XI sinifdə müəllim çıxardığım qəzeti alıb cırdı… - Taleh Yüzbəyovla müsahibə

XI sinifdə müəllim çıxardığım qəzeti alıb cırdı… - Taleh Yüzbəyovla müsahibə

Qaynarinfo.az tanınmış aktyor və videobloqqer Taleh Yüzbəyovla müsahibəni təqdim edir:

- Taleh, necəsən? Karantin necə gedir, sərtləşdirilmiş rejimin sənin üçün hansı müsbət və mənfi tərəfləri oldu?

- Yaxşıyam, çox sağ ol. Təbii ki, karantinin hamı kimi mənə də müəyyən təsirləri oldu. Amma mənim üçün müsbət tərəfləri daha çox idi. Oturdum, yaxşı ssenarilər yazdım, indi də onları çəkirəm. Sonuncu videonun ssenarisini də aprel ayında yazmışdım. Karantin günlərində də çəkdim, yenə də bununla bağlı videolarımız olacaq. Hazır ssenarilər var. Birinci çəkdiyim "Karantində evlilik" idi, yayımlanıb. İkincini isə yaxın günlərdə yayımlayacayıq. Bu "Karantin balladası" olacaq. Bunu ilk başlarda yazsam da, indi çəkirəm. 

- Yəni, müsbət tərəfi sənə ancaq boş vaxt verdi ki, ssenarilər yazasan?

- Təxminən, hə. Mənim işim budur da. İşlərin dayanması da buna şərait yaratdı. 

- Taleh, mənə elə gəlir, səni bu sahədə peşəkarlardan saymaq olar. Çünki ixtisasın da buna zəmin yaradır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin "teatr və kino aktyorluğu" ixtisasını bitirmisən, eyni zamanda da pantomim teatrında işləmisən. "Dulusçu", "Çərçivə", "Tıq-tıq xanım" və.s kimi tamaşalarda da rol almısan. Ümumiyyətlə, bütün bunlar necə oldu? Bu, uşaqlıqdan yaranan istək idi, yoxsa diplom olsun deyə bu sahəyə gəldin? 

- Bunu çox yerdə demişəm, yenə deyim. Bəli, uşaqlıq istəyim idi. Amma bir ara jurnalist də olmaq istəmişdim. 11-ci sinifdə oxuyanda məktəbdə qəzet çıxartmışdım, amma həmin gün müəllim qəzeti cırdı (gülür). Jurnalist olmaq istəyi zamanla içimdən çıxdı, aktyor olmaq isə yox. Təhsili də sevə-sevə aldım, indi də sevə-sevə bu sahə üzrə çalışıram. 

- Bəs, niyə jurnalist olmaq istəyirdin?

- Xüsusi səbəb yox idi. Sadəcə, sevirdim. 

- Bəlkə, müəllim qəzeti cırdı deyə həvəsdən düşdün?

- Yox, 11-ci sinifdə oxuyanda bu istəkdən imtina elədim. Aktyor olmağa qərar verdim. Amma əvvəldən içimdə idi. Belə deyək, ikisi arasında qaldım. 
 


- Səni ilk dəfə məşhurlaşdıran videon hansı oldu? Yatdın, səhər durub gördün ki, artıq məşhursan, yolda hamı səninlə şəkil çəkdirir?

- "Ceyhun" olub ən birinci. Sonra "Evli kişi", daha sonra da çəkdiyim reklamlar. Ən çox məşhurluq verən isə "Zəhər tuluğu" oldu. 

- "Zəhər tuluğu” demişkən, sənə son illər daha çox məşhurluq verən iş özünün də dediyi kimi, budur. Ümumiyyətlə, kimdi o obraz ? Niyə yarandı? Məqsəd nə idi? Yoxsa, sadəcə ssenari olsun deyə yazdın?

- Yox, ümumi neqativləri Adil obrazında birləşdirdim. O, neqativ kütlədən yaranmış bir obrazdır. Həm də, ədalətli obraz. Məqsədim güzgü rolu oynamaqdır, cəmiyyətdə olan insan tiplərini özlərinə göstərməkdir. Əvvəl bir seriya olacağını fikirləşirdim, amma sonra artırdım. Ardı da gələcək. 

