Hüseynbala Səlimov
Siyasət 15:25 26.10.2020

Yalnız mədəni muxtariyyat və bir də...

Hüseynbala Səlimov


Qarabağ probleminin, demək olar ki, otuz illik həll axtarışlarının gedişində Azərbaycan Dağlıq Qarabağ separatçılarına daha hansı müxtariyyat modellərini təklif etmədi? Bir daha xatırladaq ki, onların arasında Tatarıstan və Aland adaları variantları kimi çox geniş və yüksək statusa malik modellər də vardı.

 

Sonradan Ermənistanın birinci prezidenti L.Ter-Petrosyan nə qədər böyük səhvə yol verdiyini anladı, amma 90-cı illərdə danışıqlarda iştirak edən insanlar xatırlayır ki, Levon Ter-Petrosyana deyəndə ki, biz Dağlıq Qarabağa eynilə Tatarıstanın statusu kimi çox yüksək və geniş bir status veməyə hazırıq, erməni prezidentinin heyrətdən az qala, gözləri bərəldi və o, təkrar soruşdu ki, doğrudanmı siz bunu etməyə hazırsınız?..

 

Amma sonradan ruslar onu çağırıb nə dedilərsə, Levon Ter-Petrosyan bir daha bu məsələyə qayıtmadı. Bir sözlə, yalnız tamam ayrılmaq – bəli, onlar "öz müqəddaratını təyin etməni” yalnız bu cür anlayırdılar.


Odur ki, Azərbaycanın bütün təkliflərini rədd edir və düşünmürdülər ki, elə bir gün gələcək ki, onların yadına heç mədəni muxtariyyat da düşməyəcək, halbuki həmin Ter-Petrosyan bir dəfə demişdi ki, elə bir gün gələcək ki, biz bu gün rədd etdiklərimizi Azərbaycandan almaqçün yalvaracağıq, çünki biz müharibəni yox, onun bircə döyüşünü udmuşuq!


Şəxsən bizə elə gəlir ki, həmin gün artıq yetişib. Düzdür, erməni tərəfi hələ ağ bayraq qaldırmağı düşünmür və bütün əraziləri boşaltmağa razı olmur ki, heç olmasa Dağlıq Qarabağ ermənilərinin bir hüququnu, bəli, bu ərazilərdə qalıb yaşamaq hüququnu təmin etsinlər.


Biz bu sətirləri yazanda artıq üç rayon düşmən əsarətindən azad olmuşdu və azad olan ərazilərin coğrafiyası getdikcə genişlənirdi.

Aydın məsələdir ki, bu həqiqətən də tarixi hadisələr, tarixi döyüşlər keçmiş status-kvo və ya təmas xətti haqqında deyilənlərin hamısının üstündən xətt çəkdi. "Artıq heç bir status-kvo və ya təmas xətti yoxdur, biz onları tamam dəyişdik!” – Azərbaycan prezidenti ilk ciddi hərbi uğurlardan sonra belə bəyan etdi.

Amma prezident təkcə bunların üstündə dayanmadı, Yaponiya qəzetlərinin birinə müsahibəsində o, bildirdi ki, gələcəkdə də Dağlıq Qarabağda hansısa bir referendum keçirməyə lüzum yoxdur...


Bəs niyə görə biz bəzi bəlli faktları bir daha, təkrar xatırladıq? Məsələ bundadır ki, Azərbaycan ordusu bu günlərdə həqiqətən də yeni reallıqlar yaradır və artıq demək olar ki, biz ermənilərin əlindən onların ən "əsas saqqızını”, yəni "alver predmeti”ni almışıq, çünki onlar daim bizə deyirdilər ki, əgər torpaqlarınızın azad olunmasını istəyirsinizsə, onda Dağlıq Qarabağın müstəqilliyini tanıyın!..


Bəli, belə getsə, gələcək danışıqlarda artıq biz diqtə edəcəyik - əlbəttə, əgər danışıqlara lüzum olarsa...


"Yalnız mədəni muxtariyyat” – indi təkcə sadə adamlar deyil, hətta təcrübəli politoloqlar da bu mövqeyə - Dağlıq Qarabağ "problemi”nin belə həll variantına yönəlir. Məsələ bundadır ki, Azərbaycanda onlarla böyük və kiçik xalqların nümayəndələri yaşayır, burada neçə-neçə dinin təmsilçiləri var.

 

Dağlıq Qarabağ erməniləri onlar arasında ən azsaylı icmalardan biridir. Sual olunur: niyə görə məhz onların xüsusi imtiyazı olmalıdır? İkincisi, bizim digər xalqlardan fərqli olaraq ermənilər öz müqəddaratlarını artıq bir dəfə təyin ediblər – bəli, onlar üçün Ermənistan var və kim buralarda yaşamaq istəmirsə, erməni dövlətində yaşamağı düşünürsə, buyurub indi dediyimiz ünvana, Ermənistana yollana bilər...


Konkret özünüidarəetmə mexanizminə gəldikdə isə, onlar bizim ölkəmizdə bütün xalqlara, icamalara və vətəndaşlara verilib. Bəli, söhbət bələdiyyə institutlarından gedir. Bəlli olduğu kimi, ölkəmiz Avropa Şurasının üzvüdür və bura daxil olarkən bələdiyyələrlə bağlı da öhdəlik götürmüşdü. İndi biz təkcə Avropa Yerli Özünüidarəetmə Xartiyasına qoşulmamışıq, həm də müxtəlif səviyyəli bələdiyyə struktuları yaradıb, onların fəaliyyətini təmin etmişik.

 

Bir sözlə, ermənilər əgər özünüidarəetmə haqda düşünürsə, bu reallıqlardan və mexanizmlərdən yararlana bilərlər, necə ki, bunu digər vətəndaşlar edirlər.


Bundan başqa, bir çox politoloqların fikrincə, Dağlıq Qarabağ ermənilərinə daha yüksək özünütəyinetmə statusu verməyin gələcəkdə də fəsadları ola bilər: təminat varmı ki, bir neçə ildən sonra onların könlündən bir daha "öz müqəddaratını təyin etmək” keçməyəcək? Elə məsələ bundadır ki, belə təminatlar yoxdur, çünki erməni millətçilərinin fantaziyası hüdud-filan bilmir, bu müstəvidə hətta Jül Vern onlara həsəd aparardı. Bəli, onlar hər şey uydura bilər, məsələn, deyərlər ki, hələ bizim eraya qədər Tiqranın tapşırığı ilə qədim ermənilər Ayda da olublar...


Odur ki, biz yalnız öz ordumuzun hücumlarını gücləndirməliyik, ona görə ki, ordumuz qısa müddət ərzində diplomatların otuz ildə edə bilmədiyini etdi və sadə həqiqəti bir daha təsdiqlədi: təcavüzkara yalvarmaq yox, onu məcbur etmək lazımdır, necə ki, konfliktologiyaya aid dərsliklərdə buna sülhəməcburetmə deyirlər.

 

Çünki təzyiq hiss edən düşmən quyruğnu qısıb qaçacaq və bir müddət keçəndən sonra özü danışmaqçün yalavaracaq. Biz artıq bunun bəzi, ilk əlamətlərini duyuruq, belə ki, ermənilər Dağlıq Qarabğda xidmət etmək istəmir və deyirlər ki, heç vaxt onların olmayan ərazilər uğrunda savaş aparmağın mənası yoxdur...