Aparılmış araşdırmalar nəticəsində vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemində sui-istifadə hallarına yol verildiyi müəyyən edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Qaynarinfo-ya verilən məlumata görə, bəzi vətəndaşların sistem vasitəsi ilə "3" kodu, yəni yaxın qohumunun dəfnində iştirak halı üzrə göndərilmiş müraciətlərinin bu hal üzrə deyil, digər, aidiyyəti olmayan məqsədlər üçün istifadə etdikləri müəyyənləşib:
"Bir daha xatırladırıq ki, "3" kodu yaxın qohumunun dəfnində iştirak üçün nəzərdə tutulub. Dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qadağan olunub. Vətəndaşlarımızı bu kimi hallara yol verməməyə çağırırıq. Əks halda bu hallar xüsusi karantin rejiminin tələblərinin pozulması deməkdir və hüquq mühafizə orqanları tərəfindən bununla bağlı ciddi məsuliyyət tədbirləri görüləcək”.
Şərhlər