Azərbaycanda gənclər arasında mədəniyyət və incəsənətə maraq günü-gündən artsa da, bu marağı dəstəkləyən və ideya mübadiləsinə şərait yaradan məkanlar məhduddur.
Bu baxımdan, bir müddətdir ki, fəaliyyət göstərən "Emalartxana” icması diqqət çəkən təşəbbüslərdən biridir.
Qaynarinfo xəbər verir ki, müxtəlif sahələrdən olan sənətkarları bir araya gətirən bu platforma insanların yaradıcı potensialını üzə çıxarmağa xidmət edir.
İcmada hər bir üzvün şəxsi otağı və emalatxanası var. Layihənin müəllifi Toğrul Cəfərli bildirir ki, bu ideya üzərində universiteti bitirdikdən sonra işləməyə başlayıb:
"2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində oxuyurdum. Demək olar ki, hər dərsdə müxtəlif layihələr hazırlayırdım. Sonra bu məkanı tapdım. Həmin dövrdə araşdırma sahəm daha çox icmalar olduğu üçün ‘Emalartxana’nı da icma formatında yaratdıq”.
Toğrul Cəfərli 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) magistr pilləsinə qəbul olub və burada MBA (Biznesin idarə edilməsi) ixtisası üzrə təhsil alıb. Bundan əvvəl Litvada politologiya üzrə iki il təhsil alsa da, sonradan istiqamətini dəyişərək Vilnüsdə biznes menecmenti üzrə təhsilini davam etdirib. Hazırda o, eksperimental yanaşma ilə çalışan yaradıcı rəssam kimi fəaliyyət göstərir. Eskizsiz işləməyi üstün tutur, boya və kollaj vasitəsilə emosional, spontan ifadəni tarixi mövzularla birləşdirir.
Toğrul Cəfərli
Komandanın digər üzvləri də müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərir:
Höküməxanım İsmayılova icmanın meneceridir və işlərin sistemli idarə olunmasına cavabdehdir. O, nizamnaməni hazırlayıb, vəzifə bölgüsünü müəyyənləşdirib və strukturun işləkliyinə nəzarət edir.
Höküməxanım İsmayılova
Günay Bağırova platformanın inkişafı ilə məşğuldur. O, master-klassların təşkili, sərgilərin keçirilməsi və yeni əməkdaşlıqların qurulmasına cavabdehdir. Eyni zamanda teatr rəngkarlığını eksperimental üslubla birləşdirən multidisiplinar sənətçidir və əsərlərində fəlsəfi mövzulara üstünlük verir.
Günay Bağırova
Xəzər Barat icmanın baş rəssamıdır. O, sənət şöbəsinə rəhbərlik edir, təqdim olunan əsərləri analiz və qiymətləndirir. Yaradıcılığında real və şüuraltı motivləri klassik texnika ilə təsvir edir.
Xəzər Barat
Polad Ağayev videoqraf və sinematoqraf kimi icmada keçirilən tədbirlərin çəkilişlərini həyata keçirir.
Polad Ağayev
Çinarə Çi (Soltanova) isə icmanın yaranmasında fəal iştirak edib. O, ilk təhsilini Bakı Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı üzrə alıb, daha sonra ADMİU-da rəngkarlıq üzrə ikinci ixtisasına yiyələnib. Eksperimental üslubda çalışan rəssamın işləri əsasən emosional vəziyyətlər üzərində qurulub.
Çinarə Çi
Toğrul Cəfərliyə görə, "Emalartxana”nın əsas məqsədi insanlara yaradıcılıq prosesindən zövq alma imkanı yaratmaqdır. Bu məqsədlə hər həftəsonu müxtəlif təlimlər təşkil olunur:
"İnsanlar sosial şəbəkələrdə keçirdikləri vaxt nəticəsində itirdikləri emosional enerjini burada bərpa edirlər. Yaradıcılıq funksiyaları aktivləşir, gündəlik mühitdən uzaqlaşaraq özlərinə fokuslanırlar. Məsələn, kumihimo üzrə master-klass keçirmişdik. Bu, yapon toxuculuq sənətidir. İştirakçılar öz qolbaqlarını hazırlayırdılar”.
