Dünən Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov Nazirlər Kabinetinin Aparat rəhbəri təyin olunub. 21 ildir xarici işlər nazirinin müavini vəzifəsini tutan Xələfovun yeni vəzifəsi və onun burada hansı istiqamətdə fəaliyyət göstərəcəyi maraqlıdır.
Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnaməyə əsasən, Xələfovun səlahiyyətləri bundan ibarət olacaq:
5.9.1. Nazirlər Kabineti Aparatının fəaliyyətini təşkil edir və ona rəhbərlik edir, habelə Nazirlər Kabineti Aparatının rəhbərinin müavininin, Nazirlər Kabineti Aparatının struktur bölmələrinin rəhbərlərinin işini əlaqələndirir, onlara müvafiq tapşırıqlar verir;
5.9.2. Baş nazirin sədrlik etdiyi Nazirlər Kabineti iclaslarının, habelə Baş nazirin və onun müavinlərinin rəhbərliyi ilə keçirilən görüş, müşavirə və digər tədbirlərin təşkilini təmin edir;
5.9.3. Nazirlər Kabineti Aparatının struktur bölmələrinin fəaliyyət istiqamətlərinə dair təklifləri təsdiq olunmaq üçün Baş nazirə təqdim edir;
5.9.4. Baş nazirin, onun müavinlərinin, habelə Nazirlər Kabineti Aparatının ünvanına daxil olmuş sənədləri və müraciətləri baxılmaq üçün Nazirlər Kabineti Aparatının müvafiq struktur bölməsinə (bölmələrinə) göndərir;
5.9.5. hüquqi aktların layihələrini razılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinə göndərmək üçün Baş nazirə müraciət edir, rəy və təkliflər verilməsi üçün mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına və dövlətin hüquqi şəxslərinə göndərir;
5.9.6. Nazirlər Kabineti Aparatının strukturu və işçilərinin say həddi barədə Baş nazirə təkliflər verir;
5.9.7. Nazirlər Kabineti Aparatının müəyyən edilmiş strukturu və işçilərinin say həddi daxilində Nazirlər Kabineti Aparatının struktur bölmələrinin daxili strukturunu təsdiq olunmaq üçün Baş nazirə təqdim edir, habelə ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edir;
5.9.8. Nazirlər Kabinetinin Aparatını təmsil edir;
5.9.9. Azərbaycan Respublikası Prezidentinin, Baş nazirin və onun müavinlərinin tapşırıqlarının icrasını təşkil edir;
5.9.10. Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktlarının icrasını təmin edir;
5.9.11. Nazirlər Kabinetinin səlahiyyətlərinin həyata keçirilməsi üçün mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına və dövlətin hüquqi şəxslərinə müvafiq tapşırıqlar verir, bu tapşırıqların icrasına nəzarət edir və onlardan zəruri məlumatlar alır;
5.9.12. Nazirlər Kabineti aktlarının layihələrinə viza verir;
5.9.13. Nazirlər Kabinetinin normativ hüquqi aktlarının rəsmi şərhini təşkil edir;
5.9.14. Əlaqələndirici və məşvərətçi orqanların işinin təşkilini təmin edir;
5.9.15. Baş nazirin tapşırığı ilə Nazirlər Kabineti Aparatının müvafiq struktur bölmələrinin, mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının, habelə dövlətin hüquqi şəxslərinin nümayəndələrinin iştirakı ilə müzakirə aparır;
5.9.16. Baş nazir tərəfindən vəzifəyə təyin olunmuş şəxslərin həvəsləndirilməsi və intizam tənbehi barədə Baş nazirə təkliflər verir;
5.9.17. Nazirlər Kabineti Aparatının fəaliyyətinə dair əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir, onların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
5.9.18. Nazirlər Kabineti Aparatının işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, habelə işçilərin məzuniyyətləri, ezamiyyətləri və xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı məsələləri həll edir, Nazirlər Kabineti Aparatının struktur bölmələrinin yardımçı vəzifə tutan işçilərini işə qəbul və işdən azad edir;
5.9.19. "Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Nazirlər Kabinetinin Aparatında məxfiləşdirilməli məlumatların siyahısını təsdiq edir, dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət edir;
5.9.20. "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Nazirlər Kabinetinin Aparatında informasiyanın əldə olunmasına məhdudiyyət qoymaq yolu ilə onu xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edir;
5.9.21. Nazirlər Kabineti iclasının gündəliyinin layihəsini formalaşdırır və müvafiq materiallarla birlikdə Baş nazirə təqdim edir;
5.9.22. Nazirlər Kabinetinin iclasına dəvət olunan şəxslərin siyahısını Baş nazirlə razılaşdırmaqla müəyyən edir;
5.9.23. Nazirlər Kabinetinin iclaslarında kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı, video və fotoçəkilişlər, habelə səsyazma aparılması qaydasını müəyyən edir;
5.9.24. Nazirlər Kabineti iclaslarının və müşavirələrinin protokollarının Nazirlər Kabinetinin üzvlərinə, habelə digər şəxslərə iclasdan və ya müşavirədən sonra 2 iş günü müddətində göndərilməsini təmin edir;
5.9.25. bu Əsasnamə ilə, Baş nazirin və onun müavinlərinin tapşırığı ilə müəyyən edilən digər səlahiyyətləri həyata keçirir.
5.10. Nazirlər Kabineti Aparatının rəhbəri öz vəzifələrini yerinə yetirə bilmədikdə, ezamiyyətdə və ya məzuniyyətdə olduqda, onun səlahiyyətlərini Nazirlər Kabineti Aparatının rəhbərinin müavini icra edir.
Qeyd edək ki, son 15 il ərzində Nazirlər Kabinetinin Aparat rəhbəri vəzifəsini Ağabala Hacıyev icra edib. Hacıyev dekabrın 3-də pensiya yaşına çatması ilə əlaqədar öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib. 12 dekabrda isə Prezident ona Azərbaycan Respublikasının fərdi təqaüdünün verilməsiylə bağlı sərəncam imzalayıb.
Xələf Xələfov əslən Ermənistanın Krasnoselsk rayonundandır. Kiyev Dövlət Universitetində təhsil alan Xələfov 1983-1990-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində inspektor - bölmə rəisi olub. 1990-1991-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil alan Xələfov 1991-1992-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin 2-ci katibi, 1992-1997-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq İdarəsinin rəisi kimi çalışıb. 1997-2018-ci illərdə isə Azərbaycan Xarici İşlər Nazirinin müavini vəzifəsində fəaliyyət göstərib. Xələf Xələfov ictimaiyyət tərəfindən daha çox Xəzərin hüquqi statusu ilə bağlı aparılan danışıqlarda iştirakına görə tanınıb.
Şərhlər