İdman 14:30 23.05.2020

"Xəzər Lənkəran" uduzmağımız üçün pul təklif etdi" (MÜSAHİBƏ)

Rumın futbolçu Ketelin Likioyu Moldova mətbuatına geniş müsahibə verib.

"Nistru”da top qovduğu dönəmdə "Xəzər Lənkəran”a qarşı oynamış hücumçu "ağ-yaşıllar”dan oyun satmaq təklifi aldıqlarını bildirib və bu barədə verilən bütün suallara cavab verib.

Qaynarinfo müsahibəni ixtisarla təqdim edir:

- "Nistru”nun "Xəzər Lənkəran”la oyunları qaranlıq məqamlarla zəngindi. Bəlkə o vaxt baş verənlərin sirrini indi açaq. Sizə doğrudan uduzmaq üçün pul təklif etmişdilər?
- Hə.

- Nə qədər?
- Azərbaycanlılar nə qədər əməkhaqqı aldığımızı moldovalı agentlərin vasitəsi ilə öyrənmişdilər. Bizə lazım olan hesabla uduzmaq üçün 250 min dollar təklif etmişdilər.

- Bunu klubun rəhbəri Vasili Tragirə təklif etmişdilər, yoxsa oyunçulara?
- Yerli agentlərdən biri "Xəzər Lənkəran”ı təmsil edən adamın bizimlə danışmaq istədiyini dedi. O vaxt niyə ünsiyyət qurmağa çalışdığını bilmirdik. Məndən başqa qapıçımız Leu və müdafiəçimiz Lupaşko ilə əlaqə saxladılar. 250 min dollar verməyə hazır olduqlarını söylədilər. Üçümüzdən başqa bu təklif haqda kimsə bilmədi. 

- Belə çıxır ki, yaxşı seçim imkanınız olub. Pulu götürə və öz aranızda bölə bilərdiz. Məntiqlə əsas qapıçı, kapitan - mərkəz müdafiəçisi və start heyətdə meydana çıxan ən yaxşı bombardirin buna razılaşması "Xəzər”in istəyinə çatması üçün kifayət idi.
- Hə, əlbəttə. Pulu götürə bilərdik. Amma belə etmədik. 

- Bəs digərləri xəbər tutandan sonra nə oldu?
- Bir ailə kimiydik. Uşaqlara hər şeyi danışdıq. Birlikdə meydana çıxıb şərəfli qələbəyə oynamağa qərar verdik.

- Hərçənd 18 nəfər arasında da bölüb hərəyə 14 min irəli düşə bilərdiz.
- Hə, belə çıxır.

-Bəs sizə "Xəzər”i keçdiyiniz üçün nə qədər mükafat verdilər?
- 4 min dollar.

- Hərəyə azərbaycanlıların vermək istədiyindən 3 dəfədən də az. Mərhələni keçməsəydiz, heç 4 mini də almayacaqdız.
- Bilirəm. Ancaq imtina etdiyimizə görə üzülmürəm. 10 min fərq az deyil. Amma Azərbaycanda vurduğum iki qolun gətirdiyi emosiyaları heç nə ilə müqayisə etmək olmaz. Belə duyğuları pulla almaq mümkün deyil. Oyundan aldığım zövq başqa aləm idi. 10 min dollar o duyğuların yanında heç nədi. O qollar övladım doğulana qədər ən çox yadımda qalan futbol hadisəsi oldu.

- Təsəvvür edirsən, 2005-ci ildə Moldovada 90 dəqiqəyə 14 min nə demək idi? Bəziləri həftədə 5-6 dəfə səhərdən axşama qədər işə gedir, heç 3 ilə də bu pulu qazana bilmirdi.
-Karyeramızı düşündük. Bəs sonra informasiya yayılsa, necə olacaqdı?  Bizi hansı normal klub heyətində görmək istəyərdi? 10-14 min dollara görə buna getməyə dəyməzdi. Həmin səfər oyunundan sonra "Xəzər” mənə yaxşı müqavilə təklif etdi. Razılaşsaydım, "Nistru”dakından on dəfə çox qazana bilərdim. Onlar məndən başqa daha iki futbolçumuzlaq müqavilə bağlamaq istəyirdilər. Amma klub prezidenti Vasile Tragira buraxmadı. Zəif çempionata və iki dəfə yendiyimiz komandaya yollanmağın mənasız olduğunu söylədi.

- Hardasa, haqlı idi. O vaxtlar Moldova klubları Azərbaycan təmsilçilərindən üstün idi.
- Amma orda necə sərfəli şərtlər olduğunu özün də bilirsən... Onların prezidenti "Bakı” ilə derbidə qələbə qazandıqları üçün uşaqların hərəsinə BMW Х5 vermişdi.

Qeyd edək ki, "Xəzər Lənkəran” 2006-cı ilin yayında UEFA kubokunun təsnifat mərhələsində "Nistru”ya hər iki matçda yenilib. Evdə 1:2 hesabıyla uduzan "ağ-yaşıllar” səfərdə də moldovalılara boyun əyib - 1:3. Həmin vaxt komandaya Ağasəlim Mircavadov rəhbərlik edib.