? Bilirsən, bu dünyada elə gözəl insanlar var ki… 

Yəni, söhbət tamamilə enerji məsələrinə gedib çıxır. Sən beynində yaratdığın səhv obrazı daxili enerjinlə bir həftəyə yox edə bilərsən. Sən keçmişin arxasınca sürünməyi, bərpanı, ətrafdakıların sənin tünd xasiyyətini tənqid etməklərini buraxıb, məkrli niyyətləri, üzü və astarı fərqli adamları bir saat əvvəldə qoyub, bu qarışıq və kasıb dünyada rahat və mənəvi, maddi varlı ola bilərsən. Son olaraq ən məhşur, lakin ən sadə cümlə həyatının ana xətti ola bilər: Hər şey səndə başlayır və səndə bitir. 

Bunu söyləmək yerinə gedib bitmiş münasibət partnyorunuza bunları yazmayın: Hər şey səninlə başladı və səninlə bitəcək. Bu cümlələrdən sonra gülümsəyirəm, çünki özünü qəbul etməyənlərin, özü ilə barışmayanların, dünənindən saralmış yarpaq kimi asılı qalanların dünyasında bu mətnin köməksiz qalacağını bilirəm. Keçmişdən ilişməyin bir səbəbi səhv şüuraltı idealizə problemidirsə, biri də insan təbiətinin zəhəri olan hikkədir. İlahi! Bu yerdə mütləq Yaradanı köməyə çağırmalıyam. İlahi, nə çox adam hikləsini dostluq bilir, ailə bilir, iş bilir, münasibət bilir. Nə çox adam məhz hikkəli olduğu, içindəki tünd sirkəli xasiyyəti ucbatından bir insandan asılı qalır, keçmişdəki adamı təkrar-təkrar bu gününə gətirib, həyatını zibil gününə qoyur, saatlarla bir-birinə səslər atır. Hikkə ilə yol gedənlər, çiçək alanlar, tort sifariş verənlər, kitab yazanlar, münasibətə başlayanlar var. Nə çox dövlətlər hikkə səbəbindən bütün ölkəninin taleyini müharibələrə sürükləyir. Nəticə olaraq bəlkə belə yazım: Münasibətlərin kökündəki hikkə və səhv idealizə etmək dəyişmədikcə, sən keçmişdən asılı, bu gününün ləzzətini çıxarmayan biri olaraq qalacaqsan, əziz dost…

Könül Nuriyeva

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->