Xəbər lenti

Yardım aparıb, şəkil çəkənlər artistlik edir, bu, adamları sındırmaqdır... (SORĞU)
Ölkə 18:10 09.04.2020

Yardım aparıb, şəkil çəkənlər artistlik edir, bu, adamları sındırmaqdır... (SORĞU)

Neçə gündür ki, Azərbaycanın tanınan şəxsləri - deputatlar, icra hakimləri, bələdiyyələr, müxtəlif vəzifəli şəxslər, idmançılar, müxtəlif partiya üzvləri, o cümlədən baş redaktorlar imkansız şəxslərin qapısını döyüb, onlara yardım edir, yardım etdikləri ailələrin icazəsi oldu, olmadı evlərə girir, görüntülərini çəkib sosial şəbəkədə paylaşırlar. Bu isə cəmiyyətdə böyük narahatlığa səbəb olub. 
 
Qaynarinfo məsələylə bağlı sorğu aparıb. 

Milli Məclisin deputatı Etibar Əliyev: 

"Mən bu cür hadisələrin qəti tərəfdarı deyiləm. Çalışıram ki, belə məsələlər reklam olunmasın. Deputat, yaxud da imkanlı şəxslər tərəfindən maddi vəziyyəti yaxşı olmayan insanlara dəstək vermək hər kəsin borcudur. Bu, mentalitet məsələsidir. Bunu qabartmaq, üstəlik sosial şəbəkədə şəkil paylaşmaq isə yolverilməzdir. Özünün məqsədləri naminə bundan istifadə etməni doğru hesab etmirəm. Hər bir insanın funksiyası var. İnsanın kiməsə dəstək olmaq istəyi varsa, bu, reklam olunmamalıdır. Deputat kimi biz də proseslərə qoşulmuşuq. Amma biz bunu reklam etməməliyik. Deputatsansa, seçicin varsa və ona dar gündə əl tutursansa, onu reklam etməyi mənfi hal hesab edirəm".  

Milli Məclisin deputatı Erkin Qədirli: 

"Bu sual həmin adamların özünə verilməlidir. Mən onların şərhçisi deyiləm. Başqalarının hərəkətini şərh etmək istəmirəm. Sağ olsunlar ki, yenə heç olmasa kömək edirlər". 

"Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı: 

"Çox maraqlıdır, ailə tanımadığı adamları evinə niyə buraxır? Üstəlik evinə gələn və ilk dəfə gördüyü adamlarla niyə şəkil çəkdirir? Bu, medianın, yaxud da sosial şəbəkənin problemi deyil. Problem həmin adamlardadır. Avamdırlar, dünyadan başları çıxmır. Kimsə gəlib mənim şəklimi küçədən, yaxud da həyətdən çəkə bilməz. Şəkilləri çəkilənlər avamdırlar, dünyadan bixəbərdirlər. Ona görə də başlarına torbanı salıb oynadırlar. Günah həmin adamlardadır ki, onları evinə buraxır. Mən anlaya bilmirəm, küçədən evimə niyə adam buraxmalıyam ki, üstəlik gəlib şəklimi də çəksin. Yardım verir, çox yaxşı. Ev sahibi desin ki, şəklimi çəkmə. Yardım aparıb, şəkil çəkənlər artistlik edir. 3 manatlıq yardımın arxasında 5 manatlıq özünü reklam edir. Qoymasınlar, icazə verməsinlər onların şəklini çəkməyə. İkinci məsələ əgər yardım edirsənsə, şəkil niyə çəkirsən? Hər iki tərəfdə mən tərbiyəsizlik görürəm. Bir tərəfdə savadsızlıq, nadanlıq, bir tərəfdə tərbiyəsizlik. O ki qaldı evə ayaqqabılı girməyə normal ölkələrdə, sivil cəmiyyətlərdə  evə qonaq gələndə ayaqqabısını çıxartmırlar. Bu ancaq bizdədir". 
 
Yazıçı Mübariz Örən: 

"İmkansız ailələrə yardım edib sonra da onların şəkilini çəkib paylaşmaq utanverici bir hərəkətdir. Ağır vəziyyətdəyik, bütün ailələrdə problem yaranıb. Əhalinin çoxu evdədir. Onların bəziləri qazandığı gündəlik çörəkpulu ilə ailəsini dolandırırdı. İndi onlar işə çıxa bilmir, ehtiyac içinə düşüblər. Kimsə də belə ailələrə yardım edir, şəklini çəkir, sosial şəbəkədə paylaşır. Əgər sən kiməsə yardım edirsənsə, onun şəklini niyə çəkirsən? Bu gün də baxdım ki, biri 3 çörək verib, amma 3 saat siyasi platformasından danışır. Kömək mütləq lazımdır. İndi bu çətin vaxtlarda hamı gərək bir-birinə əl tutsun. Amma bunu reklam eləməsin. Kiminsə kiməsə çörək verib onu reklam etməsinə pis baxıram. Hərə bu reklamdan xeyir güdür. Bundan xeyir güdmək ən aşağı bir işdir. Əgər kiməsə böyük bir yardım edilsəydi, onun reklamına pis baxmazdım. Əllərində bir torba yardımı çəkib kimsə sındırmaq biabırçılıqdan başqa bir şey deyil". 
   
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->