Könül Nuriyeva
İbtidai icma quruluşunun insanı və iyirmi birinci əsrin insanı... Fərqlər saysız, oxşarlıq müəyyən mənada eynidir: yaradan axtarışı, yaradana bənzəmək və yaratmaq.
Yayılmış nəzəriyyələrdən birində deyilir ki, insanların tanrı mərtəbəsinə yüksəlməsi üç yolla baş verə bilər: bioloji mühəndislik, kiborq mühəndisliyi və qeyri–üzvi canlıların hazırlanması.
Əvvəlcə bioloji mühəndislik haqqında danışaq. Biz üzvi cisimlərin potensialını tam dərk etmirik. Dörd milyard il ərzində amöbdən Sapiensə qədər yol gələn təbii seçmə bizə Sapiensin təbii seçmənin sonu olduğunu düşünməyə əsas vermir. Genlərimizin, sinir hüceyrələrimizin müəyyən qədər dəyişməsi nəticəsində biz primitiv əl alətləri düzəltməkdən başlayaraq süni intelekt hazırlayan insanlar olduq. Hormonlarımızda cüzi dəyişiklik nəticəsində gələcəkdə daha nələr hazırlaya biləcəyik? Bu yerdə biomühəndislik fəal şəkildə özünü ortaya atır və "mən təbii seçmənin növbəti mərhələsini gözləməyəcəyəm” deyir. Beyin sinirlərini dəyişməyi, hormonlara fəal müdaxiləni, genetikamıza acgözlüklə elmi hücum etməyi qarşısına öhdəlik kimi qoymuş biomühəndisliyin yeni sürprizlərinə hazır olmalıyıq.
Növbəti sahə kiborq mühəndisliyidir. Bu sahənin adamları üzvi bədəni qeyri–üzvi cisimlərlə əvəz edəndə, özləri ilə qürur duyurlar. Məsələn, süni gözlər, bionik əllər ya da nanorobortlar.
Nanorobortların işi daha maraqlıdır, onlar qan dövranında hərəkət edir, oradakı zədələri, problemləri həll edirlər. Kiborqlar bədən üzvlərinin edə bilmədiyi üstünlüyə malikdir. Üzvi bədənin normal fəaliyyəti üçün bütün üzvlər bir–biri ilə əlaqədə olmalıdır. İnsanın gözləri ikinci mərtəbədə, ayaqları şəhərin ortasında ola bilməz. Amma kiborq evindən çıxmadan, dünyanın müxtəlif yerlərində işini görə bilir. Həkim–kiborqdursa, cərrahi əməlliyyat və ya kosmik sahədə çalışırsa, Marsda proseslərə başçılıq edəcək. Bunun üçün ona sürətli internet, bionik əlllər və gözlər lazımdır.
Elmi məqalələrin birində oxumuşdum: "Həkim–kiborq öz zehnini bilavasitə alətlərə birləşdirə bilirsə, nə üçün əlləriylə skalpel tutmalıdır?” Fantastik görünür, amma reallığa yaxındır.
Meymunun beyninə elektrod implantasiya edilir, bunun sayəsində meymun bədənindən ayrı olan bionik ayaqları idarə edir.
İflic xəstələri düşüncənin köməyi ilə bionik üzvləri hərəkət etdirir.
Şlemin köməyi ilə uzaqdan otağın işığını yandıra bilərsiniz. Şlem 400 dollardır və onun vasitəsilə əvvəlcədən proqramlaşdırılmış işıqları bir işarə ilə yandıra biləcəksiniz. Bunun üçün ayağa durmursunuz, beyninizə elektrod qoyulmur, sadəcə başınızın dərisindən keçən elektrik siqnallarını şlem oxuyur və yerinə yetirir.
2015–ci ildə Stokholmda işçilərin əlinə mikroçiplər yerləşdirildi. O, düyü dənəsi böyüklüyündə idi. O, təhlükəsizlik haqqında şəxsi informasiyanı daşıyır və işçi əlini tərpədərək qapı açır, yaxud cihazları idarə edirdi.
Kiborq mühəndislər qeyri–üzvi hissələrin hegemonluğu üçün çalışır. Cəsarətli ideyaları üzvi kimyadan almağımıza baxmayaq, qeyri–üzvi inkişaf təbii üzvlərimizin sıradan çıxmasına səbəb olur. Ən güclü bakteriyalar da Marsda yaşaya bilmir. Amma süni zəka yad planetdə asanlıqla yaşaya bilər. Bu qalaktik imperiyanın yaranmasına gətirəcək. Səbəbkar isə kiborq mühəndislər olacaq.
Bütün bu yeniliklərə baxmayaraq, insan beyninin dərin qatları dəyişməyib. Yəni dini kitablarda, antik ədəbiyyatda emosional gərginliyi və rahatlığı olan insan elə bizim kimidir. Eyni hadisələrə gülürük, eyni hadisələrə ağlayırıq.
Əgər bu belədirsə, niyə insan özü üçün ilahi qabiliyyətlər axtarışındadır? Ölümdən, əzabdan qaçmaq üçün yaratmaq və məhv etmək çıxış yoludurmu?
Əgər insan uzun əsrlər əvvəl bədənini dəyişmək, uzaqdan ünsiyyət qurmaq, təbiətə nəzarət etmək, göydə uçmaq, fikirləri oxumaq kimi istəklər üçün çalışırdısa və bu gün bunların hər birinə nail olubsa, niyə hər şeyə qadir olmaq arzusuna əks çıxa bilmir?
İnsan elmi təcrübə adı altında, əslində tanrı mərtəbəsinə yüksəlmək xəyalları üçün çalışır?
Şor suyu sutəmizləyici cihazlarla içməli su halına gətirən insan, dini kitablarda sadə insanların tanrıdan gözlədiklərindən daha yaxşı nəticə qazanır. Dua edib, göylərə üz tutub, bol məhsula ümid etmək yerinə, gübrələr, zərərvericilərə qarşı mübarizə, geni dəyişdirilmiş toxumlar vasitəsi ilə qısa zamanda uğur qazanırlar.
Ən qorxduğumuz hadisə – insanın robortların üsyanı ilə məhv edilməsi - bizim tədqiqatlarımızı, ilahilik iddiamızı dayandıra bilmir.
Smartfonların bizi idarə etməsi ilə ilk baxışda razılaşmayan önyarğımız özünü kənardan müşahidə etsə də, etməsə də, sonu görünməyən istəklərindən əl çəkə bilməyərək özünü məhv edəcəkmi?..
Görəsən, bu, doğrudanmı belə olacaq?
Tanrı iddiasında olan insan robotlar tərəfindən sonunu hazırlayacaq?..
Şərhlər