Xəbər lenti

Yaqub Mahmudov:
Foto 23:50 13.01.2018

Yaqub Mahmudov: "Azərbaycan tarixi yenidən yazılır"

"Ölkə başçısının tapşırığı ilə Azərbaycan tarixi yenidən yazılır. Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrindən Cümhuriyyət tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlər, o cümlədən ikicildlik ensiklopediya nəşr edilib”.

Qaynarinfo xəbər verir ki, bunu AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov "Azərsun Holdinq” şirkətinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi diskdəki "Ön söz”də deyib.

"2018-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yarandı. Yeni yaradılan Azərbaycan Xalq Cümhuriyyəti irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv etdi. Bütün vətəndaşların hüquq bərabərliyi təmin olundu. Qadınlara kişilərlə bərabər seçki hüququ verildi. Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı qəbul olundu, himni və gerbi hazırlandı. Ana dili dövlət dili elan olundu. Maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk müasir universiteti təsis olundu, təhsil milliləşdirildi, tarixi adlar bərpa edildi. Xarici ölkələrlə qarşılıqlı əlaqələr yaradılmasına başlandı, humanist və sülhsevər siyasət yürüdüldü”, - deyə Yaqub Mahmudov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biri idi:

"Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay ömür sürdü. 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının hərbi müdaxiləsi nəticəsində süqut etdi. Xalqımız müstəqil dövlətini öz varlığında, ruhunda yaşatdı. Azadlıq mübarizəsini dayandırmadı. Əsrin əvvəllərində itirdiyimiz müstəqilliyimiz əsrin sonunda – 1991-ci ildə yenidən bərpa olundu. Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi xalqımızın tarixi yaddaşını özünə qaytardı, müstəqillik arzularının gerçəkləşməsinə və möhkəmlənməsinə zəmin yaratdı. İstiqlal Bəyannaməsinin elan edildiyi 28 may günü ölkəmizdə Respublika Günü kimi qeyd olunur”.

Qeyd edək ki, "Azərsun Holdinq” şirkəti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təqvimlər, bloknot və disk çıxarıb. Təqvimin yanvar ayı Məhəmməd Əmin Rəsulzadə, fevral ayı Fətəli xan Xoyski, mart ayı Əlimərdan bəy Topçubaşov, aprel ayı Nəsib bəy Yusifbəyli, may ayı Həsən bəy Ağayev, iyun ayı Məmməd Yusif Cəfərov, iyul ayı Xəlil bəy Xasməmmədov, avqust ayı Səməd bəy Mehmandarov, sentyabr ayı Əliağa Şıxlinski, oktyabr ayı Xosrov bəy Sultanov, noyabr ayı Aslan bəy Səfikürdski, dekabr ayı isə Üzeyir bəy Hacıbəyova həsr olunub. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->