Ölkə 11:00 04.02.2019

Ya bazar ertəsi doğulmuşuq, ya da...

Hüseynbala Səlimov

Bu on illər ərzində mətbuatla bağlı o qədər iradlar, hətta ittihamlar eşitmişəm ki, saysan, əməlli-başlı böyük bir ədəd alınar. 

Amma onlardan yalnız biri, mənə elə gəlir ki, ən orijinalı yadımda qalıbdır. Bir vaxtlar qocaman jurnalist həmkarlardan biri qəzetləri əlinə götürüb deyirdi: "Bu kağız parçası üçün dünyada nə qədər ağac kəsilir və biz də buna dözürük”.

Axır bir dəfə ona dedim ki, bəy, məgər insanlar meşələr, ağaclar, ümumiyyətlə, yaşıllıqlarla bağlı məlumatları, sevinc və ya həyəcan dolu xəbərləri elə bu kağız parçasından almırlarmı?..

Ölkədə yazılı media ilə bağlı ən son qərarlar haqdakı məlumat və məqalələri oxuyanda qeyri-ixtiyari olaraq bu epizod yadıma düşdü və dərhal fikirləşdim ki, nə yaxşı ki, kağız mediayaya oppnentlik edənlərin yadına bu cür arqumentlər düşmür, yoxsa qəzetlərin ekologiyaya vurduğu ziyandan da danışardılar...
Hələliksə çox şükür ki, diqqətlər sosial ekologiyaya yönəlibdir – burada isə qəzetlərin faydasından da danışmaq olar, ziyanından da.

Doğrusu, qəzetlərə qarşı yeni tələblər haqqındakı bütün yazıları izləməyə çalışdım. Deyim, yetərincə optimist proqnozlara və yozumlara da rast gəldim. Özüm də jurnalist olduğumdan, xüsusən də əlli beş yaşın astanasında peşəmi dəyişməyə qəti həvəsim qalmadığından əlbəttə ki, mən pozitiv yüklü yazılara, yozumlara və proqnozlara üstünlük verdim, onlara inanmağa çalışdım. 

Bu qəbildən olan şərhlərə inansaq, yazılı media mühitinin bir az da liberallaşacağı gözlənir və güman, bu az da olsa, qəzetlərin dirçəlməsinə səbəb olacaq.

Amma müəyyən səbəblər var ki, onlar hakimiyyətin media ilə bağlı siyasətindən asılı olmayaraq mətbuat üzərində domokl qılıncı kimi asılıb və bizə hər an xatırladır ki, ya on il tez, ya da gec, onsuz da bu qəziyyə baş verəcək... 

Bunun ən birinci səbəbi əlbəttə internetin və internet mediasının çox geniş yayılmasıdır. Bu elə bir amildir ki, onunla mübarizə aparmaq da çox gülünc olardı. Sadəcə, mənim üçün qaranlıq qalan məqam budur ki, internetin Azərbaycandan daha geniş yayıldığı ölkələrdə belə yazılı media hələ də qalıbdır –düzdür, oralarda da tirajlar getdikcə azalır və insanlar daha çox internet versiyalarına müraciət edirlər, amma kağız da hələ də qalmaqdadır və bu şəxsən mənim üçün anlaşılmaz məqamdır... 

Həm də yazılı medianın başqa bir xüsusiyyəti də var və elektron mdiada bu problem hələ həll olunmayıb. Bilirsiniz, qəzetlər özünəməxsus salnamə idi. Gələcək nəsillər bir çox məlumatları məhz buradan alacaqdı və onlara istinad edəcəkdi. 

Bəs indi necə olacaqdır? İnternet mediasında məsələ hələ həll olunmayıbdır. Əlbəttə ki, burada da elektron arxivdən və ya bankdan danışmaq olar. Həm də televiziyaların da, radioların da arxivi, fondu var və bunlar da gələcək nəsillər üçün yardımçı olacaqlar. Amma bizə elə gəlir ki, obyektiv və subyektiv səbəblərdən yazılı medianın yayın sferası dar olsa da əhatə spektri daha geniş idi, burada günün nəbzi daha ətraflı və dolğun hiss edilir, daha geniş siyasi - ictimai palitra təqdim olunurdu oxuculara...

Söz yox ki, başqa bir problem də var. Sirr deyil ki, yazılı medianın müəyyən səbəblərdən xərclərinin çoxunu hökumət çəkir. Əlbəttə ki, əgər reklam və satış bazarı daha liberal olsaydı, internet versiyalarından da gəlir əldə edilsəydi vəziyyət fərqli olardı. Amma indi bu cür alınıbdır ki, qəzetlər əsasən hökumətdən aldıqları yardımların hesabına mövcuddurlar. Bir gün hökumət də deməli idi ki, mən 80-90 faizi təkrar üstümə qayıdan və makulaturaya çevrilən qəzetləri niyə maliyyələşdirməliyəm? 

Əlbəttə, o, bunu deyərkən haqlı da olacaqdı, çünki yazılı medianın düşdüyü vəziyyətə görə hamıdan çox oxucular günahkardır– satışla bağlı səslənən iradlarda da bir az subyektivlik var, çünki bütün metro stansiyalarının çıxışında qəzet köşkləri qoyulub, oxumaq istəyən oradan da qəzet alardı, vacib deyil ki, qəzet mütləq stansiyanın içində satılsın!..

Amma oxucuların da hamısının olmasa da, bir qisminin özünə görə haqlı tələbi var; onlar da deyir ki, elə yazın ki, biz də alıb oxuyaq...

Nə demək olar? Bu da haqlı tələbdir. Elə bu ölkənin qəlizliyi də ondadır ki, burada adətən hamı haqlı olur və biz bunu hələ 90-cı illərin əvvəlində bir feleytonumuzda qeyd eləmişdik. Ona görə də haradan, nədən başlayırsan, axırda bircə nəticəyə gəlirsən; nəsə bizimki alınmır, ya çox məşhur bir filmdə ("Uğur centlemenləri”) deyildiyi kimi, anamız bizləri bazar ertəsi doğubdur, ya da ki, bəxt paylananda bizə ondan çatmayıbdır.