Məmməd SÜLEYMANOV
Siyasət 11:23 29.10.2019

“Xəlifə”: Kino bitdi. Yeni kino başlayacaq...

Məmməd Süleymanov

"Bu, kino kimi idi" - Tramp söylədi. "Xəlifə" əl-Bağdadinin son 4 ildə 15-ci dəfə öldürüldüyünü telemüraciət ilə dünyaya çatdırdı.

"Kino kimi" - bu, "açar söz"dür. Üzdə olan məna aydındır - Qərbdə Hollivud sənayesinin dili ilə danışırlar. Hər şey kinolaşdırılır, şoulaşdırılır, mass-kult elementlərinə bələnir. 

Son illər fərqli ölkələrdə klounların və şoumenlərin hakimiyyət Olimpinə dırmanması da bunun nəticəsidir. Mass-kult vasitəsilə kütlənin "dəyərlər"i və leksikonu formalaşdırılır, sonra isə əks-rabitə prinsipi - həmin kütlə həmin "dəyərlər"ə səs verir və onunla həmin leksikonla danışılmasını istəyir.

Elə Trampın "O, qorxaq və it kimi gəbərdi" kəlmələri də Hollivud filmlərindəki replikaları yada salır.

Ancaq bu "kino kimi" ifadəsinin bir qədər arxa planda qalan yozumu da var. Yəni, biz sizə illər boyu kino göstərirdik, indi isə o qorxulu kinonu bitirdik. 

Yəni, hadisələr səhnələşdirilib, ssenarist yazıb, rejissor çəkib, prodüser maliyyələşdirib, personaj da öz rolunu oynayıb. Kino sonsuz davam edə bilməz. Və o, bitir, personaj ölür, titrlər yazılır. Həppi-end. Bir filmdə deyildiyi kimi, "Son sadəcə yeni yolun başlanğıcıdır".

Səhnə enir. Yaxud ekran sönür. Ancaq "yaradıcı heyət" yerindədir. Popkorn ehtiyatınızı toplayın, yeni kino başlayacaq.

Köhnəsi isə ona görə bitməliydi ki, yeni süjetlərin ekranlaşdırılması zamanı gəlib.

Bir sözlə, bəşərə kino göstərib onu reallıq kimi təqdim edib, final səhnəsində dillərindən büdrəyirlər: "Bu, kino kimi idi".

Yox. Elə kinonun özü idi.

***

Eynilə 8 il əvvəl başqa bir kino oxşar sonluqla bitmişdi. Bin Ladeni istefaya göndərilməsindən 10 il sonra Pakistanda "tapıb" öldürmüşdülər.

"Əl-Qaida" lideri sakit Abbotabad şəhərindəki mülkündə sakit həyat tərzi sürürdü. Koordinatları Polişinel sirri idi. Bəlkə özünü "əfv"ə inandırmışdı da. Yaxud rolunun uğurlu ifaçısı kimi mükafatını tamamilə təbii sayırdı. Ancaq kinonun sonunda "qəhrəman" ölməlidir - janrın spesifikliyi bunu tələb edir.

Niyə? Yeni "qəhrəman"ın meydana çıxması üçün. Bin Laden öldürüləndə təxminim bu cür idi - ya bütün bu terror meynstrimi bitirilir (ki, kapitalizmi 12-15 ildən bir çulğayan böhranlar fonunda bu, nonsensdir. Çünki, mərkəz kapitalizmi böhranlardan yalnız müharibələr yolu ilə çıxır), ya da Bin Laden mötədilləşib, onu daha qara, daha dəhşətli personajla əvəzləyəcəklər.

Elə də oldu. Yeni ssenaridə bizi Apokaliptik sektanın təyin olunmuş rəhbəri ilə tanış etdilər. Görünür, rejissor Koppolanın "Apokalipsis bu gün"ü nümunə kimi götürülüb - İraqda və Suriyada polkovnik Kurts və onun "dövlət"i ekrandan enib maddiləşdi.

Polkovnik Kurts - bu nümunəvi ABŞ zabiti Kambocada dəhşət saçan dövləti təkbaşına qurmuşdu. İndi artıq onun çoxlu köməkçiləri var. Və bu həmmüəlliflər istənilən ifrat ambisiyalı personajı polkovnik Kurtsa çevirə bilirlər.

Elə ona görə də əl-Bağdadinin öldürülməsi xəbəri bir çoxlarının yadına Qoqolun "Taras Bulba"sını saldı: "Mən səni yaratmışam, mən də səni məhv edəcəm".

Ancaq daha bir nüans - "Oğlan vardımı?" Maksim Qorkinin hekayəsində buzlu suda batan oğlanı axtarıb tapmayanda artıq onun mövcudluğuna şübhə etməyə başlayırlar.

Biz də bilmirik: "Oğlan vardımı?"

Vardı tələbat - xarabazara çevrilmiş İraqda bu günü də, sabahı da əlindən alınmış, gözlərində vəhşiləşmə adiləşmiş çoxsaylı insanlar ki, onların ifrat aqressiyası özünə yol axtarır.