Bundan əlavə, müxtəlif naxış texnikaları ilə toxuculuq və illüstrasiya dərsləri də təşkil olunur. İllüstrasiya məşğələlərində iştirakçılar oxuduqları kitab və ya hekayələrdən seçdikləri obraz və ya hadisələri təsvir edir, bu isə mətni daha dərindən anlamağa kömək edir.
Azərbaycanda bu tip ustad dərsləri geniş yayılmasa da, "Emalartxana” bu sahədə yenilikçi təşəbbüs kimi çıxış edir. Platforma həm peşəkar, həm də həvəskar rəssamlar üçün açıqdır:
"Biz istəyirik ki, insanlar buraya gəlib ideyalarını bölüşsün, yaradıcılıqlarını inkişaf etdirsinlər. Lazım olduqda onlara material dəstəyi də göstəririk ki, evdə də sənətlə məşğul ola bilsinlər”.
İcmanın məqsədini Xəzər Barat belə ifadə edir:
"Əsas məqsədimiz incəsənət mühitinə yenilik gətirmək və sənətə yeni başlayan gənclər üçün əlverişli şərait yaratmaqdır”.
"Emalartxana” öz fəaliyyətini əsasən daxili resurslar hesabına davam etdirir. Əldə olunan gəlir yenidən məkanın inkişafına yönəldilir. Lakin köhnə bina olması səbəbindən təmir işləri xeyli çətinlik yaradıb:
"İstilik və elektrik sistemi yararsız vəziyyətdə idi. Bunları öz hesabımıza düzəltdik. İndiyə qədər sponsor dəstəyi almamışıq. Gəlirlərimiz xərclərdən az olsa da, fəaliyyətimizi davam etdiririk”, – deyə Toğrul Cəfərli bildirir.
Aprelin 18-19-da icma ilk qrup sərgisini təşkil edib. Sərgiyə ilk gündən böyük maraq olub. Birinci gün 200-dən çox ziyarətçi sərgiyə gəlib.
Tədbirdə Çinarə Çi (Soltanova), Pərviz Kazımlı, Billurə Ələkbərli, Aynur Aydın, Xəzər Barat, Toğrul Cəfərli və Günay Bağırovanın əsərləri nümayiş olunub.
Sərginin təşkili prosesi isə kifayət qədər çətin keçib. Günay Bağırova bu barədə deyir:
"İki gün demək olar ki, yatmadıq. Rəsmlərin asılması, DJ-in tapılması, işıqlandırma və təmizlik işlərini özümüz gördük. Açılışdan əvvəl isə məkan sahibi kirayə haqqını artırdı. Bu, bizi ruhdan salsa da, sərgini uğurla keçirdik”.
Xəzər Barat da əlavə edir ki, artan xərclər icmanın fəaliyyətini çətinləşdirir və hazırda yeni məkan axtarışı da gündəmdədir.
Toğrul Cəfərli bildirir ki, bu ideyanı ilk dəfə universitet illərində həyata keçirmək istəyib, lakin müxtəlif səbəblərlə dəstək ala bilməyib:
"Bu ideya çoxdan var idi. Universitetə təqdim etmişdim, hətta xarici nümunələr də göstərmişdim. Amma müxtəlif səbəblərlə təklifim qəbul olunmadı”.
Bütün çətinliklərə baxmayaraq, "Emalartxana” komandası fəaliyyətini davam etdirir və Azərbaycanda incəsənətin inkişafına töhfə verməyə çalışır. Onların qarşılaşdığı problemlər isə bir daha göstərir ki, gənc yaradıcı təşəbbüslərin daha çox dəstəyə ehtiyacı var. Bu kimi platformaların qorunması və inkişafı cəmiyyətin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.
Ağarza Hüseynov
Şərhlər