- Taleh, bütün bunlarla yanaşı, bir çox Azərbaycan filmlərində də rol almısan. "Azərbaycansayağı qarət", "Qız qaçırma" və.s. Bu filmlər haqqında bir fikir də var ki, bayağıdır. Özün necə düşünürsən, bayağıdırmı? 

- Arasında bayağı filmlər də var, razıyam. Mən ora sadəcə aktyor kimi cəlb olunmuşam. Bayağı olması artıq mənlik bir məsələ deyil. Ssenarini mən yazmamışam ki. Həm də bu, qabaqcadan bilinən məsələ deyil. 

- Onda sənin üçün bu meyar yoxdurmu? Nə film olur olsun, çəkiləcəksən?

- Əvvəl yox idi, amma indi var. Əvvəl-əvvəl heç kimdə olmur. Sadəcə çəkilmək, pul qazanmaq, məşhur olmaq istəyirsən. Həm də, məcbur olursan, axı, dolanmalısan da. 

- O cür bayağı filmlərdə son dövrlər məşhur qocaman aktyorlar da çəkildi. Səncə, bu düzgündürmü? Həmin filmlər onların əvvəlki rollarına kölgə salırmı? Özün yaşlaşanda bayağı filmlərə çəkiləcəksən? 

- Belə deyim. Hər şeydən əvvəl bu bir seçimdi. Həm də, lap əvvəldən bilinmir ki, bu film bayağı olacaq, ya yox. Ssenari tam əvvəldən bilinmir yəni. Hərə öz rolunu oynayır. Mən indi durum pisləyim ki, ay elə olmaz, belə olmaz, sən sənətkarsan, bu nə filmdi çəkilirsən, o da olmur. Amma bu işin maddiyyat tərəfi də var, axı. Teatrda nə pul var ki? Axı, biz aparıb həmin aktyorlara pul vermirik. Bu sahəyə yaxşı pul ayrılmır və hər kəsin pulu filmlərdən çıxır. Hansısa aktyora yaxşı qonorar ödənilirsə, niyə də çəkilməsin? Başqa bir məsələ, xaricdə həmin aktyorların agentlikləri olur, onlara hansı filmə çəkilib-çəkilməməyi deyir. Bizdə isə belə bir şeydən söhbət gedə bilməz. 

- Hansı filmdə çəkildiyinə peşmansan?

- Peşman olsam, nə olacaq ki? Heç birinə. Amma indiki ağlım olsa, sadəcə bəzilərinə çəkilmək istəməzdim. 

- Konkret birinin adını çəkə bilərsən?

- Yox, bu, düzgün olmaz. Olan olub, artıq çəkilmişəm. İndi durub pisləyim, yaxşı deyil. Axı, mən onlara çəkiləndə həvəsli idim. 

- Hansı rol təklifindən imtina edərdin?

- Kişi ilə öpüşmə, lüt olacağım rollar, heyvanla sevişmərəm, nəsə mundar şey yemərəm və.s. Müəyyən şeylər var da. Həm xarakterdən irəli gələn, həm də iyrənclik baxımdan. 

- Bəs, bunları edəni əsl aktyor saymaq olar? Hansı ki, bir aktyor üçün heç bir sərhəd yoxdur, sənət hər şeydən üstündür, rol nə tələb edirsə, o?

- Məncə, bu da meyar deyil. Seçim məsələsidir. Nə qədər açıq baxışlı olsam da, bəzi şeylər mənlik deyil. Həm bacarmaram, bacardığımı da etmək istəmərəm.  

- Məşhur aktyorlardan kimi aktyor saymırsan? 

- Ad çəkib söz-söhbət yaratmaq istəmirəm, amma düşündüyüm bir neçə nəfər var. Mən başımı aşağı salıb öz işimlə məşğul olan adamam. İndi kiminsə adını çəksəm, nə dəyişəcək? Heç nə. Həmin adamı məşhur edən kütlə var. Yəqin ki, nəsə görürlər, maraqlı olur. Amma sənət baxımından, peşəkarlıq baxımından mən qəbul etmədiyim məsələlər var. 