Var təklif - imperializm üçün hər cür bölücülük nicat taktikasıdır və insanlar bir-birinə qarşı milli, dini, dindaxili, irqi, cinsi zəmində nə qədər güclü nifrət etsə, sinfi mübarizə bir o qədər unudulacaq və arxa plana keçəcək. Ac və narazı burjua üçün bu bölücülük həmişə hərəkətə keçidin siqnalı rolu oynayıb. Sanki öküzə qırmızı parça göstərirlər.

Və təklif sahibləri tələbat qullarını gərəkli istiqamətdə təşkilatlandırır, zəruri olanlarla təmin edir, kompas və xəritə verir, "Azadlıq uğrunda irəli" bağırtdırır.

Yoxsa necə izah edəsən ki, ABŞ ordusunun total nəzarətində olan İraqda bu ordu ölkəni tərk edən kimi meydana yaxşı təşkilatlanmış, silahlanmış, ideolojiləşmiş, hətta texniki təchiz olunmuş və Hollivud üslubunda filmlər çəməyi öyrənmiş çoxminli "İŞİD" ordusu çıxır. Başında da ABŞ məhbəsində 4 ilini keçirmiş "xəlifə" dayanır.

Bir çox halda isə qullar heç sahibkarın marioneti olduğunu anlamırlar da. Lap Cek Londonun "Martin İden"ində tətilə çıxan aşpazlar kimi - onlar bilmirdilər ki, tətili darıxan intellektual Straun-Həmilton təşkil edib. Əksinə, ideyanın özlərinə məxsus olduğuna dərin inamları vardı. Straun-Həmiltonun niyyəti mütərəqqi idi. Onun indiki xələfləri haqda isə bunu demək olmaz.

Çətindirmi bu ssenari? Sadəcə "Overton pəncərəsi" yava-yavaş açılmalıdır. Pəncərəni tam açmağa bir neçə il də bəs edir.

İndi isə yeni pəncərə açmaq vaxtıdır.

Sol intellektual Mario Benedettinin yazdığı kimi: "Bütün cavabları tapdığımıza inananda bütün süalları dəyişdilər".

Əl-Bağdadi ölüb, yoxsa yox? - artıq mənasız təfərrüatdır. Yeni suallar başlayır. Bir müddət də başlar onlara cavab axtarmaqla qarışdırılacaq.

***  

Baş verənlərdə (ya da verməyənlərdə) oyun elementinin payını təsdiqləyən daha bir sübut: Tramp Rusiyaya təşəkkür edir, ancaq Rusiya əl-Bağdadinin öldürüldüyünə skeptik yanaşır.

Rusiya müdafiə nazirliyi Trampın "Əməliyyatı Moskva ilə razılaşdırdıq" kəlmələrini təkzib edir - xəbərdarlıq və ya razılaşma olmayıb.

Moskva həmin gün İdlib əyalətində hər hansı xüsusi əməliyyatın keçirildiyini də təkzib edir.

Və "İŞİD xəlifəsi"nin öldürülməsini təsdiqləyən dəlillərin ortaya qoyulmasının zəruriliyini vurğulayıb.

Yəni, sübutlar yoxdur.

Yaxud, əl-Bağdadinin Türkiyə ilə sərhəddən 5 kilometr aralıda, Barişa kəndində öldürüldüyü deyilir. Onun protürk silahlıların və "Nüsrə Cəbhəsi"nin nəzarətində olan bölgəyə necə və (ən əsası da) niyə gəlib çıxması çoxlu suallar doğurur. Xüsusən də onun buralara bütün ailəsi (bir neçə qadın, çoxlu uşaq, cangüdənləri və s.) ilə gəlməsi ağlasığmazdır. Sanki qaraçı taborudur, maneəsiz və yavaş-yavaş bütün İraqı və Suriyanı gəzirlər, bir qədər də getsələr artıq Türkiyədə olacaqlar.

Və ən mühümü - "Nüsrə Cəbhəsi" üçün əl-Bağdadi sadəcə hakimiyyətə iddialı rəqib yox, barışmaz düşməndir. Yəni, "xəlifə" düşmən ərazisinə köçüb yaşayırmış. Halbuki, "Nüsrə Cəbhəsi" onu qətiyyən yaşatmaz, öldürərdi.

Yenə paradoks.

Ancaq bütün baş verənlərin əvvəldən sonuna qədər yazılmış ssenari olduğunu qəbul edəndə, bütün paradokslar istidə qar əriyən kimi yox olub gedir.

Bu, "komplo" deyil, müasir imperialist siyasətin alfa və omeqasıdır. O siyasətin ki, vaxtilə Bodriyyar onun "Boş stadionlar"da, tamaşaçıların gözlərindən uzaqda baş verdiyini yazırdı.

Kütlə o boş stadionu yalnız o vaxt doldurur ki,oranı "Santyaqo stadionu"na çevirirlər.

***

Əlbət, bu qara eksperiment mütləq məhvolma ilə də bitməliydi, ancaq ödənən qiyməti kim hesablaya bilər ki?! 

Zülmətin ürəyini məhv etdiklərini söyləyənlər isə yeni zülmət yaratmağa hazırlaşırlar...