Ölkə 15:10 02.06.2020

Yarımillik təhsil haqlarının ləğvini tələb edən tələbələr haqlıdırmı? – Təhsil eksperti

"Mövcud vəziyyətdə online dərslər və ona görə təhsil haqlarının tələb edilməsi tamamilə əsassızdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Bakıda "yay imtahanlarının və təhsil haqqının ləğvini" tələb edən bir qrup tələbənin etiraz aksiyasından danışarkən deyib.  Onun sözlərinə görə, matın 3-dən etibarən ali təhsil müəssisələrində ənənəvi dərslər dayandıqdan sonra alternativ təhsil alma forması ortaya çıxıb:

"Təəssüflər olsun ki, bəzi ali təhsil məssisələri bu istiqamətdə lazimi işləri görə bilmədilər. Bununla yanaşı, onlar tələbələrdən təhsil haqlarını tələb etdilər. Düzdür, hər iki tərəf istəyində haqlıdır. Deməli, pandemiyanın vurduğu zərərə görə, təhsil haqqı ödənişi dövlət tərəfindən ödəniləcək tələbə kateqoriyasına aid olan tələbələr var ki, onlar təhsil haqlarını ödəyiblər. Qərarda deyilir ki, həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Burada bir maraqlı nüans da var ki, hazırda 51 ali təhsil müəssisəsində təhsil alan 165 min tələbənin 60 faizi ödənişli əsaslarla təhsil alır və onların böyük əksəriyyəti qış sessiyasında iştirak etmək üçün təhsil haqlarının qalan hissəsini ödəyiblər. Baxmayaraq ki, hazırda ali və orta ixtisas təhsil müəssisələrində dərs yoxdur, amma tələbələr təhsil haqqını ödəyiblər. Deməli, dərs keçirilmədiyi üçün ödənilən təhsil haqları və ya onun müəyyən hissəsi geri qayıtmalıdır. Ali təhsil müəssisələri mövcud vəziyyətdə tələbələrə kifayət qədər ciddi güzəştlər ediblər. Onlara online dərslər tam şəkildə keçirilməsə belə, universitetlər tələbələrə imtahana giriş balları, imtahan sualları, kəsr fənləri ilə bağlı kifayət qədər ciddi güzəştlər ediblər”.

Kamran Əsədov qeyd edib ki, narazı tələbələri də anlamaq lazımdır: 

"Düzdür, indiki halda onlar sui-istifadəyə yol veriblər. Nəzərə alsaq ki, kifayət qədər ciddi güzəştlər edilib, amma buna baxmayaraq, online təhsilin hüquqi bazasının olmaması tələblərin iddialarına haqq verir. Yaxşı olar kı, Nazirlər Kabineti ali təhsil müəsissələri ilə bağlı vahid qərar qəbul etsin. Eyni zamanda distant, online təhsilin hüquqi bazasını formalaşdırsın. Mövcud vəziyyətdə online dərslər və ona görə təhsil haqlarının tələb edilməsi tamamilə əsassızdır”.
Qeyd edək ki, iyunun 1-də Bakıda "yay imtahanlarının və təhsil haqqının ləğvini" tələb edən bir qrup tələbə etiraz aksiyası keçirməyə cəhd edib. Aksiyaya qoşulan tələbələrdən bəziləri cərimə olunub, bir nəfər 15 sutka həbs edilib.

Bahar Rüstəmli