- Bəs, hansı aktyorun yerinə olmaq istəyərdin? Kumirin varmı?
- Yaşar Nuri, Səməndər Rzayev, Eldəniz Zeynalov, Fazil Salayev, Fuad Poladov, Yusif Vəliyev, Şahmar Ələkbərov. Azərbaycanın sevdiyim aktyorlarıdır, kumirlərimdir. 

- Bəs, xaricilərdən?

- Çarli Çarplin, Emir Kustiritsa, Gary Oldman, Ues Anderson və.s.

- Özünü bənzətdiyin xarici aktyor var, yoxsa hər şey öz üslubundur?

- Qarışıqdır. Yəni, təsirləndiyim kimlərsə var, amma üslub olaraq özüməm. Özüm yaradıram. Təsirlənmə isə bütün sahələrdə nomraldır. O cümlədən də mənim təsirlənməyim. Çoxlu film izləyirəm. Ola bilər belə bir şey. 

- Plagiat etmisənmi videolarında?

- Yox. Sadəcə, dediyim kimi, təsirlənmələr olub. Ən məşhuru "Zəhər tuluğunda" idi. Adilin bıçaqlanma səhnəsi. Tam olaraq olmasa da, təsirlənmə oldu. Bəzən isə olub ki, bilmədən çəkmişəm, amma görmüşəm şüuraltı qalıb məndə, təsirlənmişəm.

- "Aktyor dövrünün güzgüsüdür" deyən Taleh Yüzbəyov hazırda özünü bu güzgüdə necə görür? İstədiklərini göstərə bilirmi?

- Hələ ki özümü böyük güzgü saymıram. Burda müəyyən şeylər var. İndi özümü balaca əl güzgüsü kimi görürəm. Hər şeyi göstərmək olmur. Senzura var, çatışmayan şeylər var. 
 


- Bizə sevdiyin 3 Azərbaycan filmi de. 

- "Bizim Cəbiş müəllim", "Ölsəm, bağışla", "Ömrün səhifələri". 

- Bəs, sevmədiyin Azərbaycan filmi?

- "Alma almaya bənzər", "Görüş". Bunları o qədər də sevmirəm. Başqaları da var. 

- Ədəbiyyatla aran necədi? Mütaliə edirsənmi?

- Əvvələr daha çox oxuyurdum. Yəni, bədii ədəbiyyatı. İndi daha çox ixtisasım üzrə oxuyuram. Amma Azərbaycan ədəbiyyatını yaxşı oxumuşam, mütaliə eləmişəm. Ən sevdiyim yazıçı Haqverdiyevdir. Sonra Fərman Kərimzadə. Sadəcə, vaxt baxımından çatdırmaq olmur. Hazırda "Homo Sapiensi” oxuyuram. İş, ev, məişət qayğıları sıxmasa, daha çox oxuyaram. Bu, mənim özümə də lazımdır. 

- Bəs, gənc yazarlardan kimi oxuyursan? 

- Yalan deməyim, heç kimi. Yəni, tanıyıram, müəyyən qədər oxumuşam, amma durum konkret olaraq kimisə oxuyuram, deyim, yox, elə bir müəllif yoxdur. Bu da sadəcə son illər vaxt baxımındandır. Amma yenə də düzgün deyil. Oxumalıyam, oxuyacam da. 

- Məncə, onlarla işləmək də olar. Yazdıqlarını ssenariləşdirmək olar. 

- Əlbəttə. Çox güman ki, müraciət də edəcəm. 

- Özünü və aktyorluğunu bir cümlə ilə ifadə elə. 

- Həzin, lay-lay, astagəl. 

- Müsahibəni oxuyanlara hansı filmləri məsləhət görərdin?

- 1) Çarli Çaplindən "Körpə"

2) Emir Kustiritsadan "Undergraund"

3) Ues Anderson "Grand Budapeşt Hoteli".

Orxan Saffari

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR