Şahin Cəfərli

Blogger
Yazılar
12
Yəhudi Zelenski...

Yəhudi Zelenski...

Şahin Cəfərli

Rusiya son 5 ildə aramsız təbliğat apardı ki, Ukrayna millətçiləri faşistdir, Kiyevdə xunta rejimi bərqərar olub.

Amma bu gün yəhudi Zelenski Ukrayna millətçiliyinin mərkəzi olan qərb vilayətlərinin də böyük əksəriyyətində qalib gələrək dövlət başçısı seçildi. "Xunta" lideri isə rusiyalıların (və əksər postsovet xalqlarının) yuxuda belə görə bilməyəcəyi addımı ataraq rəqibinə telefon açıb, onu təbrik etdi və hakimiyyəti təhvil vermək üçün hazırlıqlara başladı. Təbii ki, dünyanın hər yerində olduğu kimi, Ukraynada da antisemit millətçilər var, amma onlar azlıqdır. Əgər faşizm axtarmaq lazımdırsa, Kremlin siyasətinə nəzər yetirmək daha doğru ünvan olar.

Ümumiyyətlə, qeyd etmək yerinə düşər ki, yəhudi mənşəli ukraynalılar ölkə siyasəti və biznesində çox aktivdir. Hazırda Ukraynanın baş naziri olan Qroysman, məşhur oliqarxlar Kolomoyski, Pinçuk və Boqolyubov, iş və idman dünyasının tanınmışları olan Surkis qardaşları, əsas rusiyayönümlü siyasi qüvvə olan "Müxalifətçi blok - Həyat uğrunda" Partiyasının lideri Vadim Rabinoviç də yəhudidir. Prezident Poroşenkonun, sabiq baş nazirlər Arseni Yatsenyuk və Yuliya Timoşenkonun da yəhudi qanı daşıdıqları iddiaları var.

Ukrayna (Rusiya imperiyası) torpaqlarından çox məşhur, hətta dünyanın gedişatına, insanlıq tarixinə mühüm təsirləri olan yəhudilər də çıxıb. Həvəsim olsa, bu barədə ayrıca yazaram.

OXŞAR XƏBƏRLƏR