Xəbər lenti

Yağış sürüşmə zonalarını aktivləşdirdi
Ölkə 15:22 09.08.2019

Yağış sürüşmə zonalarını aktivləşdirdi

Son vaxtlar ölkə ərazisində intensiv yağan yağışlar nəticəsində sürüşmə zonalarında aktivlik müşahidə olunub.

Qaynarinfo xəbər verir ki, bunu Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, son günlər yağan yağışlar daha çox bölgələrdəki sürüşmə zonalarında aktivləşib:

"Bakı-Şamaxı yolunun 11-106-cı kilometrliyində yol tikintisi aparılan müəyyən yerlərdə lokal tipli çökmə prosesləri var. Eyni zamanda, son günlər Quba rayonu ərazisində "Quruçay” deyilən yerdə - indi Alpan-Xınalıq yolu çəkilən ərazidə aktivləşmə var. Yəni Susay kəndindən təxminən beş kilometr şimal-qərbdə "Quruçay”ın sol sahilində 40 hektara yaxın ərazidə axıntı tipli sürüşmə prosesi baş verib”.

Ekspedisiya rəisi bildirib ki, sürüşmə məhsulları nazik, narın, dənəli, gilli və qumlu çökmə süxurlardan ibarət olduğuna görə şirəli gillərdir:

"Suda isə böyük bulanıqlıq var. Çay ətrafında yerləşən kəndlərin təxminən 15 minə yaxın əhalisi içməli suyu oradan təmin edirlər. Yəni əhalinin yeganə su təchizatı həmin çaydır. Qeyd edim ki, həmin yerlərdə hələ də gərginlik qalır”.

Ə.Qaralov əlavə edib ki, şimal bölgəsində yerləşən Qusarçay sahəsində də sürüşmə olub:

"Badamdarda isə sürüşmə kütləsinin üzərində heç bir gərginlik müşahidə olunmayıb. Stabil vəziyyətdir. Bu gün Bakı və Abşerona yağan intensiv yağışlar nəticəsində aktivləşməsi ehtimal edilən sürüşmə zonaları haqqında isə monitorinqlər aparıldıqdan sonra məlumat veriləcək”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->