Onlar içərisində qadınlar və uşaqlar olan evləri sökmək istədi
Dünən Xətai rayonu Turşsu küçəsində (Ərzurum məhəlləsi) yaşayan sakinlər qəflətən evlərinin, hasarlarının ağır texnika tərəfindən söküldüyünün şahidi olublar. Evlərində oturaraq gündəlik qayğıları ilə məşğul olan kasıb və arxasız məhəllə sakinlərinin ağıllarına da gəlməzdi ki, məmurlar içində qadın və uşaq olan evləri sökə bilərlər.
Qonşu məhəllə sakinləri və ailə başçıları özlərini çatdırmasaydılar, çox güman ki, uçqunların altında neçə-neçə qadın və uşaq xəsarət alacaqdı. Xətai rayon İcra Hakimiyyəti və "Ağ şəhər" administrasiyası söküntü işlərini dayandırsalar da, bunun müvəqqəti olduğunu deyərək bir həftə ərzində evlərin boşaldılmasını tələb ediblər. Sakinlərə xəbərdar ediblər ki, əgər evləri boşaltmasalar, sökülmüş divarın altında can verəcəklər.
Sakinlər ancaq dövlət başçısının təyin etdiyi qaydada kompensasiyanın ödəniləcəyi təqdirdə evləri boşalda biləcəklərini və ölkə prezidentinə şikayət edəcəklərini söyləsələr də, İcra Hakimiyətinin işçiləri "Kimə deyirsinizsə, deyin. Bizim arxamızda "Ağ şəhər” dayanır" deyə cavab veriblər. Məhəllə sakinləri Daxili İşlər Nazirliyinin "102” qaynar xəttinə zəng etsələr də, çağırışa gələn olmayıb.
Suları, qazı və elektriki kəsilmiş məhəllə sakinlərinin dərdlərinin üstünə daha böyüyü əlavə olunub. İndi onlar səksəkə içərisində yatıb-qalxır, min bir əzab-əziyyətlə tiktikləri evlərinin hər an başlarına uçurula biləcəklərindən qorxurlar. Prezident Administrasiyasına yazılmış müraciətlərdən isə cavab yoxdur.
Evlərinin bir hissəsi sökülmüş, qalanının da yerlə-yeksan olunacağı təhlükəsi ilə üzləşmiş sakinlər dövlət rəhbərləri tərəfindən adı çəkilən İcra Hakimiyyətinin və şirkətin qeyri-qanuni əməlləri durdurulmasa, beynəlxalq qurumlardan və xarici dövlətlərdən kömək istəmək qərarına gəliblər.
Xatırladaq ki, Xətai rayon İcra Hakimiyyəti və "Ağ şəhər” idarəçiliyi evlərin boşaldılması üçün dövlət başçısı tərəfindən müəyyən olunmuş məbləğdən (kvadrat üçün 1500 AZN) qat-qat aşağı kompensasiya təklif edirlər. Hətta elə ailələr var ki, onlara kvadrat metr üçün 100-200 AZN təklif olunur.
Qaynarinfo.Az
Şərhlər